hafta.az

Ekspertlərin fikrincə, bu addım təhsil sistemində şəffaflığın və məsuliyyətin artmasına təkan verəcək

Məlum olduğu kimi, bundan sonra Azərbaycanda dövlət ali təhsil müəssisəsində rektor 5 il müddətinə təyin ediləcək. Bu barədə dəyişiklik, Prezident İlham Əliyevin imzaladığı “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” fərmanda əksini tapıb. Bu müddəa bu Fərman qüvvəyə mindikdən sonra həyata keçirilən təyinatlara şamil olunacaq.

Bəs görəsən, yeni dəyişiklik ali məktəblər üçün hansı yeniliklər vəd edir? Bu qərar universitetlərin idarə olunmasında hansı dəyişikliklərə səbəb olacaq?

Mövzu ilə bağlı fikirlərini bizimlə bölüşən təhsil eksperti Nadir İsrafilov deyib ki, bu qərardan gözləntilər böyükdür. Onun sözlərinə görə, son illər Azərbaycan təhsilinin inkişaf yolunda olmasına baxmayaraq ali məktəblərin bu inkişafdan nəzərəçarpacaq dərəcədə kənarda qalmalarının, müasir tələblərə lazımi səviyyədə cavab verə bilməmələrinin bir səbəbi də rektorların fəaliyyətindəki müddətsizliklə bağlıdır: “Məlum olduğu kimi, Milli Məclis “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiq edib. Bu, Prezident İlham Əliyevin imzaladığı “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” fərmanda əksini tapıb. Hesab edirəm ki, son illər Azərbaycan təhsilinin inkişaf yolunda olmasına baxmayaraq ali məktəblərin bu inkişafdan nəzərəçarpacaq dərəcədə kənarda qalmalarının, əgər belə demək mümkündürsə, müasir tələblərə lazımi səviyyədə cavab verə bilməmələrinin bir səbəbi də onların fəaliyyətindəki müddətsizliklə bağlıdır. Bu mənada belə bir fərmanın imzalanmasını zərurətdən irəli gələn, təhsil sistemində şəffaflığın, obyektivliyin, məsuliyyətin artmasına təkan verə biləcək bir addım kimi qiymətləndirmək olar. Bu, eyni zamanda təhsilin keyfiyyətinin yüksəldilməsi sahəsində də işin xeyrinə olacağı üçün bir gözləntidir.Bunu təcrübə də sübut edir. Belə ki, respublikanın uzunömürlü rektorlarının rəhbərlik etdikləri universitetlərlə müqayisədə yeni təyin olunmuş rektorlar öz yenilikləri, təşəbbüskarlıqları ilə fərqləniblər, rəhbərlik etdikləri universitetlərin nüfuzunu qaldırıblar. Ümid etmək olar ki, bu fərmanından sonra universitetlər əmək bazarının tələbinə cavab verən kadr hazırlığı həyata keçirməkdə, beynəlxalq reytinqlərdə irəli getməkdə daha çox maraqlı olacaqlar. Bu, həm də ali təhsil idarəçilərinin gəncləşməsinə də gətirib çıxaracaq. Əlbəttə bu heç də o anlama gəlmir ki, 5 ili tamam olan rektor təhsil üçün, cəmiyyət üçün itirilmiş kadrdır. Bir də ki, əgər, hətta Prezident postu üçün müddət həddi tətbiq olunursa bu niyə rektorlara şamil edilməməlidir...? Bu müddəa Fərman qüvvəyə mindikdən sonra həyata keçirilən təyinatlara şamil olunacaq”.

Azərbaycanda rektorların 5 illiyə təyin edilməsi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sənədi şərh edən təhsil eksperti, professor Şahlar Əsgərov da hesab edir ki, bu qərar ali məktəblərdə ab-havanı dəyişəcək: "Təbii ki, qaydalar rəngarəngdir, yekdil deyil. Məsələn, inkişaf etmiş ölkələrdə rektorlar da, müəllimlər də seçilirlər. Adi müəllim bir universitetdə 10 ildən çox işləməz. Misal üçün mən, 1967-ci ildən BDU-də müəlliməm. İnkişaf etmiş ölkələrdə bu mümkün deyil. Gərək indiyə kim mən 4-5 universitet dəyişəydim.İnkişaf etməkdə olan ölkələrdə başqa praktika da var. Burada seçim də var, seçim - təyinat da var, bir başa təyinat da var. Birbaşa seçimdə kollektiv özünə rektor seçir. Seçim - təyinatda kollektiv seçki zamanı birinci üç yeri tutmuş namizədləri rəhbərliyə təqdim edir və onların biri rektor seçilir. Birbaşa təyinatda "yuxarı" seçir və nazirlik kollektivə təqdim edir. Üçüncu dünya ölkələrində istisnalar olmaq şərti ilə birbaşa təyinatdan istifadə edilir".

Mövzu ilə bağlı fikirlərini bildirən təhsil eksperti Kamran Əsədov deyib ki, 2009-cu ildə qəbul edilmiş “Təhsil haqqında“ Qanun çərçivə qanun olduğundan orada bir çox məsələlər öz əksini tapmayıb. Ən ciddi məsələlərdən olan ali təhsil müəssisələrində rektor, elmi şura, dekanlar, kafedra müdirlərinin seçilməsi, onların vəzifə tutma müddəti kimi məsələlər də qanunda yer almayıb: “Ona görə də ölkədə fəaliyyət göstərən dövlət ali təhsil müəssisələrinə hətta 30 ilə qədər bir adamın rəhbərlik etdiyini, bu dövrdə universitetdə hansısa bir dəyişikliyin, inkişafın olmadığının şahidi oluruq. Məsələn, Ağacan Əbiyev 30 il Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında, Timuçin Əfəndiyev 30 il Mədəniyyət və İncəsənət Universitetində, Əhliman Əmiraslanov 25 il Azərbaycan Dövlət Tibb Universitetində, Siyavuş Qarayev 19 il Azərbaycan Dövlət Neft Akademiyasında, Abel Məhərrəmov 20 il Bakı Dövlət Universitetində, Səməd Seyidov 17 il Xarici Dillər Universitetində rektor olub. Hazırda da bu vəzifəni tutanlar var. Səyavuş Kərimi18 il Azərbaycan Milli Konservatoriyasına, Ömər Eldarov 19 il Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına, Fərhad Bədəlbəyli 28 il Bakı Musiqi Akademiyasına, Gülçöhrə Məmmədova 20 il Azərbaycan Memarlıq və İnşaat Universitetinə, Havar Məmmədov isə Bakı Mühəndislər Universitetində 20 ildir ki, rektor kimi çalışır. Əlbəttə, elmi -tədqiqat işlərinin uzun müddət davam etdiyini nəzərə alsaq, bu müddət elmdə az hesab oluna bilər. Amma rektorlar elmi- tədqiqat işləri ilə məşğul olmur, ali təhsil müəssisəsini idarə edirlər. Son illərdə Azərbaycan təhsili inkişaf yolundadır, amma ali məktəblər bundan kənarda qalır və müasir çağırışlara cavab vermir. Bunun əsas səbəbi rektorların fəaliyyətindəki müddətsizliklə bağlıdır. Hesab edirəm ki, rektorların 5 il müddətinə təyin olunması universitetlərin fəaliyyətinə müsbət təsir göstərəcək. Çünki 5 il sonra fəaliyyətində irəliləyiş olmayan rektorların yenidən təyin olunması çətinləşəcək. Ona görə də universitetlər əmək bazarının tələbinə cavab verən kadr hazırlığı həyata keçirməkdə, dünya reytinqində irəli getməkdə maraqlı olacaqlar. “Təhsil haqqında” Qanuna edilən əlavə ciddi dəyişikliyə səbəb ola bilər. Bu, həm də ali təhsil idarəçilərinin gəncləşməsinə gətirib çıxaracaq”.

Ekspertin fikrincə, bundan sonra rektorların vəzifəyə təyinatı da dəyişməlidir: “Bunun üçün 2 metod var. Biri demokratik, biri isə administrativ üsuldur. Amma ortaq üsul da var ki, həmişə ona üstünlük vermişik. Kollektiv 3 nəfəri seçib adını nazirliyə, nazirlik də Prezident Administrasiyasına göndərir. Bu zaman 3 nəfərdən biri təyin olunur. Burada həm demokratik, həm də administrativ təyinetmə var. Dünyanın bir çox ölkələrində rektorları 2 dəfədən artıq olmamaq şərtilə kollektiv seçir. Bəzi ölkələrdə isə administrativ təyinat olur. Bunların hamısı təcrübədə var. Hər birinin də üstün və çatışmayan tərəfləri mövcuddur. Üstünlük odur ki, hər yeni gələn rektor yeni təfəkkür gətirir, universitet seçkidən-seçkiyə yenilənir. Bütün hallarda rektorların fəaliyyəti hesabatlılıq təmin olunmaqla həyata keçirilməlidir. Fəaliyyəti hər hansı bir zamanla məhdudlaşmayan rektor rəhbərlik etdiyi müəssisəsənin dünya səviyyəli universitet olmasını hədəfləmir və bu baxımdan elmi-tədqiqat potensialını gücləndirməyi əsas vəzifə kimi qarşıya qoymur. Amma bundan sonra fəaliyyəti dövründə müsbət tendensiya olmayanlar növbəti dəfə seçilməyəcəklər”.
Ekspert vurğulayıb ki, qanun bundan sonra təyin olunacaq rektorlara şamil ediləcək: “Onu da deyim ki, rektorların seçilməsi ənənəsi olub, amma uğurlu alınmayıb. Çünki bunun üçün təcrübə, ənənə olmalı, ali təhsil müəssisələrimiz dünya universitetlərinə yaxınlaşmalıdır. Bizdə rektor seçki yolu ilə vəzifə tutarsa, o qədər də effektiv olmayacaq. Azərbaycanda bu sahədə çox işlər görülməlidir. Rektor menecer, yenilikçi olmalı, dünya təhsilini yaxından izləməli, universitetin idarəsini buna uyğun həyata keçirməlidir”.

Sevinc

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay