A

Aprelin 5-də Azərbaycan Respublikasi Müdafiə Nazirliyi və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı ilə Aprel zəfərinin 3-cü ildönümünə həsr olunan “Aprel döyüşlərinin zəfər bayraqlarına düzlən!” adlı tədbirdə iştirak edən millət vəkilləri və ictimaiyyət nümayəndələri UNEC News-a təəssüratlarını bölüşüblər:

Musa Qasımlı, millət vəkili, AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor: “Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində Aprel zəfərinin 3-cü ildönümü ilə bağlı keçirilən tədbirin mənəvi-psixoloji, vətənpərvərlik hissinin aşılanması baxımından əhəmiyyəti çox böyükdür. Hesab edirəm ki, Müdafiə Nazirliyinin ali məktəblərlə, müxtəlif təhsil müəssisələri ilə bu kimi tədbirlər keçirməsi olduqca faydalıdır. Xalqımızın, xüsusilə də Azərbaycan gənclərinin vətənpərvərlik ruhunun yüksəldilməsi qələbəyə inamı artıraraq, Ali Baş Komandanın ətrafında daha da sıx birləşməyə xidmət edir.

Hikmət Babaoğlu, millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru: “Aprel zəfəri Azərbaycan xalqının milli qürur, mənəvi yüksəliş günüdür. Bu zəfəri bizə yaşadan Azərbaycanın Ali Baş Komandanı cənab İlham Əliyev və qüdrətli Azərbaycan Ordusudur. Aprel zəfəri gələcək qələbələrimizə zəmin yaradan, eyni zamanda azad edilmiş torpaqlarımıza “Böyük qayıdışın” başlanmasının əsasını qoyan bir döyüş oldu. Bu gün UNEC-də təşkil olunan möhtəşəm zəfər tədbirinin böyük mənəvi tərəfləri var. Bu tədbir zəfərimizin təbliğ edilməsi, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması  baxımından mühüm əhəmiyyətə malikdir.

Millət vəkili, Milli Qəhrəman Şirin Mirzəyevin həyat yoldaşı Flora Qasımova: Bu gün Azərbaycanın yeganə problemi torpaqlarımızın bir hissəsinin işğal altında olmasıdır. Aprel döyüşləri sübut etdi ki, Ermənistan sülh yolu ilə torpaqlarımızdan geri çəkilməsə bu vəzifəni ordumuz layiqincə yerinə yetirəcək. Aprel zəfəri işğalçı Ermənistana ağır zərbə oldu, düşmən tərəf ordumuzun gücünü gördü. Bu döyüşlər xalqımızda ruh yüksəkliyini daha da artırdı. Xalqımız inanır ki, Prezidentimizin siyasəti nəticəsində torpaqlarımız işğaldan azad olunacaq”.

Vahid Əhmədov, millət vəkili: “Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə çox böyük uğurlara imza atır. Azərbaycan şəhidlər versə də, Aprel zəfəri bizim gələcək qələbəmizin bünövrəsini qoydu. Azərbaycan ordusunda, müdafiə sistemində aparılan islahatlar, ölkənin müdafiə qabiliyyətinin artırılması istiqamətində həyata keçirilən tədbirlər bir daha bizi əmin edir ki, işğal altında olan torpaqlarımızı tezliklə azad edəcəyik.

Bu gün UNEC kollektivi Aprel döyüşlərinin zəfər bayraqlarına düzləndi. Bu, qürurvericidir.

Məlahət Mürşüdlü, “Azad Müəllimlər” Birliyinin sədri, UNEC İctimai Nəzarət Şurasının üzvü: “Aprel zəfəri Azərbaycan tarixinin möhtəşəm səhifələrindən biridir. Bu qələbəni bizə bəxş edən Aprel şəhidlərinin ruhuna Allahdan rəhmət diləyirəm. Ali Baş Komandanın bir əmri ilə Azərbaycan əsgəri bu gün həmin zəfəri təkrar etməyə qadirdir. Düşünürəm ki, bizim ən böyük zəfərimiz hələ öndədir. Qələbə Azərbaycan əsgəri ilə gələcək. Azərbaycan əsgəri bayrağımızı Qarabağda, Şuşada, Xankəndində dalğalandıracaq. Mən əminəm ki, həmin gün çox uzaq deyil. UNEC-in belə bir möhtəşəm tədbirə ev sahibliyi etməsi çox təqdirəlayiqdir, burada savadlı mütəxəssislərlə yanaşı, həm də Azərbaycanın layiqli vətəndaşları yetişir.

TOP XƏBƏRLƏR