A

Bu gün UNEC-in Türk Dünyası İqtisad Fakültəsinin yeni təyin edilmiş dekanı professor Hayati Beşirlinin kollektivə təqdim edilməsi mərasimi keçirilmişdir.

Tədbirdə UNEC-in tədris və təlim texnologiyaları üzrə prorektoru Anar Rzayev, Tədrisin keyfiyyətinin qiymətləndirilməsi və idarəedilməsi mərkəzinin direktoru Raqif Qasımov, TÜDİFAK fakültəsinin müəllim heyəti iştirak etmişdir.

Tədbirdə çıxış edən A.Rzayev UNEC-də beynəlmiləşmə prosesləri, yüksək ixtisaslı kadrların hazırlanması istiqamətində aparılan işlər, beynəlxalq əməkdaşlıq, tədqiqat universitetinə keçid sahəsində atılan addımlar və digər məsələlərə toxundu. Türk dilində təhsil almaq istəyənlərin TÜDİFAK-a cəlb edilməsi prosesinin aktivləşdirilməsinin zəruri olduğunu bildirən A.Rzayev dekan H.Beşirli haqqında müəllimlərə məlumat verdi, ona gələcək fəaliyyətində uğurlar arzu etdi.

H.Beşirli çıxışında TÜDİFAK-ın olduqca böyük potensiala sahib olan fakültə olduğunu bildirərək, burada yüksək tədris potensialını gördüyünü diqqətə çatdırdı. Tədris prosesinin daha da təkmilləşdirilməsi, tədqiqat proseslərinin aktivləşdirilməsi və digər məsələrə toxunaraq, TÜDİFAK-ın dekanı vəzifəsində əzm və səylə çalışacağını diqqətə çatdırdı.

Qeyd edək ki, Hayati Beşirli Hacettepe Universitetinin sosiologiya ixtisasını bakalavr üzrə bitirib. 1998-ci ildə həmin universitetdən sosiologiya ixtisası üzrə magistratura, 2003-cü ildə isə doktorantura dərəcəsi üzrə məzun olub. H.Beşirli Hacettepe, Sakarya, Qazi və Manas universitetlərində pedaqoji fəaliyyətlə məşğul olub, kafedra müdiri, Magistratura və Doktorantura mərkəzinin direktoru vəzifələrində çalışıb. Türkiyədə və xaricdə türkoloji, sosial elmlər, mədəniyyətlərarası qarşılıqlı əlaqələr, qloballaşma, regional inteqrasiya və digər mövzulara həsr olunan beynəlxalq konfranslarda çıxış edib. Türkiyənin nüfuzlu dərgilərində çoxsaylı elmi məqalələri dərc olunub. Hayati Beşirli müəllifi olduğu “Türk Cumhuriyetleri Öğrencilerinin Türk Dünyasına Bakışları” kitabına görə Türk Dünyası Yazarlar ve Sənətçilər Vəqfinin (TÜRKSAV) mükafatını qazanıb. Ankara Hacı Bayram Veli universitetində professor olub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay