A

Oktyabrın 28-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi Şurasının iclası keçirilib.

Beynəlxalq Əlaqələr Departamentinin direktoru Anar Kazımov UNEC-in beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyəti haqqında hesabatla çıxış edib.

Bildirib ki, 2015/16-cı tədris ili ərzində UNEC-in beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində bir sıra əhəmiyyətli işlər görülüb: “UNEC-in ilk dəfə olaraq dünya universitetlərinin nüfuzlu reytinqlərində iştirakı təmin olunub, dünyanın qabaqcıl təhsil müəssisələri ilə əlaqələrin qurulması və möhkəmləndirilməsi, müəllim-tələbə mobilliyinin təşkil olunması istiqamətlərində mühüm nəticələr əldə olunub. UNEC QS reytinq agentliyinin İnkişaf Etməkdə olan Avropa və Mərkəzi Asiya Universitetlərinin reytinqində sırf iqtisadyönümlü 4-cü universiteti olmaqla, regionun ən yaxşı 200 universiteti arasında qərarlaşıb”.A.Kazımov beynəlxalq əməkdaşlıq sahəsində yeni razılaşmalardan söz açaraq 2015-ci ilin ikinci yarım ilində Türkiyənin Orta Doğu Teknik Universiteti, Hacettepe, Qazi, Bilkənt, TOBB ETÜ Universitetləri ilə əməkdaşlıq müqavilələri imzalandığını bildirib. 2016-cı ildə imzalanan əməkdaşlıq müqavilələri sırasında isə Səlcuk Universiteti, Cenevrə Biznes Məktəbi, Qorqud Ata Dövlət Qızılorda Universiteti və Çinin Lanzhou Universiteti var.

Departament direktoru ikili diplom proqramları barəsində də danışıb: “UNEC ilə Montpellier Universiteti arasında ikili diplom razılaşma əldə edilib və proqram çərçivəsində beş tələbə artıq Montpellier Universitetində təhsil almaqdadırlar. London Universiteti/London İqtisad Məktəbi ilə ötən il imzalanan ikili diplom proqramı bu ildə davam etmirilir. Proqram üzrə səkkiz tələbə təhsil alır. MBA proqramı üzrə İsveçrə Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (UBİS) ilə proqramda isə 19 nəfər təhsil alıb. Eyni zamanda UNEC tələbələri İstanbul Universiteti ilə də ikili diplom proqramından faydalanırlar.

Magistratura pilləsində Türkiyənin Süleyman Dəmirəl Universiteti ilə ikili diplom proqramını əhatə edən razılaşma hazırlanıb. Proqram Türkiyənin Ali Təhsil Şurası (YÖK) tərəfindən təsdiqləndikdən sonra fəaliyyətə başlayacaq. Eyni zamanda, dünyanın nüfuzlu ali təhsil müəssisələrindən olan Birləşmiş Krallığın Koventri Universiteti ilə də MBA təhsili üzrə ikili diplom proqramı üçün razılıq əldə olunub.

A.Kazımov həyata keçirilən layihələrdən, mübadilə proqramlarından, beynəlxalq təşkilat və qurumlara üzvlüklərdən söz açıb, əcnəbi tələbələrin qəbulu barədə məlumat verib. Bildirib ki, 2016/2017-ci tədris ilində UNEC-ə 53 əcnəbi tələbə qəbul olunub.Departament direktoru tələbə mübadilə proqramının əsasnaməsinin hazırlanmasını təklif edib.

Müzakirələrdə tədqiqat qrantlarının UNEC-ə cəlb edilməsi sahəsində müvafiq işlərin görülməsi tövsiyə edilib. UNEC-in beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyəti haqqında hesabat yüksək qiymətləndirilərək, müsbət qəbul edilib.Sonra Şura üzvlərinə 2016/17-ci tədris ilində UNEC-ə qəbul olan tələbələr arasında prezident təqaüdünə layiq görülən tələbələr barədə məlumat verilib. Bildirilib ki, UNEC tarixində ilk dəfə olaraq prezident təqaüdünə altı tələbə layiq görülüb. Dekanlara ayda bir dəfə prezident təqaüdçüləri ilə görüş keçirilməsi, Marketinq və Kommunikasiya Departamentinə isə onlar haqqında qısa filmlərin hazırlanması tapşırılıb.

Ölkədə qeyri-neft ixracının artırılmasının prioritet olduğu bildirilərək, UNEC-in təhsil ixracına diqqət yönəldilib. Bildirilib ki, UNEC müvafiq proqramlar çərçivəsində Yunanıstan və Rusiyaya 200 min ABŞ dolları dəyərində təhsil ixracı həyata keçirir. Bu isiqamətdə işlərin daha da gücləndiriləcəyi qeyd edilib.

Elmi Şurada bildirilib ki, UNEC tələbələri vasitəsi ilə Qarabağ həqiqətlərindən bəhs edən fransızca kitablar Fransanın Montpellier Universitetinin kitabxanasına təqdim ediləcək.

Şurada müəllimlər üçün “Qış məktəbi” təşkil olunacağı da qeyd edilib. UNEC-in Quba tədris, idman və istirahət kompleksində təşkil ediləcək təlimlərdə yüzə qədər müəllim iştirak edəcək. Xarici mütəxəssislər tərəfindən keçirilən təlimlərin əsas mövzusu mühazirə, test və sınaq suallarının tərtibi qaydaları olacaq.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR