A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov Türk Dünyası İqtisad Fakültəsinin (TUDİFAK) yeni dekanı, professor Hayati Beşirli ilə görüşüb.

Dekan vəzifəsinə təyin olunması münasibətilə H.Beşirlini  təbrik edən rektor Ə.Muradov TUDİFAK-ın strateji hədəflərindən söz açıb. Əsas hədəfin TUDİFAK bazasında Türk dünyası üçün keyfiyyətli təhsil verən universitet yaratmaq olduğunu bildirib.

Görüşdə fakültədə tədrisin keyfiyyətinin daha da artırılması məqsədilə türkdilli ölkələrin müəllimlərinin UNEC-də tədrisə cəlb olunmasının əhəmiyyəti vurğulanıb. Ötən tədris ilində UNEC-in 8 gənc müəlliminin Türkiyə universitetlərində doktorantura təhsili aldığını diqqətə çatdıran rektor, türk dilində təhsil verən gənc müəllimlərin elmi və akademik potensialının yüksəldilməsi baxımından bu istiqamətdə işlərin təkmilləşdirilməsinin önəmli olduğunu deyib.

Rektor TUDİFAK-ın cəlbediciliyinin artırılması məqsədilə Türkiyənin aparıcı universitetləri ilə ikili diplom proqramlarının reallaşdırılmasının vacibliyindən danışıb. Fakültədə iqtisadyönümlü ixtisasların sayının artırılmasının da nəzərdə tutulduğunu qeyd edib. 

Görüşdə TUDİFAK-da tədris olunan ixtisaslara uyğun türk dilində dərsliklərin alınması və UNEC-də türkdilli kitabxananın yaradılması istiqamətində fikir mübadiləsi aparılıb.

Professor Hayati Beşirli yüksək elmi və pedaqoji potensiala malik professor-müəllim heyəti ilə birgə çalışdığından məmnunluğunu bildirib. O, türk dilində yüksək ixtisaslı iqtisadçı kadrların hazırlanması, universitetin beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi və TUDİFAK-ın Türk dünyasında ali təhsil brendi kimi tanınması istiqamətində yeni nailiyyətlərə imza atılacağına əminliyini ifadə edib.

Professor Hayati Beşirli haqqında: Hayati Beşirli Hacettepe Universitetinin sosiologiya ixtisasını bakalavr üzrə bitirib. 1998-ci ildə həmin universitetdən sosiologiya ixtisası üzrə magistratura, 2003-cü ildə isə doktorantura dərəcəsi üzrə məzun olub. H.Beşirli Hacettepe, Sakarya, Qazi və Manas universitetlərində pedaqoji fəaliyyətlə məşğul olub, kafedra müdiri, Magistratura və Doktorantura mərkəzinin direktoru vəzifələrində çalışıb. Türkiyədə və xaricdə türkoloji, sosial elmlər, mədəniyyətlərarası qarşılıqlı əlaqələr, qloballaşma, regional inteqrasiya və digər mövzulara həsr olunan beynəlxalq konfranslarda çıxış edib. Türkiyənin nüfuzlu dərgilərində çoxsaylı elmi məqalələri dərc olunub. Hayati Beşirli müəllifi olduğu “Türk Cumhuriyetleri Öğrencilerinin Türk Dünyasına Bakışları” kitabına görə Türk Dünyası Yazarlar ve Sənətçilər Vəqfinin (TÜRKSAV) mükafatını qazanıb. Ankara Hacı Bayram Veli universitetində professor olub.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR