A

“Ali təhsil sisteminin Avropa ali təhsil məkanının tələblərinə daha da uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək göstərilməsi” (EHEA) Tvinninq layihəsi çərçivəsində beynəlxalq qiymətləndirmə qrupu UNEC-də olub.

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihənin əsas tərəfdaşları Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Finlandiya Təhsilin Qiymətləndirilməsi Mərkəzi (FİNEEC) və Estoniyanın Ali və Peşə Təhsilində Keyfiyyətin Təminatı üzrə Agentliyidir (EKKA).UNEC-in rektoru, professor Ədalət Muradov 2015-ci ildən başlanan Tvinninq layihəsinin Avropa Ali Təhsil Məkanına inteqrasiya etməklə Azərbaycanın ali təhsil sisteminin daha da inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.FİNEEC-in müdiri Dr.Helka Kekelainen bildirib ki, layihənin məqsədi Avropa Ali Təhsil Məkanına inteqrasiya etməklə Azərbaycanın ali təhsil sisteminin daha da inkişaf etdirilməsidir. EKKA-nın müdiri Dr.Heli Mattisen yeni akkreditasiya qaydalarının tətbiqi ilə əlaqədar pilot universitetlərdən biri kimi seçilən UNEC-də həyata keçirilən qiymətləndirilmə zamanı işçi qrupuna yaradılan şərait üçün təşəkkürünü bildirib.Sonra Tvinninq işçi qrupunun üzvü Anar Nağıyev “İnstitusional pilot qiymətləndirmə üzrə qiymətləndirmə hesabatı”nı təqdim edib. Bildirib ki, qiymətləndirmə strateji planlaşdırma, idarəetmə, insan resursları, təhsil proqramları, tədqiqat fəaliyyəti, eləcə də tədris və təlim resursları sahəsində aparılıb. Beynəlxalq və yerli ekspertlərin qənaətinə görə universitet rəhbərliyi UNEC-in strateji seçimləri baxımından nəyə və nə üçün nail olmaq istədikləri barədə aydın hədəfə və realistik yanaşmaya malikdir. Universitet rəhbərliyində dərin strateji düşüncə mövcuddur. Ekspertlər beynəlxalq və regional təşkilatlara və assosiasiyalara üzvlüyü yüksək qiymətləndirib, yeni beynəlxalq tərəfdaşlar tapmaq istiqamətində fəal çalışması, tələbələrə bir çox mübadilə imkanları təqdim etməsini UNEC-in milli kontekstdə güclü tərəfi adlandırıblar. Eyni zamanda, yüksək ixtisaslı və peşəkar işçi heyətinin olması da UNEC-in üstünlüyü kimi dəyərləndirilib: “İşçi heyətin əksəriyyəti UNEC-də təhsilin keyfiyyətinin artırılmasını istəyir və bu, universitetə dünya səviyyəli universitet olmaq hədəfinə nail olmağa yardım edəcək əsas faktordur”.

UNEC-də uğurla tətbiq olunan Diferensial Əmək haqqı Sistemi, Elektron Universitet Modeli, e-kitabxana, tədris və təlim prosesində maksimum şəffaflığı təmin etmək məqsədi ekspert qrupunun alqışladığı öncül təcrübə kimi təqdim edilib. Xüsusi vurğulanıb ki, UNEC tədris-köməkçi heyətin rolunu inzibati yardım təminatından tədrisin dəstəklənməsinə transformasiya edən ilk Azərbaycan universitetlərindəndir.

Qiymətləndirmə hesabatında ekspertərin tövsiyələri də yer alıb. Onlar UNEC-ə tədris materiallarının aktuallığını önə çəkməyi və müasir texniki resursları, tədris və təlim prosesində texniki avadanlıqlardan səmərəli istifadəni təkmilləşdirməyi tövsiyə ediblər. UNEC beynəlxalq cəhətdən rəqabətə davamlı elmi tədqiqata töhfə verən strategiya formalaşdırmalı və elmi tədqiqatın keyfiyyətini təmin edəcək prosedurlar tətbiq etməlidir. Tədqiqat yönümlü universitet olmaq hədəfinə nail olmaq üçün maliyyə resurslarını təmin etmək zəruridir. Eyni zamanda, tələbələrə tədqiqat metodologiyaları və bacarıqları üzrə kurslar və təlimlər keçirilməlidir.Ümumilikdə UNEC-də yeddi kriteriya üzrə aparılan qiymətləndirmədə universitetin tələblərə tam cavab vermədiyi bənd olmadığı bildirilərək, dünya səviyyəli universitet olmaq istiqamətində həyata keçirilən layihələr yüksək qiymətləndirilib. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay