A

UNEC-in Maliyyə və mühasibat fakültəsinin professor-müəllim heyəti və tələbələrinin iştirakı ilə “Xocalı soyqırımı”nın ildönümünə həsr olunan tədbir keçirilib.

Xocalı faciəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tələbələrin soyqırımla bağlı hazırladıqları videoçarx nümayiş olunub.

Fakültə dekanı Gəray Musayev Xocalı soyqırımının erməni millətçilərinin xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifəsindən olduğunu bildirib. Qeyd edib ki, Prezident İlham Əliyev Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırım kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Eləcə də Heydər Əliyev Fondunun vitse Prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət!" beynəlxalq kampaniyası bu istiqamətdə çox uğurlu layihələr həyata keçirir. Dünyanın əksər ölkələrində Xocalı faciəsi qurbanlarının anım mərasimləri qeyd olunur. “Humanitar fənlər” kafedrasının professoru Məhəbbət Paşayeva,“Nəzəri və praktiki iqtisadiyyat” kafedrasının müdiri, professor Ümidvar Əliyev“Maliyyə və maliyyə institutları” kafedrasının dosenti, Zöhrab Paşayev“Xarici dillər” kafedrasının baş müəllimi Dürdanə Vəkilova Xocalı hadisəsinin baş vermə səbəbləri və törətdiyi nəticələri barədə danışıblar.

Rus İqtisadiyyat Məktəbində (RİM) təşkil edilən “Conversation club” da  Xocalı faciəsinə həsr olunub. Klubun rəhbəri Vüsal Abasov “Gənclərin “Xocalıya ədalət!” beynəlxalq kampaniyasında və həqiqətlərin təbliğındə rolu” mövzusu ilə tələbələrə müraciət edib. İngilis dilində aparılan müzakirələrdə tələbələr fikirlərini bölüşüblər.

RİM-in direktoru, dosent Mənsur Bərxudarov Xocalı soyqırımı, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gənclərə yaxından iştirak etməyi tövsiyə edib. Bildirib ki, Azərbaycan gəncliyinin önündə duran əsas vəzifə onların öz inkişafını təmin etmək və dövlətimizin mənafeyini etibarlı şəkildə müdafiə etmək üçün qətiyyətlə çalışmaqdır.

“Conversation club”un iştirakçıları Heydər Əliyev Fondunun Xocalı soyqırımı barədə hazırladığı sənədli filmi izləyiblər.

UNEC nəzdində Maliyyə İqtisad Kollecində də Xocalı soyqırımı qurbanları anılıb. Kollecin direktoru  Həmzə Ziyadov bildirib ki, Xocalı soyqırımı ermənilər tərəfindən planlı şəkildə həyata keçirilib. Günahsız sakinlər azərbaycanlı mənsubiyyətinə görə qətlə yetirilib, misli görünməyən işgəncələrə məruz qalıblar. Heç kimə aman verilməyib. Xocalı soyqırımının, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının beynəlxalq ictimaiyyətə çatdırılması, bu soyqırımı törədənlərin layiqli cəzasını alması üçün gəncləri xüsusi fəallıq nümayiş etdirməyə çağırıb.

Kollecin tələbələri “Xocalı fəryadı” adlı bədii kompozisiya ilə çıxış ediblər. Sonda isə UNEC-inYaradıcılıq Mərkəzininrəhbəri Elman Cəfərovun quruluşçu rejissorluğu ilə hazırlanan “Ruhum Qarabağlıdır” sənədli filmi nümayiş etdirilib.

UNEC-in Yaradıcılıq Mərkəzinin üzvləri arasında “Xocalı həftəsi”nə həsr olunan şeir müsabiqəsi keçirilib.Müsabiqə zamanı tələbələr Azərbaycanın tanınmış şairləri ilə yanaşı, özlərinin müəllifi olduqları şeirləri də səsləndiriblər.

Qaliblər xalq artisti Nurəddin Mehixanlı, “Ulduz” jurnalının nəsr və poeziya şöbəsinin redaktoru Vüsal Nuru, Gənc Tamaşaçılar Teatrının aktyoru Vahid Orucoğlu, UNEC-in Yaradıcılıq Mərkəzinin bədii rəhbəri Əfsanə Məmmədovanın təmsil olunduğu münsiflər heyəti tərəfindən müəyyən ediliblər.

Beynəlxalq İqtisadiyyat Məktəbinin 1-ci kurs tələbəsi İlham Quliyev Xəlil Rza Ulutürkün “Nifrət məktəbi yarat” şeiri ilə müsabiqənin qalibi olub. SABAH qrupunun 4-cü kurs tələbəsi Günay Qarayeva Bəxtiyar Bahabzadənin “Anam öldümü?” şeiri ilə 2-ci yerin, Maliyyə və mühasibat fakültəsinin 1-ci kurs tələbəsi Təranə Quliyeva isə Zəlimxan Yaqubun “Xocalı, ay Xocalı” şeiri ilə 3-cü yerin qalibi olub.

Qaliblərə diplomlar, iştirakçılara isə sertifikatlar təqdim ediləcək.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR