A

 modern.az

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) İctimai Nəzarət Şurasının üzvlərinin iştirakı ilə “Açıq qapı” günü keçirilib. “Açıq qapı”da ilk dəfə olaraq tələbə və valideynlərin müraciətini yalnız UNEC İctimai Nəzarət Şurasının üzvləri dinləyib.

Qeyd edək ki, UNEC-də imtahan sessiyasında tələbə biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunması, şəffaflığın qorunması məqsədilə İctimai Nəzarət Şurası fəaliyyət göstərir. Şuranın üzvləri millət vəkili Hikmət Babaoğlu, əməkdar elm xadimi, professor Şahlar Əsgərov, “XXI Əsr” Təhsil Mərkəzi İB-nin rəhbəri Etibar Əliyev, “Trend” İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev, “Azərbaycan Milli İnkişaf layihəsi” İctimai Birliyinin rəhbəri, İctimai Televiziya və Radio Yayımları Şirkətinin “Gənclər, Elm və Təhsil” departamentinin direktoru Rauf Rəcəbov, “Səs” İnformasiya Agentliyinin icraçı direktoru Vəli Vəliyev, Vətəndaşların əmək hüquqlarını müdafiə liqasının rəhbəri Sahib Məmmədov, Parlament Jurnalistləri Birliyinin sədri, “Modern” Media Qrupunun baş direktoru Elşad Eyvazlı, “Azad Müəllimlər” İctimai Birliyinin sədri Məlahət Mürşüdlü və “525-ci qəzet”in müxbiri Sevinc Qarayevadır.

UNEC İctimai Nəzarət Şurasının üzvləri imtahanla bağlı müraciətləri dinlədikdən sonra onların araşdırılması və həlli istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədilə UNEC-in rektoru, professor Ədalət Muradovla görüşüblər.

Görüşdə universitet rəhbərliyinə “Açıq qapı”ya daxil olan müraciətlər barədə məlumat verilib. Bildirilib ki, müraciətlər əsasən qayıb limiti, köçürmə halları və imtahan nəticələrinin artırılması ilə bağlı olub. Rektor müraciətlərin həlli və obyektiv araşdırılmasını təmin etmək məqsədilə şura üzvlərinin iştirakı ilə müvafiq komissiyanın yaradılmasını təklif edib.

“Açıq qapı” günü ilə bağlı təəssüratlarını bölüşən şura üzvləri ötən illərə nisbətdə bu il müraciətlərin sayının xeyli azaldığına diqqət çəkərək, bunu UNEC-də tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan islahatların müsbət nəticəsi kimi qiymətləndiriblər.

Əməkdar elm xadimi, professor Şahlar Əsgərov bildirib ki, ötən illərlə müqayisədə bu il semestr imtahanları zamanı yaranan problemlərlə bağlı müraciət edənlərin sayı xeyli azalıb. Buna səbəb isə tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində lazımi işlərin görülməsidir: “Yanvar ayının 4-dən etibarən 2017-2018-ci tədris ilinin qış imtahan sessiyasına start verilib. Sessiya imtahanlarının təşkili və ümumilikdə imtahan prosesi yüksək səviyyədə təşkil olunub. Tələbələrə biliklərini nümayiş etdirmək üçün bütün lazımi imkanlar yaradılıb. Biliyi, savadı olan, imtahanlara yaxşı hazırlaşan hər bir tələbənin biliyi düzgün qiymətləndirilir. UNEC-də əsas fəaliyyət tələbə biliyinin obyektiv qiymətləndirilməsinə yönəlib. Həyata keçirdiyi islahatlarla müsbət imic formalaşdıran UNEC nümunəsini yüksək qiymətləndirirəm. UNEC imtahan prosesini birbaşa cəmiyyətə etibar edib. Bu, təqdirəlayiq haldır. Tələbə biliyinin qiymətləndirilməsində obyektivliyin və şəffaflığın təmin olunması məqsədilə UNEC-də imtahan prosesi ictimaiyyət nümayəndələrinə açıq keçirilir. Bu il də ötən illərdə olduğu kimi, qış imtahan sessiyasına nəzarət UNEC İctimai Nəzarət Şurasına həvalə edilib”.

“Səs” İnformasiya Agentliyinin icraçı direktoru Vəli Vəliyev bildirib ki, imtahan sessiyası müddətində hər həftə keçirilən “Açıq qapı” da tələbələr cəsarətlə problemlərindən söz açırlar:

“Tələbələr sərbəst şəkildə, çəkinmədən imtahan sessiyasında üzləşdikləri çətinliklər barədə məlumat verirlər. Müraciətlər dinlənilir və cavab olaraq tələbələrə məsələlərin araşdırılacağını və nəticə haqqda onlara məlumat veriləcəyini bildirilir. Tələbənin müraciətinin rektor tərəfindən dinlənilməsi və məsələnin həlli istiqamətində müsbət addımların atılması təqdirəlayiq haldır”.

“XXI Əsr” Təhsil Mərkəzi İctimai Birliyinin rəhbəri Etibar Əliyev isə qeyd edib ki, bu il ilk dəfə olaraq “Açıq qapı”da tələbə və valideynlərin müraciətini rektor, professor Ədalət Muradov yox, yalnız UNEC İctimai Nəzarət Şurasının üzvləri dinlədi: “”Açıq qapı”da 8 müraciət dinlənildi. Müraciətlər əsasən qayıb limiti, köçürmə halları və imtahan nəticələrinin artırılması ilə bağlı oldu. Şura üzvləri sözügedən müraciətlər barədə rektora ətraflı məlumat verdi”.

E.Əliyevin sözlərinə görə, rektor, professor Ədalət Muradov UNEC-də imtahan sessiyalarının obyektiv və şaffa keçirilməsi üçün əlindən gələni əsirgəmir: “Şəffaflığın və obyektivliyin təmin olunması baxımından imtahan prosesində ictimaiyyətin və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakının vacibliyi əsas götürülərək imtahan sessiyası boyu ictimaiyyət nümayəndələrinin, təhsil ekspertlərinin, jurnalistlər nəzarətçi qismində imtahanlara cəlb olunurlar. İmtahan sessiyası ictimaiyyətə açıq keçirildiyindən valideynlər də sərbəst şəkildə imtahanları izləyə bilirlər. Hər il olduğu kimi bu il də qış imtahan sessiyasının yüksək səviyyədə keçirilməsi, ədalətlilik prinsipinin qorunması məqsədilə də mühüm yeniliklər edilib.  Müşahidələrimiz göstərir ki, UNEC rəhbərliyinin imtahanların şəffaf və ədalətli keçirilməsində marağı çox böyükdür.  Mən bunu müsbət hal kimi dəyərləndirirəm”.

S.Qarayeva

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR