A

Bu gün Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümüdür.

Bu münasibətlə UNEC-də ilk dərslər Ulu öndərə həsr olunub. Professor və müəllim heyəti tələbələrə dahi şəxsiyyətin həyat və fəaliyyəti barədə ətraflı məlumat verib.

UNEC-in professor, müəllim və tələbə heyəti, o cümlədən əməkdaşları Fəxri xiyabanda Ulu öndərin məzarını ziyarət ediblər. UNEC kollektivi Ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyaraq, onun xatirəsini ehtiramla yad ediblər.

Dahi şəxsiyyətin doğum günü münasibəti ilə UNEC-də tələbə elmi konfransları, müsabiqə, idman yarışları və digər tədbirlər də keçirilib.

Rus İqtisadiyyat Məktəbində təşkil edilən tələbə elmi-praktiki konfransının mövzusu “Azərbaycan iqtisadiyyatının struktur dəyişiklikləri strateji yol xəritəsinin reallaşdırılması kontekstində” olub. Tədbirə UNEC-in professor-müəllim heyəti və tələbələri ilə yanaşı, Bakı Dövlət Universiteti, Memarlıq və İnşaat Universiteti, SOCAR, Qazpromneft, Dağıstan Dövlət Universitetinin nümayəndələri, eyni zamanda biznes strukturlarının təmsilçiləri də qatılıblar.

Rus İqtisadiyyat Məktəbinin direktoru, dosent Mənsur Bərxudarov Ulu öndər Heydər Əliyevin iqtisadi strategiyasından, Strateji Yol Xətirəsinin başlıca istiqamətləri haqqında məlumat verib. Tədbir iştirakçıları belə tədbirlərin tələbələrin elmi bilik və vərdişlərinin artırılmasında, inkişaf ındakı mühüm rolundan danışıblar.

Plenar çıxışlardan sonra konfrans seksiyalarda davam edib. İki gün davam edən konfransın qaliblərinə diplom və sertifikatlarla təltif edilib.

“Yeni inkişaf mərhələsində milli iqtisadiyyatın dayanıqlığının təmin edilməsi: problemlər və perspektivlər” mövzusunda tələbə elmi konfransında ADA Universiteti, Bakı Biznes Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Lənkaran Dövlət Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Texnologiya Univesiteti, Bakı Avrasiya Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti ilə yanaşı UNEC-in Zaqatala filialının müəllim tələbə heyəti də iştirak edib.

Öz işini altı bölmədə davam etdirən konfransda “Biznesin inkişaf problemləri”, “istehlak mallarının istehsalına dair strateji yol xəritəsi: istehlak təhlükəsizliyi əsas meyar kimi”, “Maliyyə dayanıqlığının təmin olunması”, “Türk dilli ölkələrin iqtisadi inteqrasiyası”, “Qeyri-neft sektorunun inkişafında standartlar, strategiyalar və təcrübələr”, “Qloballaşma şəraitində iqtisadi inkişaf” mövzuları üzrə məruzələr dinlənilib.

Texnologiya və dizayn fakültəsinin dizayn ixtisasında təhsil alan tələbələr arasında “Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda rəsm müsabiqəsi keçirilib. Fakültənin dekanı, professor Vəkil Hüseynov, “Dizayn” kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Lalə Məmmədova və kafedranın professor-müəllim heyətindən ibarət münsiflər heyyəti tələbələrin əl işlərinə baxış keçiriblər. IV kurs tələbəsi Vüsalə Qurbanzadənin rəsm əsəri I yerə layiq görülüb. III kurs tələbələri Aytac Süleymanova ilə Ülkər Dаdаşоvа II yerin qalibi adını qazanıblar. III yerdə isə III kursun tələbələri Lala Orucova, Safura İsfəndiyаrlı və Ebru Həsənоvа qərarlaşıb.

Professor-müəllim heyəti arasında keçirilən şahmat yarışlarında Qəzənfər Cəfərov qalib gəlib. Eldar Əmirov II, Əkbər Kərimov isə III yerə layiq görülüb.

UNEC-in professor-müəllim heyəti və tələbələrinin Heydər Əliyev Mərkəzinə ekskursiyaları da təşkil edilib. Tələbələrə Heydər Əliyev Mərkəzi barədə ətraflı məlumat verilərək bildirilib ki, mərkəz müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin, ulu öndərin irsinin dərindən öyrənilməsi və tədqiqi istiqamətində fəaliyyət göstərir. Həmçinin mərkəz Azərbaycan tarixinin, dilinin, mədəniyyətinin və digər milli sərvətlərinin beynəlxalq aləmdə tanıdılması və təbliği, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına xidmət edən layihələr həyata keçirir. Ziyarətçilər Heydər Əliyev Mərkəzindən zəngin təəssüratlarla ayrılıblar.

Əmtəəşünaslıq fakültəsində Ümummilli liderə həsr edilən tələbə elmi konfransı keçirilib. Konfrans “Yeni inkişaf mərhələsində milli iqtisadiyyatın dayanıqlığının təmin edilməsi: problemlər və perspektivlər” mövzusunda təşkil olunub. Konfransın bölmə iclasında “İstehlak mallarının istehsalına dair strateji yol xəritəsi: istehlak təhlükəsizliyi əsas meyar kimi” istiqaməti üzrə tələbələrin məruzələri dinlənilib. 

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay