A

Fevralın 28-də UNEC Elmi Şurasının növbəti iclası keçirilib.

UNEC-in rektoru, professor Ədalət Muradov Azərbaycan dövlətinin idarə olunmasında mühüm hadisə baş verdiyini bildirib: “Ölkə Prezidentinin Sərəncamı ilə Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilib. Mehriban xanım prezidentin ən yaxın silahdaşı olmaqla, dövlətçiliyin möhkəmlənməsində, elm və təhsilin, mədəniyyətin, səhiyyənin, idmanın inkişafında xüsusi xidmətlərə malikdir. Əminəm ki, bundan sonra da Mehriban xanım ölkə başçısı, cənab İlham Əliyevin siyasətinin ən böyük dəstəkçisi olacaq, ölkəmiz bundan sonra yeni-yeni uğurlara imza atacaq. UNEC ailəsi olaraq, bu şərəfli və məsuliyyətli vəzifədə Mehriban xanıma uğurlar və nailiyyətlər arzulayırıq”

.Tədrisin keyfiyyətinin qiymətləndirilməsi və idarəedilməsi mərkəzinin (TKQİM) direktoru, dosent Raqif Qasımov 2016/17-ci tədris ilinin bakalavr və magistratura pilləsi üzrə qış imtahan sessiyasının nəticələri haqqında məruzə ilə çıxış edib. Bildirib ki, yeni tədris ilindən UNEC-in “İnnovasiya və telekommunikasiya” şöbəsinin bazasında “İmtahanların təşkili” şöbəsi yaradılıb. SABAH Mərkəzi və Beynəlxalq İqtisadiyyat Məktəbində imtahanlar mərkəzi qaydada təşkil olunub. İmtahanların təşkili və apellyasiya prosesi fakültələrə ötürülüb. R.Qasımov Distant, qiyabi və əlavə təhsil mərkəzində imtahanların yeni qaydalar əsasında aparıldığını vurğulayıb. Mərkəzin direktoru UNEC-in Zaqatala filialı və Maliyyə-İqtisad Kollecində təşkil edilən qış imtahan sessiyasının nəticələri barədə də hesabat verib.

Şura üzvlərinin qərarı ilə UNEC Biznes Məktəbinin strukturunda da dəyişikliklər edilib. Belə ki, məktəbin nəzdində “İqtisadiyyat və biznesin idarəedilməsi” kafedrası və imtahan mərkəzinin yaradılması barədə qərar qəbul edilib. Bundan başqa, Rus İqtisadiyyat Məktəbinin nəzdində “İqtisadiyyat”, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin nəzdində isə “İqtisadiyyat və idarəetmə” kafedraları yaradılıb.

Elmi Şurada “UNEC-in Fəxri professoru” adının verilməsi haqqında əsasnamə təsdiq edilib. Sənədə görə, “UNEC-in Fəxri professoru” adı rəhbər və ya elmi-pedoqoji işçi olan, yüksək ixtisaslı mütəxəssis hazırlığında, universitetin elmi-metodiki, tədris və təlim bazasının inkişaf etdirilməsində və yeni texnologiyaların həyata keçirilməsində xüsusi xidmət göstərən mütəxəssislərə veriləcək. Eyni zamanda, ölkənin digər ali məktəblərinin əməkdaşları, dövlət qurumlarında çalışan görkəmli mütəxəssislər və xarici vətəndaşlar da bu ada layiq görülə bilərlər. “UNEC-in Fəxri professoru” adı elmlər doktoru və ya fəlsəfə doktoru (elmlər namizədi) dərəcəsi, azı 15 il elmi-pedaqoji iş stajı, çap olunmuş elmi və metodiki işləri və yaşı 70-dən yuxarı olan əməkdaşlara da şamil edilə biləcək.

Sonra Elmi Şuranın qərarı ilə UNEC-in Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı kafedrasının müdiri, dosent Validə Mehdiyeva, Əməyin iqtisadiyyatı və təşkili kafedrasının dosenti Elmira Əzizova, Maliyyə və maliyyə institutları kafedrasının dosenti Rafiq Bəşirov, İnformasiya iqtisadiyyatı və texnologiyaları kafedrasının dosenti Vaqif İbrahimova “UNEC-in Fəxri Professoru” adı verilib. Bildirilib ki, inzibati heyətin yaşı 70-i keçmiş əməkdaşları könüllü təqaüdə çıxdıqları halda, altı aylıq əməkhaqlarını öncədən ala biləcəklər.

Tədrisin təşkili və metodiki təminat mərkəzinin direktoru Eldar Azadov kredit sistemi, fənlərin uyğunlaşdırılması və tədris prosesinin təkmilləşdirilməsi ilə bağlı təkliflərlə çıxış edib. Təkliflər şura üzvlərinin səsverməsindən sonra qəbul edilib.

UNEC-də Himayədarlar Şurasının yaradılmasına qərar verilib. Bildirilib ki, Şurada cəmiyyətin nüfuzlu simaları təmsil olunacaq.

Şurada təklif edilib ki, Beynəlxalq Əlaqələr Departamentinin adı Beynəlxalq Əməkdaşlıq Departamenti ilə əvəzlənsin. Departamentin yeni əsasnaməsi və strukturu beynəlxalq əməkdaşlıq istiqamətində qarşıda duran əsas prioritetlərə uyğunlaşdırılsın. Departamentin nəzdində şöbələr yaradılsın. Təklif səsə  qoyularaq, qəbul edilib.Azərbaycanlıların daha sıx məskunlaşdığı ölkələrdən Rusiya və Ukraynada UNEC-ə qəbul ofisinin yaradılacağı bildirilib. Ofis UNEC-ə bu ölkələrdə yaşayan azərbaycanlı tələbələrin cəlb edilməsini təmin edəcək. Gələcəkdə ofisin Avropa ölkələrində də açılmağı nəzərdə tutulub.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR