A

Sentyabrın 15-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yeni tədris ilinə start verilib.

9 fakültədə 22 ixtisas üzrə kadr hazırlığını həyata keçirən regionun ən böyük iqtisadyönümlü universitetinə 2016/2017-ci tədris ilində 3256 bakalavr, 1166 magistr qəbul olub. Ötən illərlə müqayisədə ən yüksək bal toplayanların UNEC-ə qəbul sayında da ciddi irəliləyişə nail olunub. Belə ki, bu il imtahanlarda 600 və daha yüksək bal toplayan 291 nəfər UNEC-i seçib. Bu rəqəm 2014-2015-ci tədris ilində 93, 2013-2014-cü ildə isə 49 nəfər olub. Yeni tədris ilində UNEC-ə qəbul olanların arasında 6 nəfər Prezident təqaüdçüsü var.

“Bilik Günü”ndə birinci kurs tələbələri ilə görüşən fakültə dekanları onlara təhsillərində uğurlar arzulayaraq, tövsiyələrini veriblər və universitetdə tətbiq olunan yeniliklər barədə danışıblar. Tələbələrə bildirilib ki, yeni dərs ilində UNEC-in bütün tədris binalarında Elektron Universitet Modelinin tətbiqinə başlanılıb. Sistemin bazasına tələbələr, müəllimlər, məzun bazası haqqında məlumat, dərs cədvəlləri, fənn üzrə qruplar, fənlərin təqvim-tematik planları, tələbələrin fərdi tədris proqramı daxil edilib. Sistem daxilində müəllim və tələbələrin şəxsi kabineti, imtahan sistemi bölmələri də yaradılıb. Auditoriyalarda sistemə çıxışı olan elektron tribunalar quraşdırılıb. Müəllimlər elektron jurnal bölməsinə daxil olaraq tələbələrin dərsə davamiyyəti, seminar balları, dərslərin adı və digər qeydlərini elektron şəkildə daxil edəcəklər.

Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbələri yeni tədris ilindən həmin fakültədə tətbiq olunacaq “Tələbə-Mentor” sistemi haqqında məlumatlandırılıb. Qeyd edilib ki, fakültənin III kurs tələbələri arasından 12 mentor seçilib. I kursların hər qrupuna ixtisaslar üzrə 2 mentor təyin edilib. Mentorlar universitetə yeni daxil olan tələbələrə məsləhət dəstəyi verəcək, kurslar arasında inteqrasiyanı və şəbəkə münasibətlərini gücləndirəcəkdir. Görüşdə I kurs tələbələri öz mentorları ilə tanış olublar.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay