A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Aprel döyüşlərinin zəfər bayraqlarına düzlən” devizi altında hərbi vətənpərvərlik bayramı keçirilib.

Müdafiə Nazirliyinin və UNEC-in birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Aprel döyüşlərində, Füzuli, Cəbrayıl, Ağdərə rayonlarında və keçən ilin mayında Naxçıvan Muxtar Respublikasında uğurlu əks-hücum nəticəsində bir çox strateji yüksəkliklərin ələ keçirilərək min hektarlarla ərazilərin nəzarətə götürülməsində müstəsna xidmətləri olmuş hərbi hissələrin Azadlıq meydanında keçirilən hərbi paradlarda nümayiş etdirilən döyüş bayraqları meydana gətirilib.

Bayram tədbirində UNEC-in rəhbərliyi və müəllim-tələbə heyəti ilə yanaşı, millət vəkilləri, Müdafiə Nazirliyinin rəsmiləri, generallar, ictimaiyyət nümayəndələri, Aprel zəfərinin qazanılmasında xüsusi xidmətləri olan hərbi qulluqçular, zabitlər, eləcə də xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin kursantları, UNEC-in aprel şəhidlərinin valideynləri iştirak ediblər.

Tədbirdən öncə iştirakçılar Ulu Öndər Heydər Əliyevin UNEC-də ucaldılan büstünü və şəhidlərin Memorial-Xatirə Kompleksini ziyarət edərək, onların əziz xatirələrini ehtiramla yad edərək, önünə əklil və gül dəstələri düzüblər.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin aprel ayının 2-də Müdafiə Nazirliyinin xüsusi təyinatlı qüvvələrinin hərbi hissələrindən birini ziyarət edərkən hərbi qulluqçularla görüşü zamanı Aprel döyüşləri barədə söylədiyi fikirlər tədbirdə səsləndirilib.

UNEC-in rektoru, professor Ədalət Muradov ölkənin hər yerində Aprel zəfərinin üçüncü ildönümünün böyük təntənə ilə qeyd edildiyinə diqqət çəkərək, xalq və ordumuzun möhtərəm Prezident cənab İlham Əliyevin ətrafında bir bayraq, bir amal uğrunda daha sıx birləşdiklərini bildirib. Rektor Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, müasir standartlara cavab verən peşəkar orduya çevrilməsi istiqamətində görülən mühüm işlərdən söz açaraq, bütün bu uğurların arxasında dövlət başçısının gərgin, məqsədyönlü, daxili və xarici siyasətinin dayandığını vurğulayıb. Üç il öncə, aprel ayında Azərbaycan xalqının bir nəfər kimi ayağa qalxdığını xatırladan rektor, müxtəlif istiqamətlərdə təxribatlar törədərək, dinc əhalini intensiv atəşə tutan məkrli və hiyləgər erməni düşmənlərinin mövqelərinin Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə bir neçə saat ərzində darmadağın edildiyini söyləyib. Həmin döyüşlərdə UNEC-in 2 məzunu - Tural Dadaşov və Mahir Mirzəyevin də şəhidlik zirvəsinə ucaldığını deyən Ə.Muradov, şəhidlərin öz qanları ilə Aprel zəfəri salnaməsinə UNEC-in imzasını yazdıqlarını vurğulayıb. Rektor UNEC-in çoxminlik müəllim və tələbə heyətinin Azərbaycan uğrunda Ali Baş Komandanın hər bir çağırışına hazır olduğunu bildirərək, işğal altında olan torpaqlarımızın tezliklə azad olunacağına və Azərbaycanın ərazi bütövlüyünün təmin ediləcəyinə əminliyini ifadə edib.

Müdafiə Nazirliyinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi – Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini, general-mayor Rasim Əliyev  Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan əsgərinin 2016-cı il aprelin əvvəllərində əks-hücum əməliyyatı ilə düşmənin layiqli dərsini verdiyini, ölkənin işğal altında olan 2000 hektardan çox ərazisinin azad edildiyini bildirib. Müdrik və qətiyyətli Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Aprel zəfərini Azərbaycan dövlətinin və ordusunun şanlı qələbəsi adlandıran general-mayir, bu qələbənin ordumuzun gücünü, dövlətimizin qüdrətini və xalqımızın həmrəyliyini göstərdiyini qeyd edib. Tədbirin UNEC-də keçirilməsinin heç də təsadüfi olmadığını qeyd edən R.Əliyev bu ali təhsil müəssisəsinin mütəmadi olaraq cəbhəyanı bölgələrə səfərlər etdiyini bildirib, əsgərlərin mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun və vətənpərvərlik hissinin daha da yüksəldilməsi üçün göstərdikləri səyləri təqdirəlayiq adlandırıb. 

Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbaninin xüsusi ssenarisi əsasında qurulan tədbirdə UNEC-in aprel şəhidləri Mahir Mirzəyev və Tural Dadaşovla bağlı səhnə iştirakçılara və şəhidlərin valideynlərinə duyğusal anlar yaşadıb. Bayram tədbiri Azərbaycan incəsənət ustalarının, Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin mahnı və rəqs ansamblının konserti ilə davam edib.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay