A

"Azərbaycan" qəzeti

İqtisadiyyatın müxtəlif sahələri üzrə milli kadrların hazırlanması üzrə hələ sovet dönəmindən başlayaraq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasəti ölkənin inkişafına xidmət edəcək güclü milli kadr potensialını formalaşdırmış, iqtisad elmi və təhsilinin inkişafı hər zaman prioritetliyi ilə seçilmişdir.

Təsadüfi deyil ki, ümummilli lider 13 iyun 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin 70 illik yubileyinə həsr olunmuş mərasimdəki çıxışında cəmiyyətin bünövrəsində iqtisadiyyatın dayandığını qeyd etmişdir. Bu, müasir Azərbaycanda iqtisad elmi və təhsilinin inkişafı və milli iqtisadçı kadrların formalaşdırılması prosesinin başlıca vəzifələrini özündə ehtiva edən proqram xarakterli çıxışdır. Bu çıxışda xüsusi vurğulamışdır ki: "Mən bu gün sizin qarşınızda Azərbaycan iqtisadiyyatının bugünkü vəziyyəti ...haqqında söhbət açmaq fikrində deyiləm. Sadəcə, bu mövzulara toxunuram və bununla bağlı iqtisadçının vəzifəsi, iqtisad elminin vəzifəsi və İqtisad Universitetinin vəzifələri haqqında danışıram”. Dahi rəhbərin qarşımızda qoyduğu vəzifələr bu gün Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) fəaliyyətinin əsas istiqamətlərini müəyyən edir.

"...ictimai elmlər çox dəyişir... Elmdə, təhsildə, kadrların hazırlanmasında bu dəyişikliklər gərək yeni Azərbaycanın yaranmasına xidmət etsin. O cümlədən də iqtisad elmi”.

Bazar iqtisadiyyatına keçid digər ictimai elmlərdə olduğu kimi, iqtisad elmində də köklü dəyişiklikləri tələb edir və bu dəyişiklər həm aparılan tədqiqatlara, həm də iqtisadçı kadr hazırlığı prosesinə yanaşmada özünü göstərir. Bu baxımdan UNEC-də dünyanın yüksək reytinqli universitetlərinin təcrübəsi və ölkə iqtisadiyyatının tələbləri əsasında tədris plan və proqramlarının təkmilləşdirilməsi, kadr hazırlığı üzrə yeni ixtisasların formalaşdırılması, təhsilverənlərin peşə bacarıqlarının artırılması, elmi-pedaqoji kadr potensialının gücləndirilməsi və ən əsası elmi-tədqiqatların keyfiyyətinin yüksəldilməsi istiqamətlərində əhəmiyyətli işlər görülmüşdür.

Heç kimə sirr deyil ki, istənilən universitetdə yüksəksəviyyəli tədrisin və biznes dünyası ilə səmərəli əlaqələrin qurulması üçün ilk növbədə yüksək elmi-tədqiqat potensialı tələb olunur. Bu baxımdan UNEC-də artıq dördüncü tədris ilidir ki, ölkədə ilk dəfə "Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nın 2.3.1 və 5.10-cu bəndlərinə uyğun olaraq Diferensial Əmək Haqqı Sistemi tətbiq edilir. Professor-müəllim heyətinin elmi fəaliyyətlərinə 70 faiz payın ayrıldığı bu sistemin tətbiqi nəticəsində UNEC-in elmi-pedaqoji göstəriciləri əvvəlki illərlə müqayisədə ciddi şəkildə yaxşılaşmış və bu yaxşılaşma müvafiq beynəlxalq təşkilatların hesabatlarında və reytinq siyahılarında da öz əksini tapmışdır.

Diferensial Əmək Haqqı Sisteminin tətbiqi ilə yanaşı, UNEC-də nüfuzlu beynəlxalq elmi nəşrlərdə əsərləri çap edilən əməkdaşlar üçün mükafatlandırma sistemi də fəaliyyət göstərir. Bu mükafatlandırma sisteminə əsasən, hazırda nüfuzlu "Web of Science” və "Scopus” elmi bazalarına daxil olan elmi nəşrlərdə əsərləri çap edilən UNEC əməkdaşları və təhsilalanlar nəşrin təsir dərəcəsindən (impact factor) asılı olaraq 4000 manata qədər mükafat almaq imkanına malikdirlər.

Atılan addımların nəticəsində UNEC əməkdaşlarının müstəqillik illərində "Web of Science” bazasına daxil olan elmi nəşrlərdə çap etdirdikləri elmi əsərlərin 70 faizə qədəri məhz son beş ilin payına düşür. Nüfuzlu "Clarivate Analytics” şirkətinin UNEC-i "Web of Science Awards-2018” və "Most Progressive Universities in Web of Science for the Last 3 Years” mükafatlarına layiq görməsi də bunu bir daha sübut edir.

Universitetimiz qarşıdakı illərdə tədqiqat universiteti statusunu əldə etməyi özünün başlıca strateji məqsədlərindən biri kimi müəyyən etmişdir. UNEC bu məqsədə nail olmaq üçün qarşıdakı illərdə magistratura və doktorantura təhsilini tamamilə mütərəqqi dünya təcrübəsinə uyğunlaşdırmağı, milli və beynəlxalq səviyyədə yüksək reytinq qazanmış ən azı bir "beyin mərkəzi” formalaşdırmağı, sifarişlər və qrantlar əsasında yerinə yetirilən tədqiqat layihələrinin və "Web of Science” və "Scopus” bazalarındakı məqalələrinin sayını davamlı artırmağı, bu bazalara daxil olan ən azı 2 nüfuzlu konfransa və ən azı 3 elmi jurnala sahib olmağı və hər il iqtisadçı tələbələrin nüfuzlu beynəlxalq tələbə konfransını təşkil etməyi özünün əsas hədəfləri kimi seçmişdir.

"... bazar iqtisadiyyatı özü-özünü tənzimləyən bir iqtisadiyyatdır. Bunun da kökü bazardır. Bazar varsa, iqtisadiyyat var. İqtisadiyyat bazar üçündür”.

Ümummilli lider universitet kollektivi qarşısındakı tarixi çıxışında bir neçə dəfə bazar iqtisadiyyatının önəmi və əsas xüsusiyyətləri üzərində dayanmaqla, iqtisadçılara elm və tədris fəaliyyətlərində yol göstərmişdir. O, yeni iqtisadi sistemin təməlində bazarın dayandığını, bazarın özünütənzimləmə mexanizmi olduğunu və bütün iqtisadi fəaliyyətlərin də məhz bazarın tələblərinə uyğun həyata keçirilməsinin zəruriliyini vurğulamışdır. Bu istiqamətdə son illər atılan addımlar arasında UNEC-də tədris olunan fənlərin sillabuslarının tamamilə yenilənməsini, kitabxana fondunun müasir dərslik və dərs vəsaitləri hesabına zənginləşdirilməsini və dünya universitetlərində tədris edilən fundamental dərsliklərin Azərbaycan dilinə tərcümə edilməsi qeyd edilməlidir.

Bazar iqtisadiyyatının tələblərinə uyğun keyfiyyətli tədqiqatların və tədris prosesinin təşkilində son illər dünyanın inkişaf etmiş universitetlərindən məzun olan 400-dən çox gəncin müəllim və ya tədqiqatçı kimi UNEC-ə cəlb edilməsinin də böyük rolu olmuşdur. Bu gənclərin əksəriyyəti "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində inkişaf etmiş bazar iqtisadiyyatına malik ölkələrin nüfuzlu universitetlərindən magistr və ya fəlsəfə doktoru dərəcəsi almışdır. "Gənc müəllim-1” və "Gənc müəllim-2” layihələri çərçivəsində müsabiqə əsasında UNEC-də əmək fəaliyyətinə başlayan gənclər təhsil aldıqları universitetlərlə UNEC arasında səmərəli əməkdaşlıq əlaqələrinin, o cümlədən də təcrübə mübadiləsinin qurulmasında əhəmiyyətli rol oynayırlar.

UNEC kadr hazırlığında bazarın tələblərini daha dolğun şəkildə öyrənmək və onlara uyğunlaşmaq məqsədilə "Tələb işəgötürənlərdən - təklif UNEC-dən” mövzusunda konfrans keçirmiş və həmin konfransda "UNEC - iş dünyası strateji əməkdaşlıq platforması: UNEC2B” təqdim edilmişdir. "UNEC2B” Platforması tədrisin əmək bazarının tələbələrinə uyğunlaşdırılması, sahibkarlıq universiteti modelinin yaradılması və məzunların işlə təmin olunmasında UNEC və iş dünyasının birgə fəaliyyətini nəzərdə tutur. Platformaya əsasən, UNEC məzunlarını işə qəbul edən işəgötürənlər qarşısında 3 il ərzində "servis xidməti”, yəni məzunlar üçün UNEC tərəfindən ödənişsiz ixtisasartırma kursları təşkil etmək öhdəliyi götürmüşdür.

"Dünya təcrübəsini siz... toplamalısınız. Nəzəriyyəni - yeni nəzəriyyə icad etməyə ehtiyac yoxdur - ümumiləşdirmək, bizim iqtisadiyyatımıza uyğunlaşdırmaq sizin vəzifənizdir”.

Heydər Əliyev Azərbaycan iqtisadiyyatının inkişaf etdirilməsi və modernləşdirilməsi prosesinin mütərəqqi dünya təcrübəsi və müasir iqtisadi nəzəriyyələr əsasında həyata keçirilməli olduğunu vurğulayır, bu təcrübə və nəzəriyyələrin ölkə reallıqlarına uyğunlaşdırılmasını iqtisadçı alimlərin başlıca vəzifəsi kimi görürdü. Qeyd edilən vəzifədən irəli gələrək UNEC Tədqiqat Fondu, 26 tədqiqat mərkəzi yaradılmış, elmi tədqiqatların milli iqtisadiyyatın problemləri ilə əlaqələndirilməsi istiqamətində əhəmiyyətli işlər görülmüşdür. Hazırda UNEC-də Azərbaycan iqtisadiyyatının müxtəlif problemlərinin tədqiqi ilə məşğul olan "Empirik tədqiqatlar mərkəzi”, "Digital marketinq mərkəzi”, "Ermənistan iqtisadiyyatının araşdırma mərkəzi”, "İnkişaf iqtisadiyyatı laboratoriyası”, "Rəqəmsal iqtisadiyyat tədqiqat mərkəzi”, "İslam iqtisadiyyatı mərkəzi”, "Elektron pul araşdırma mərkəzi” kimi mərkəzlər fəaliyyət göstərir. Yeni yaradılmış bu mərkəzlərdə UNEC-in professor-müəllim heyəti ilə birgə tələbə, magistr və doktorantlar da tədqiqat aparmaq imkanı əldə etmişdir. Sevindirici haldır ki, bu yaxınlarda "Empirik tədqiqatlar mərkəzi”ndə tələbələrimizin müəllimləri ilə birgə hazırladığı məqalə nüfuzlu "Scopus” bazasında yerləşən "International Journal of Housing Markets and Analysis” jurnalında nəşr edilmişdir. Yeni yaradılmış "İnkişaf iqtisadiyyatı laboratoriyası”nda isə SOCAR-ın sifarişi əsasında dünyada ilk dəfə olaraq "Azərbaycan neftinin (Azerilight) dünya bazar qiymətinin proqnozlaşdırılması” mövzusunda geniş tədqiqat layihəsi həyata keçirilmiş, müvafiq model qurulmuş və tədqiqat nəticələri əsasında "Springer” kimi nüfuzlu beynəlxalq elmi nəşriyyat tərəfindən monoqrafiya dərc edilmişdir.

Bu sahədə uğurlu addımlardan biri də milli iqtisadiyyatın və qlobal iqtisadi proseslərin müxtəlif aspektləri ilə bağlı müzakirələrin aparıldığı nüfuzlu elmi tədbirlərin təşkil edilməsidir. Bu baxımdan UNEC-də Nobel mükafatı laureatı Aziz Sancarın da iştirakı ilə "Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli”, materialları "Web of Science” bazasında indeksləşən "Davamlı inkişafın sosial-iqtisadi problemləri”, "Elektron pullar: mövcud vəziyyət və perspektivlər”, universitet və biznes nümayəndələrinin iştirakı ilə "Bilik əsaslı iqtisadiyyata keçid: potensial imkanlar”, Dünya Bankı ekspertinin iştirakı ilə "İqtisadiyyatın şaxələndirilməsi: özəl sektorun rolu” və digər aktual mövzuları əhatə edən nüfuzlu elmi tədbirlər keçirilmiş, yerli və beynəlxalq ekspertlərlə birlikdə ölkə iqtisadiyyatının gələcək inkişaf perspektivləri müzakirə edilmişdir.

UNEC-də hər il keçirilən "Elm aylığı” da xüsusi vurğulanmalıdır. Geniş tədbirlər planı əsasında reallaşdırılan "elm aylığı”nda iqtisad elminin müasir problemlərinə, milli iqtisadiyyatın aktual məsələlərinə həsr edilmiş müxtəlif formatlı elmi müzakirələr təşkil edilir. Cari ildə də reallaşdırılan "elm aylığı”nda 22 elmi tədbir, o cümlədən "Yeni elm sahələri-ekonofizika”, "Elm haqqında elm”, "İqtisadiyyat üzrə Nobel mükafatı laureatları”, "Elmi fəaliyyətin institusional sistemi”, "Qeyri-müəyyənlik şəraitində makroiqtisadi göstəricilərin qarşılıqlı əlaqələrinin və vergi yükünün qiymətləndirilməsi”, "Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişaf perspektivləri”, "İslam maliyyəsi”, "Ha-Joon Changın iqtisadiyyat kitabı” və digər maraqlı müzakirələr aparılmışdır.

"...iqtisadçılar gərək apardığımız islahatların hər birinin həm həyata keçirilmə prosesini, həm də nəticələrini təhlil etsinlər. Ola bilər, bundan yaxşı əsərlər də yaza bilərsiniz”.

Ölkədə həyata keçirilən iqtisadi islahatların, onların nəticələrinin dərin elmi təhlillərinin aparılması ilk növbədə iqtisadçıların işidir. UNEC əməkdaşları tərəfindən ölkədə aparılan iqtisadi islahatların və onların əldə olunan uğurlu nəticələrinin təhlilinə həsr edilmiş çoxlu sayda elmi və analitik məqalələr ayrı-ayrı qəzet və jurnallarda, o cümlədən də UNEC-in nəşr etdiyi "Economic sciences: Theory and Practice”, "Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Xəbərləri” və "UNEC Ekspert Jurnalı”ında çap edilmişdir. Xüsusilə də UNEC ekspertlərinin analitik məqalələrinin nəşr olunduğu və 2016-cı ildən fəaliyyət göstərən "UNEC Ekspert” jurnalında qeyri-neft sektorunun inkişafı, biznes mühitinin yaxşılaşdırılması, sosial müdafiənin gücləndirilməsi və digər istiqamətlər üzrə Azərbaycanda həyata keçirilən islahatların təhlilinə və strateji yol xəritələrinə həsr edilmiş çoxlu sayda analitik məqalələr nəşr edilmişdir.

UNEC əməkdaşlarının Azərbaycanda aparılan iqtisadi islahatlar və ölkə iqtisadiyyatının ayrı-ayrı məsələlərinə həsr edilmiş elmi əsərləri nüfuzlu beynəlxalq nəşrlərdə də çap edilmişdir. Bu əsərlərə "Web of Science” bazasının müvafiq indekslərinə daxil olan nüfuzlu nəşrlərdə son illər dərc edilən "Təhsilin keyfiyyətinin statistik qiymətləndirməsinə ekspert yanaşması: Azərbaycan nümunəsi” (2016), "Türk Respublikalarının Trans-Xəzər enerji əməkdaşlığının əhəmiyyəti” (2017), "Azərbaycanda elektrik enerjisinə tələbin modelləşdirilməsi” (2017), "Dünya bazarında xam neftin qiymətinin proqnozlaşdırılması metodları” (2018), "Makroiqtisadi stabilliyin fuzzy təhlili” (2018), "Azərbaycanda beynəlxalq miqrasiyanın ölçülməsi” (2018), "Azərbaycanda iqtisadi artımın CO2 emissiyasına təsiri” (2018), "İnsan kapitalının inkişafı, iqtisadi göstəricilər və ətraf mühitin keyfiyyətinin tədqiqi” (2019), "Sugeno-tipli fuzzy nəticəçıxarma metodu ilə dövlətin administrativ səylərinin vergi potensialına təsirinin qiymətləndirilməsi” (2019) və digər əsərləri göstərmək mümkündür.

UNEC-in bu istiqamətdə əldə etdiyi uğurlardan biri də Azərbaycan Respublikasının Təhsil Nazirliyi və "Baku Ekspo 2025” Əməliyyat Katibliyinin” İnsan kapitalını inkişaf etdirərək, daha yaxşı gələcək quraq” mövzusunda birgə təşkil etdiyi məqalə müsabiqəsində UNEC-in gənc müəlliminin qalib olmasıdır. Təşkilatçılar tərəfindən müsabiqənin qalibi kimi UNEC-in gənc müəlliminin Fransanın Paris şəhərində yerləşən Beynəlxalq Sərgilər Bürosunun qərargahına səfəri də təşkil edilmişdir. UNEC müəlliminin qalib olan "Azərbaycanda multikultural dəyərlərin inkişafında təhsil və elmin rolu” adlı elmi məqaləsində həm təsviri, həm də empirik metodlardan istifadə edilərək ölkədə təhsil və elmin multikultural dəyərlərin inkişafındakı rolu ortaya qoyulmuşdur.

"...mənim üçün daha çox maraqlıdır ki, iqtisadi siyasətimizi, islahatlarımızı geniş kütləyə izah etməkdə fəal yardımçımız olasınız”.

Həqiqətən də bazar iqtisadiyyatı şəraitində iqtisadi subyektlərin gözləntiləri və davranışı iqtisadi siyasətin, iqtisadi islahatların uğurunu şərtləndirən əsas amillərdən biridir. İqtisadi subyektlərin gözləntilərinin və davranışlarının formalaşması isə heç şübhəsiz ki, ilk növbədə iqtisadi maarifləndirməni tələb edir. Son illər UNEC çoxlu sayda iqtisadi ekspertləri ilə televiziyalar, radiolar, qəzetlər, jurnallar, sosial şəbəkələr, ictimai mühazirələr və digər vasitələrlə iqtisadi subyektlərin maarifləndirilməsi işinə öz töhfəsini verməyə çalışır. Təkcə 2018-ci ildə UNEC ekspertlərinin mediada 260-dan çox çıxışı olmuş, UNEC-in rəsmi sosial şəbəkə vasitəsilə 1300-dən çox maarifləndirici məlumatlar yayılmış, UNEC Radioda maarifləndirici xarakterli proqramlar efirə çıxmışdır.

2017-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu və Almaniya Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondunun "Gənc alimlər və maliyyə savadlılığı” mövzusunda birgə təşkil etdikləri elmi məqalə müsabiqəsində də UNEC-in gənc alimləri qalib olmuşlar. Onların yazdığı məqalələr əhalinin maliyyə savadlılığının artırılmasının müxtəlif nəzəri-metodiki aspektlərinə həsr edilmişdir.

UNEC-in bu istiqamətdə gördüyü işlər arasında ölkədə ilk dəfə olaraq, TED təşkilatının rəsmi lisenziyası əsasında beynəlxalq statuslu "TEDxUNEC” ictimai mühazirələrinə başlamasını da qeyd etmək lazımdır. Belə ki, hər il keçirilən "TEDxUNEC” mühazirələrində ölkənin görkəmli alimləri, ictimai xadimləri geniş ictimaiyyət üçün müxtəlif mövzularda çıxışlar edir və bu maarifləndirmə işinə öz töhfələrini verirlər. Bu il mayın 7-də "Azərbaycan. Lider. Tərəqqi” mövzusunda keçirilmiş "TEDxUNEC” konfransı isə ümummilli lider Heydər Əliyevə həsr edilmiş ilk TEDx konfransı kimi tarixə düşdü.

Yeni yaratdığı "UNEC Ekstern” vasitəsilə UNEC ölkədə iqtisadi maarifləndirmə işinə daha böyük töhfələr verməyə iddialıdır. Bu mərkəzdə həyata keçiriləcək təlimlər və təhsil proqramları vasitəsilə əhalinin daha geniş təbəqələrinin ayrı-ayrı iqtisadi mövzularda maarifləndirməsi mümkün olacaqdır. Artıq bu istiqamətdə ilk təşəbbüslər reallaşmışdır, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə "UNEC Ekstern” vasitəsilə sahibkarlar üçün silsilə onlayn təlimlər təşkil edilmişdir.

"...dünya iqtisadiyyatına inteqrasiya olunaraq iqtisadiyyatımızı çox sürətlə inkişaf etdirə bilərik. Belə imkanlar mövcuddur və bizim böyük perspektivlərimiz var”.

Ümummilli liderin qarşıya qoyduğu bu vəzifəyə uyğun olaraq, UNEC qlobal təhsil və tədqiqat bazarına inteqrasiya etmək, yüksəkkeyfiyyətli tədris və tədqiqatların həyata keçirildiyi universitetə çevrilmək məqsədilə dünyanın müxtəlif ölkələrinin nüfuzlu universitetləri və beynəlxalq elm, təhsil təşkilatları ilə əməkdaşlıq edir, təcrübə mübadiləsi həyata keçirir və birgə proqramlar reallaşdırır. Təkcə ötən il UNEC-in 81 tələbəsi, 165 müəllimi və 31 inzibati işçisi 25 ölkəni əhatə edən müxtəlif beynəlxalq mübadilə proqramlarında iştirak etmişdir. Hazırda UNEC müxtəlif nüfuzlu xarici universitetlərlə birgə 4 beynəlxalq ikili diplom proqramı həyata keçirir, Türkiyə Respublikasının "Mevlana”, Avropa İttifaqının "Erasmus+” və "TEMPUS”, Almaniya Federativ Respublikasının "DAAD” kimi nüfuzlu beynəlxalq elm və təhsil proqramlarında fəal iştirak edir, TIKA, KOICA, Dünya Bankı, Dünya Ticarət Təşkilatı, digər xarici və beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrini genişləndirir.

UNEC həm də təhsil xidmətləri ixrac edən ali təhsil ocağına çevrilmişdir. Artıq bir neçə ildir ki, universitetimiz Yunanıstanın Qərbi Makedoniya Texniki Təhsil İnstitutu ilə birgə Yunanıstanda "Neft və qazın idarə edilməsi və daşınması” (MOGMAT) magistr proqramı üzrə yüksəkixtisaslı kadrlar hazırlayır. Qeyd edilən proqram üzrə tədris və tədqiqat fəaliyyətlərini UNEC müəllimləri tərəfdaş universitetin müəllimləri ilə birgə Yunanıstanda həyata keçirirlər. Bundan başqa, UNEC ölkə xaricində filialı olan Azərbaycan universiteti kimi bu imkanından geniş istifadə etməyə başlamışdır. Belə ki, Rusiya Federasiyasının (RF) Dərbənd şəhərində yerləşən UNEC filialı RF-nin rəsmi lizenziyası əsasında fəaliyyət göstərən yeganə xarici universitetdir.

Müxtəlif nüfuzlu beynəlxalq reytinq təşkilatları ilə sıx əlaqələr qurulmuş, bu təşkilatların müəyyən etdiyi parametrlər ətraflı şəkildə öyrənilmiş və UNEC-in qeyd edilən parametrlər üzrə göstəricilərinin yaxşılaşdırılması məqsədilə müvafiq tədbirlər həyata keçirilmişdir. Heç təsadüfi deyil ki, UNEC, "QS - Quacquarelli Symonds” təşkilatı tərəfindən İnkişaf Etməkdə olan Avropa və Mərkəzi Asiya Regionunun iqtisadyönümlü 4-cü ən yaxşı universiteti, 2018-2019-cu illərdə bu regionun ən yaxşı 200 universitetindən biri seçilmişdir. Dünya universitetlərinin veb populyarlığını müəyyən edən "Webometrics” təşkilatının 2019-cu il hesabatına görə, UNEC "Google scholar” bazasındakı istinadların sayına, "açıqlıq” və "iştirak” göstəricilərinə görə ölkəmizdə birincidir. Bu sahədə digər bir təşkilat olan "UniRank”in 2019-cu il hesabatına görə isə UNEC Azərbaycan üzrə 1-ci, Asiya regionunun "Top-200” universiteti arasında isə 122-ci yerdədir.

Qarşıdakı illərdə UNEC tələbələrin sayında əcnəbilərin payını 10%-ə çatdırmağı, beynəlxalq mübadilə proqramlarında iştirak edən tələbə, müəllim və inzibati işçilərin sayını davamlı artırmağı, beynəlxalq ikili diplom proqramlarının sayını 10-a yüksəltməyi, ingilis dilində təhsil proqramlarını davamlı inkişaf etdirməyi və 90 yaşında dünyanın ən yaxşı 1000, 100 yaşında isə ən yaxşı 500 universitetindən biri olmağı hədəfləyir.

"...ən əsası bizim gəncləri, gənc nəsli müasir bazar iqtisadiyyatı tələblərinə uyğun olaraq, müasir dünya maliyyə sisteminin tələblərinə uyğun olaraq təhsilləndirin”.

İqtisadiyyat dinamik inkişaf edən, daim yeniliklərə, innovativ texnologiyalara açıq olan bir sahədir. Bu baxımdan iqtisadçı kadrları yetişdirən ali təhsil müəssisələrinin də bütün bu yeniliklərə adekvat cavab verə biləcək çevik təhsil proqramlarına, yüksəkkeyfiyyətli tədris prosesinə sahib çıxması tələb olunur. Bakalavr və magistratura səviyyəsində yeni ixtisasların açılması, tədris prosesinin tamamilə elektronlaşdırılması, şəffaflığın və hesabatlılığın yüksəldilməsi, əsas hissəsini xaricdə təhsil üzrə dövlət proqramının məzunlarının təşkil etdiyi çoxlu sayda gəncin elmi-pedaqoji fəaliyyətə cəlb edilməsi, ingilis və rus dillərində təhsil proqramlarını həyata keçirən iki yeni məktəbin (fakültənin) yaradılması, türk dilində tədris aparan fakültənin inkişaf etdirilməsi, Azərbaycan dilində tədris aparan fakültələrin bazasında keyfiyyətcə yeni meqafakültələrin formalaşdırılması, gənc və peşəkar kadrların tədris prosesinin idarə olunmasına cəlb edilməsi, 24/7 kitabxananın yaradılması və yeni tədris materiallarının formalaşdırılması hesabına tədris prosesinin informasiya təminatının yaxşılaşdırılması, tədris planları və proqramlarının (sillabuslar) yeniləşdirilərək mütərəqqi dünya təcrübəsinə uyğunlaşdırılması və digər tədbirlər nəticəsində UNEC iqtisadçı kadr hazırlığını təkmilləşdirmişdir.

Startap fəaliyyətlərinin dəstəklənməsi sahəsində də müvafiq işlər görülür. Belə ki, 2014-cü ildən UNEC-də fəaliyyət göstərən İnnovativ Biznes İnkubatorun əsas məqsədi tələbələrin biznes ideyalarının reallaşdırılmasına dəstək vermək və onların bazara çıxış imkanlarına kömək göstərməkdir. Bu günə qədər 20-yə yaxın tələbə startapı UNEC İnnovativ Biznes İnkubator vasitəsilə ideya inkubasiyasını həyata keçirmişdir. Burada onlara risklərin dəyərləndirilməsi, maliyyə analizi, marketinq araşdırmaları, komanda işi, təqdimat bacarıqları və s. kimi xüsusi təlimlər təşkil edilir. Bir çoxu Respublika müsabiqələrinin də qalibi olan bu startaplardan "CanCarryYou”, "Boomerang”, "ÖzünüSına”, "Misker.az” və "Yosun” hazırda da UNEC İnnovativ Biznes İnkubatorda fəaliyyətlərini davam etdirirlər.

Tələbələrin peşəkar kadr kimi formalaşmasında tələbə təşkilatlarının da böyük rolunun olduğunu nəzərə alan UNEC bu istiqamətdə də fəal iş aparır. Belə ki, son illər UNEC-də "Tələbə-rektor”, "İqtisadçı tələbələrə dəstək ictimai birliyi”, "İqtisadçı tələbələrin elmi fəaliyyətinə dəstək ictimai birliyi” və digər yeni tələbə təşkilatları fəaliyyətə başlamış və tələbələr tərəfindən həyata keçirilən sosial layihələrin sayı əhəmiyyətli dərəcədə artmışdır. UNEC tələbələri son illər ölkədə formalaşmış könüllülük hərəkatında da fəal iştirak edir, ölkəmizdə həyata keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərdə, idman yarışlarında UNEC-in minlərlə tələbəsinin könüllü statusunda iştirak etməsi onların peşəkar kadr kimi yetişməsi işinə də böyük töhfə verir.

Sevindiricidir ki, II ixtisas qrupunda respublika üzrə prezident təqaüdçülərinin 2015-ci ildə yalnız 4 faizi UNEC-i seçdiyi halda, bu rəqəm hər il artaraq 2018-ci ildə 68 faizə yüksəlmişdir. Eyni zamanda əvvəllər belə fakt qeydə alınmasa da, son üç ildə 700 bal toplayan abituriyentlər arasında UNEC-i seçənlərin sayı artmışdır. Bütövlükdə, ötən il II ixtisas qrupu üzrə 600 və daha yüksək bal toplayan 550 nəfərin 347-si, yəni 63 faizinin seçimi məhz UNEC olmuş və 2014-cü illə müqayisədə 3,8 dəfə artmışdır. Nəticədə, universitet üzrə orta keçid balı davamlı yüksələrək 2018-2019-cu tədris ilində 409 bala çatmışdır.

UNEC qarşıdakı illərdə qəbul olan abituriyentlərin orta keçid balını 500-ə yüksəltməyi, tədris prosesini təhsilalanlarda zəruri bilik və bacarıqları - yetərli ixtisas bilikləri, analitik və empirik təhlil bacarığı, tənqidi və həll istiqamətli düşüncə tərzi, yüksək akademik yazı qabiliyyəti, İKT-dən istifadə bacarığı, xarici dil bacarığı, liderlik və komandada işləmə bacarığı - tam şəkildə formalaşdırmağa imkan verəcək səviyyədə daim təkmilləşdirməyi, təhsil proqramlarının beynəlxalq akreditasiyadan keçməsini təmin etməyi, tələbələrin təqaüd imkanlarını davamlı yaxşılaşdımağı, distant təhsil xidmətləri göstərməyi və professor-müəllim heyətinin peşəkarlıq səviyyəsini daim artırmağı özünün əsas hədəfləri kimi qəbul etmişdir.

"İqtisadiyyatı irəliyə aparmaq üçün dünyanın mürəkkəb maliyyə sisteminə, iqtisadi sisteminə qoşulmaq üçün bizə müasir, hazırlıqlı, xarici dilləri bilən, dünya təcrübəsini mənimsəmiş gənclər lazımdır. Bu isə sizin qarşınızda duran əsas vəzifədir”.

MBA təhsili üzrə müasir UNEC Biznes Məktəbi, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi yaradılmışdır. Son illər UNEC-də MBA təhsili üzrə tədris planları yeniləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılmış, əmək bazarının tələblərindən irəli gələrək, "biznes analitikası”, "sosial media”, "idmanın idarə edilməsi”, "səhiyyənin idarəedilməsi”, "turizm və otelçilik” kimi yeni ixtisas və ixtisaslaşmalar açılmış, mübadilə və ikili diplom proqramları həyata keçirilmişdir. UNEC Biznes məktəbi, 2016-cı ildən ABŞ-ın Biznes Məktəblərinin İnkişafı Assosiasiyasının (AACSB) tamhüquqlu üzvü olmuş, İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası (ACCA) tərəfindən akreditasiya edilərək "mühasibat uçotu” ixtisasının məzunları F1-F9, digər ixtisasların məzunları isə F1-F4 sertifikatını əldə etmək hüququnu qazanmışdır. UNEC Biznes Məktəbi 56-cı proqramda ölkə üzrə payını 2014-2015-ci tədris ilindəki 43,5%-dən 2018-2019-cu tədris ilində 73%-ə yüksəltmişdir.

Magistratura və doktoranturada elmi-tədqiqat potensialının gücləndirilməsi, plagiatçılıqla mübarizənin genişləndirilməsi və dissertasiyaların yerinə yetirilməsi prosesinin ölkə iqtisadiyyatının inkişaf tələbləri ilə daha da uzlaşdırılması istiqamətində əhəmiyyətli işlər görülmüşdür. Bunun üçün ilk növbədə magistratura pilləsində təhsilin yeni standartları tətbiq edilmiş, ölkədə ilk dəfə olaraq magistraturada ikinci tədris ili bütövlükdə magistrların elmi-tədqiqat təcrübəsinə və dissertasiyaları yerinə yetirməsinə ayrılmışdır.

Doktorantura pilləsi üzrə təhsilin yeni standartları hazırlanmaqla yanaşı, doktorantların xarici dil biliklərinə olan tələb də əhəmiyyətli dərəcədə yüksəldilmiş, doktoranturaya qəbul zamanı ingilis dili üzrə qəbul və minimum imtahanları "British Council” tərəfindən götürülür.

Hazırda UNEC London Universiteti/London İqtisadiyyat Məktəbinin beynəlxalq proqramına qoşulmuş, Fransanın Montpellier Universiteti ilə, Litvanın Mikolas və İsveçrənin UBIS Universiteti ilə ikili diplom proqramı reallaşdırır. ABŞ-ın Linkoln Universiteti ilə magistrlar üçün ikili diplom proqramına sentyabr ayından start veriləcəkdir.

Hazırda UNEC-də ingilis dilində 21 təhsil proqramı fəaliyyət göstərir ki, bu da ümummilli liderin qarşımızda qoyduğu müasir, bacarıqlı, xarici dilləri bilən və dünya təcrübəsini mənimsəmiş gənclərin yetişdirilməsi baxımdan əhəmiyyətlidir.

Təhsilalanlarla yanaşı, təhsilverənlərin də xarici dil bacarıqlarının inkişaf etdirilməsi istiqamətində tədbirlər həyata keçirilir. "British Council” ilə bağlanmış müqavilə əsasında hazırda UNEC müəllimləri üçün "Akademik İngilis Dili Kursları” təşkil edilmişdir. Təlimlər UNEC müəllimlərinin ingilis dili bacarıqlarını təkmilləşdirməklə onların qlobal elm və təhsil məkanına inteqrasiya imkanlarının daha da artırılması məqsədini daşıyır.

Ümummilli lider Heydər Əliyev Azərbaycan Dövlət İqtisad Universitetinin potensialını yüksək qiymətləndirərək demişdir: "... bu gün mən sizinlə görüşərkən, bu salona baxarkən, sizə baxarkən fəxr edirəm. Fəxr edirəm ki, bizim milli ali təhsilimiz var. İndi bizim yetişən gənc milli kadrlarımız var. Azərbaycan elminə böyük töhfələr vermiş və xidmətlər göstərmiş qocaman professorlarımız var. Mən bununla fəxr edirəm. Bu, böyük nemətdir. Gəlin, bundan sonra bu neməti əlimizdə möhkəm saxlayaq”.

Beləliklə, ölkəmizin inkişaf edən iqtisadiyyatı və güclənən beynəlxalq nüfuzu sayəsində yaxın gələcəkdə UNEC-in dünya universitetlərinin reytinqində ölkəmizi daha yüksək yerlərdə təmsil edəcəyinə, ümummilli lider Heydər Əliyevin Azərbaycan Dövlət İqtisad Universiteti qarşısında qoyduğu vəzifələri layiqincə yerinə yetirəcəyinə, sözün həqiqi mənasında, yüksəkkeyfiyyətli tədris və tədqiqat mərkəzinə çevriləcəyinə inanır və Azərbaycan Dövlət İqtisad Universiteti böyük tarixi keçmişi və mövcud potensialına arxalanaraq, Prezident İlham Əliyevin müəyyən etdiyi təhsilin, elmin və iqtisadiyyatın inkişaf strategiyalarının reallaşdırılması işinə layiqli töhfələr vermək üçün bütün səylərini səfərbər edəcəkdir.

Ədalət MURADOV,

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, iqtisad elmləri doktoru, professor

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR