A

Noyabrın 11-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Konstitusiya Günü ilə bağlı maarifləndirici tədbirlər keçirilib.

Azərbaycan Respublikasının dövlət himni ilə başlayan tədbiri giriş sözü ilə açan UNEC-in tələbələrlə iş üzrə prorektoru Səadət Qəndilova müəllim və tələbələri Konstitusiya Günü münasibətilə təbrik edib. İştirakçılara bu günün yaranma tarixi barədə məlumat verən  S.Qəndilova  bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yarandı. Ulu Öndər Heydər Əliyev başda olmaqla, xüsusi komissiya yaradılaraq, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verildi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu.

Sonra “İqtisadi hüquq” kafedrasının müəllimi Sadiq Qurbanov tələbələrə Konstitusiyanın mahiyyətini açıqlayaraq, hüquqi əsasları barədə məlumat verib. Bildirib ki, Konstitusiya ölkədə siyasi sabitliyin, ictimai sülhün və milli barışığın qarantı kimi çıxış edir, hüquqi-siyasi münasibətlər sisteminə və hüquq düşüncəsinə əhəmiyyətli təsir göstərir.

İqtisadiyyat fakültəsinin TGT sədri Zaur Musazadə də Konstitusiya günü ilə bağlı məruzə ilə çıxış edib.

Konstitusiya Gününə həsr olunan digər tədbir Maliyyə və Mühasibat fakültəsi və Distant, qiyabi və əlavə təhsil mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib. Fakültə dekanı Gəray Musayev Konstitusiyanın hazırlanması və qəbulunda Ulu Öndər Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən danışıb.

Distant, qiyabi və əlavə təhsil mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev isə tələbələrə Azərbaycanın Əsas Qanununun müddəaları barədə məlumat verib. Qeyd edib ki, azad cəmiyyətin aparıcı qüvvəsi olan insan amili ölkə Konstitusiyasının diqqət mərkəzində durur. Bu baxımdan əgər Konstitusiyada dövlət, ictimai və vətəndaş maraqları arasında tarazlığa riayət olunursa, insan hüquqlarına və azadlıqlarına  hörmətlə yanaşılır və onların müdafiəsinə təminat verilirsə, belə Konstitusiya bütövlükdə cəmiyyətin və insanların inkişafına xidmət etmiş olur.

UNEC-in Zaqatala filialında da müəllim və tələbələrin iştirakı ilə “Konstitusiya cəmiyyətin demokratik dəyəridir” mövzusunda tədbir keçirilib. Universitetin direktoru, professor Orucəli Rzayev Konstitusiya günü münasibətilə müəllim və tələbələri təbrik etdikdən sonra Ümumfənlər kafedrasının dosenti Camal Arıxov “Hüquqi və siyasi sistemin təməli”, baş müəllim Bahar İsmayılova “12 noyabr – Konstitusiya günü” mövzusunda çıxış ediblər. Sonra Konstitusiya gününə həsr olunan video-çarx nümayiş etdirilib.

Tədbir tələbələrinin hazırladığı “Müstəqil Azərbaycanım” adlı ədəbi-bədii kompozisiya ilə sona çatıb.

 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR