A

UNEC-in Zaqatala filialında UNEC-in fəxri professoru Məmmədəli Paşayevin 90 illik yubileyi qeyd edilib.

“Ömür döngələri” adlı yubiley tədbirində Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, millət vəkili Xanhüseyin Kazımlı, filialın professor- müəllim heyəti, tələbələr və yubilyarın ailə üzvləri iştirak ediblər.

Filialının direktoru, professor Orucəli Rzayev 90 illik yubileyi münasibətilə Məmmədəli Paşayevi universitet kollektivi adından təbrik edib. Bildirib ki, həyatının böyük bir hissəsini kadr hazırlığına həsr edən Məmmədəli Paşayev, tarix elminin inkişafına əvəzsiz töhfələr verib. Alimin ağır həyat sınaqlarından şərəflə çıxaraq, elmin ən yüksək zirvəsinə ucaldığını vurğulayan O.Rzayev Məmmədəli müəllimin həmin zirvəyə ağlının, zəkasının, zəhmətinin, əməksevərliyinin, əqidə möhkəmliyinin və iradəsinin hesabına yüksəldiyini deyib.

Məmmədəli Paşayevin yüksək elmi-pedaqoji peşəkarlığı, geniş və zəngin fəaliyyəti, axtarışları, tədqiqatları ilə tanınan tarixçi alimlərdən biri olduğunu diqqətə çatdıran Zaqatala rayon icra başçısı M.Əhmədzadə yubilyarı səmimiyyətinə, xeyirxahlığına, natiqlik bacarığına, sözdən məharətlə istifadə etmək qabiliyyətinə görə minlərlə insanın dərin hörmət və ehtiramını qazanan dəyərli bir ziyalı adlandırıb.

Millət vəkili, UNEC professoru X.Kazımlı 90 yaşlı alimin arxada qoyduğu illərin mənalı bir ömürdən, bu ömrün daşıyıcısının işıqlı şəxsiyyətindən, elmə, təhsilə, yüksək amallara sərf edilən həyatından xəbər verdiyini bildirib. O, M.Paşayevin nəcib insan, gözəl alim, mahir pedaqoq olmaqla yanaşı, həm də doğma vətənini böyük məhəbbətlə sevən bir şəxs olduğunu diqqətə çatdırıb.

Tədbir iştirakıları M.Paşayevin yüksək insani keyfiyyətlərindən, pedaqoq və alim kimi səmərili fəaliyyətindən danışıblar. Bildiriblər ki, Zaqatalanın Muğanlı kəndində doğulub, boya-başa çatan alim, ilk təhsilini də burada alıb. O, görkəmli elm xadimi olmaqla yanaşı, xalqımızın mədəni tarixinə yaxından bələd olan gözəl tədqiqatçı alimdir.

Sonda tədbir iştirakçılarına dərin minnətdarlığını bildirən Məmmədəli Paşayev həyatının böyük hissəsini həsr etdiyi azərbaycançılıq ideologiyasından danışıb. Milli-mənəvi dəyərlərin, milli ruhun qorunması, milli kadrların yetişdirilməsində azərbaycançılıq ideologiyasının rolunu vurğulayıb. Tələbələrə əsl azərbaycanlı kimi yetişməyi, təhsilə, elmə yüksək qiymət verməyi tövsiyə edən alim, çıxışını “Təhsili qoruyun, o sizə şəxsiyyət verəcək!” fikri ilə tamamlayıb.

Yubiliyarın həyat yolunu əks etdirən videoçarxın nümayişindən sonra, M.Paşayev qonaqlar üçün öz həyatından bəhs edən “Ömür döngələri” kitabıni imzalayıb.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay