A

Bü gün Təhsil, Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Azərbaycan tələbələrinin II qurultayı keçirilib. 

Qurultay iştirakçıları əvvəlcə Fəxri xiyabana gedərək ümummilli lider Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər güllər düzülüb. Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olan Vətən övladlarının xatirəsi anılıb, məzarları üzərinə güllər qoyulub.

Qurultayda Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, baş nazirin müavini Əli Əhmədov, təhsil naziri Ceyhun Bayramov, dövlət və hökumət nümayəndələri, millət vəkilləri, ali məktəb rektorları, təhsil ekspertləri, media qurumlarının rəhbərləri və tələbələr iştirak ediblər.

Mərasim Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın qurultay iştirakçılarına təbrik məktubunu Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub.

Baş nazirin müavini Əli Əhmədov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib. Əli Əhmədov qeyd edib ki, 30 yaşa qədər gənclərin sayı 4,6 milyon nəfərdir ki, bu da ölkə əhalisinin 46 faizinə bərabərdir. 24 yaşa qədər gənclər isə ölkə əhalisinin 1/3-ni təşkil edir.

Baş nazirin müavini tələbə-gəncləri daha yaxşı təhsil almağa, Azərbaycanın maraqlarını həmişə müdafiə etməyə, ölkənin ictimai-siyasi həyatında fəal rol oynamağa çağırıb və qurultayın işinə uğurlar arzulayıb.

Təhsil naziri Ceyhun Bayramov ölkədə həyata keçirilən təhsil və gənclər siyasəti barədə ətraflı məlumat verərək tələbə-gənclərin dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunduğunu bildirib. Nazir “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbul edilməsindən ötən 5 il ərzində ali təhsil sisteminin təkmilləşdirildiyini, universitetlərin kadr potensialı və maddi-texniki bazasının gücləndirildiyini, ali təhsilin əlçatanlığı istiqamətində mühüm addımlar atıldığını qeyd edib. Ötən dövr ərzində Azərbaycan Avropa Ali Təhsil Məkanının bərabərhüquqlu üzvünə çevrilib, ali təhsil müəssisələrinin fəaliyyəti Bolonya prosesinin tələblərinə uğunlaşdırılıb.

Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Bakı şəhərində 800 yerlik ən müasir infrastruktura malik tələbə yataqxana kompleksinin inşasının başa çatdırıldığını deyən Ceyhun Bayramov bildirib ki, paytaxtda və regionlarda yeni yataqxana komplekslərinin inşası, Sumqayıt və Gəncə şəhərlərində mövcud yataqxana binalarının əsaslı təmiri və yenidən qurulması tələbələrin təhsil imkanlarının əhəmiyyətli şəkildə genişləndirilməsinə imkan verəcək.   

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayılov qeyd edib ki, Azərbaycan dövlətinin gənclər siyasəti uğurla həyata keçirilir. Şahin İsmayılov tələbələrin ölkənin ictimai həyatında fəal iştirakında tələbə-gənclər təşkilatlarının da mühüm rol oynadığını bildirib.  Hazırda ATGTİ 100 tələbə-gənclər təşkilatını özündə birləşdirir.  Bu, Azərbaycanın bütün ali təhsil müəssisələrinin bir platformada təmsil olunması deməkdir.

Daha sonra Azərbaycan tələbələri haqqında hazırlanmış film nümayiş olunub.

Qurultay tələbələrin çıxışları ilə davam edib. Fiziki məhdudiyyətli olmasına baxmayaraq UNEC-in istedadlı tələbəsi Amin Fərəczadə, “Ali təhsil üçün bərabər imkanlar”  mövzusunda çıxış edərək öz uğur hekayəsini bölüşüb. Olduqca təsirli çıxış Qurultay iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Tədbirin sonunda Azərbaycan tələbələrinin II qurultayının qətnaməsi qəbul olunub.

Qurultay tələbələrin ifasında hazırlanmış konsert proqramı ilə başa çatıb. Qeyd edək ki, hazırda Azərbaycanın ali məktəblərində bakalavr səviyyəsində 157 662, magistratura səviyyəsində 13 442, orta ixtisas təhsili müəssisələrində 51 819 tələbə təhsil alır.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR