A

"Xalq qəzeti"

Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan reytinqdə daha iki pillə yüksələrək 35-ci yerdə qərarlaşıb. Reytinqdə, eyni zamanda, Azərbaycan dünya ölkələrinin hər dördündən üçünü geridə qoyaraq MDB-də liderliyini qoruyub. Hesabatda qeyd edilir ki, dördüncü sənaye inqilabı innovasiya sahəsində Azərbaycan mövqelərini gücləndirib və 33-cü pilləyə yüksəlib. Xüsusilə, yüksək texnologiyalar sahəsində hökumət tədarükü elementi üzrə Azərbaycan 14-cü yerdə qərarlaşıb və Honq Konq, Niderland, Norveç və Böyük Britaniya kimi ölkələri geridə buraxıb. Bununla bağlı Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Vəkil Hüseynov öz fikirlərini oxucularımızla bölüşüb:

-Azərbaycanın mövqeyinin dünyanın ən mötəbər reytinqində irəliləməsi bilavasitə Prezident İlham Əliyev tərəfindən aparılan kompleks iqtisadi islahatlar siyasətinə beynəlxalq ictimaiyyət tərəfindən verilən yüksək qiymətdir. Xüsusilə vurğulanmalıdır ki, cənab dövlət başçımızın müvafiq fərmanı ilə təsdiq edilən sənayenin inkişafına dair Strateji Yol Xəritəsinin reallaşdırılması da qeyri-neft sektorunun, eləcə də sənayenin inkişafına təkan verib. Xatırladım ki, adı çəkilən xəritə qeyri-neft sektorunda müşahidə edilən proseslərə çevik adaptasiya, habelə postneft iqtisadi inkişaf modelinin dəstəklənməsi üçün sənayenin qarşısında duran yeni çağırışlar və imkanlar nəzərə alınmaqla hazırlanıb. Bu zaman ağır sənaye və maşınqayırmanın rəqabətqabiliyyətliliyi, innovativliyi və iqtisadi inkişafı dəstəkləməsi prinsipləri diqqət mərkəzində saxlanılıb.

Ötən dövr ərzində neft-qaz sektorundan əldə edilən gəlirlərin bir hissəsi sənayenin müxtəlif sahələrinin inkişafına yönəldilib, regionlarda sənaye strukturunun optimallaşdırılması üçün dövlət proqramları tərtib olunub, ümumi infrastrukturun yaxşılaşdırılması, yeni istehsal obyektlərinin açılması üçün çoxsaylı layihələr icra edilib. Sənayenin inkişafında ölkədə yaradılan əlverişli biznes mühitinin, həmçinin sahibkarlığın tənzimlənməsi sahəsində mühüm qərarların da böyük rolu olub. Sənaye strukturunda tədricən optimallaşdırma prosesləri gedib, mədənçıxarma sektorunun payı azalıb, emal sektorunun payı isə artıb.

Son illərdə həyata keçirilən sənayeləşmə siyasətinə uyğun olaraq, yüzlərlə müasir sənaye müəssisəsi fəaliyyətə başlayıb, ölkəmizdə yeni sənaye sahələri yaradılıb, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, ixracın həcmi yüksəlib. Müasir texnologiyalara və qabaqcıl təcrübəyə əsaslanan sənaye müəssisələrində tullantıların təkrar emalı kimi yeni sahələr inkişaf etdirilməklə, xammal idxalından asılılıq azaldılıb, resurslara və enerjiyə qənaət olunub ki, bu da ölkədə “yaşıl iqtisadiyyat”ın yüksəlişinə geniş imkan yaradıb.

Sənayeyə dair Strateji Yol Xəritəsində bildirilir ki, əsas müddəaları ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən sosial-iqtisadi siyasətin həyata keçirilməsi nəticəsində ölkə iqtisadiyyatı son on ildə sürətlə inkişaf edib, iqtisadiyyatın diversifikasiyası neft amilindən asılılığı azaldıb, iqtisadi artımda qeyri-neft sektorunun payı yüksəlib. 2008-ci ildən başlayaraq dünyada gedən iqtisadi proseslər yerli müəssisələrin rəqabət qabiliyyətini artırmaq, idxaldan asılılığı azaltmaq, ixracyönümlü qeyri-neft iqtisadiyyatının dinamik inkişafını və insan kapitalından səmərəli istifadəni gerçəkləşdirmək istiqamətində islahatların daha da dərinləşdirilməsini zəruri edib. Bununla əlaqədar, iqtisadiyyatın prioritet sektorlarının, beynəlxalq məsləhətçilər də cəlb olunmaqla, hərtərəfli təhlili nəticəsində sahəvi yanaşmanın tətbiqi və müvafiq sahələr üzrə spesifik təkliflərin hazırlanması üçün ardıcıl işlər görülüb.

Onu da deyək ki, sənayeyə dair Strateji Yol Xəritəsinin başlıca məqsədi ağır sənaye və maşınqayırma sahəsində əlavə dəyərin və məşğulluğun artırılmasına, ətraf mühitin qorunmasına və nəticədə dayanıqlı iqtisadi inkişafa nail olmaqdan, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasını təmin etməkdən ibarətdir. Bu məqsədə çatmaq üçün milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsinin başlıca istiqamətləri rəhbər tutulmaqla, 2016–2020-ci illər ərzində Azərbaycanda ağır sənaye və maşınqayırma sahəsində mövcud müəssisələrin optimallaşdırılması, rəqabətədavamlı sektorun yaradılması, maliyyə dəstəyinin təmin edilməsi və beynəlxalq əməkdaşlığın həyata keçirilməsi kimi strateji hədəflər müəyyənləşdirilib.

Strateji Yol Xəritəsinin icrası nəticəsində sənayenin strukturu təkmilləşdiriləcək, qeyri-neft sənayesi iqtisadi artımın əsas hərəkətverici qüvvələrindən birinə çevriləcək, ağır sənaye və maşınqayırmanın sənayedə və məşğulluqda payı artacaq, ümumi iqtisadi potensial 2020-ci ildən sonrakı dövr üçün nəzərdə tutulmuş məqsədlərin reallaşdırılması üçün hazır vəziyyətə gətiriləcək, yəni mövcud resurslardan optimal istifadəyə, habelə müəssisələrdə səmərəli istehsal metodlarının tətbiqinə başlanacaq.

Yeri gəlmişkən, həyata keçirilən tədbirlər nəticəsində son illərdə sənayenin inkişafında böyük uğurlar qazanılıb, sənaye məhsulları istehsalının həcmi 3 dəfəyə yaxın artıb. Bundan başqa, rəqabətqabiliyyətli müasir sənaye sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması sahəsində çoxsaylı layihələr icra edilib, yeni iş yerləri açılıb, ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoyub.

Qeyri-neft sənayesinin inkişafına mühüm təsir göstərəcək sənaye məhəllələrinin yaradılması da bu gün diqqət mərkəzində saxlanılır. Xatırladaq ki, yaxın və uzunmüddətli perspektivdə texnoparkların inkişafını stimullaşdırmaq üçün ölkənin vergi qanunvericiliyində sənaye və texnologiyalar parkında çalışan fiziki və hüquqi şəxslərə, eləcə də parkların idarəedici təşkilat və operatorlarına gəlir, mənfəət, ƏDV, əmlak və torpaq vergiləri üzrə 7 illik güzəştlər nəzərdə tutulub.

Bütün bunlar isə deməyə əsas verir ki, Azərbaycanda sənayenin inkişafı dinamik olacaq. Səmərəli iqtisadi islahatların həyata keçirilməsi davam etdiriləcək. İqtisadiyyatın şaxələndirilməsi prosesinin başa çatdırılması istiqamətində mühüm tədbirlər reallaşdırılacaq. Hazırda ölkəmizin ümumi daxili məhsulunun 70 faizi qeyri-neft sektorunun payına düşür.

Bu gün qarşıda duran əsas məqsəd ixracın şaxələndirilməsidir. Hazırda atılan bütün addımlar bu məqsədə xidmət edir. Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan reytinqdə daha iki pillə yüksələrək 35-ci yerdə qərarlaşması da bunun məntiqi nəticəsidir.

Vaqif BAYRAMOV,  “Xalq qəzeti”

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR