A

Xalq qəzeti

Dünya ölkələrinin tarixi sübüt edir ki, onların ­inkişafında, xalqların tanınmasında, dünya miqyasında nüfuzlu yer tutmasında müstəsna rol xalqların yetişdirdiyi liderlərə məxsusdur. Azərbaycana da belə bir xoşbəxtlik qismət olmuşdur, onun Heydər Əliyev kimi uzaqgörən, millətini, xalqını, dövlətini canından çox sevən və qiymətləndirən bir lideri vardır. Heydər Əlirza oğlu Əliyev Azərbaycan xalqının minillik arzu və istəklərini reallaşdıran, ölkəmizi sivil dünyanın və Avropa ailəsinin üzvünə çevirən siyasi lider olmuşdur. Ömrünü bütövlükdə xalqının azadlığına və inkişafına həsr edən bu böyük şəxsiyyət millətə sədaqətlə xidmət etmişdir. Onun fəaliyyətinin hər anı xalqın taleyüklü məsələlərinin həllinə yönəlmişdir. 

Bütün fəaliyyəti və fərdi keyfiyyətləri ilə xalqına, millətinə, digər tanınmış siyasətçilərə nümunə olan Heydər Əliyev siyasət dünyasında bacarığı, səriştəsi, uzaqgörənliyi, hadisələri hiss etmə, duyma və düzgün qərarlar vermə qabiliyyətinə görə nadir şəxsiyyət olmuşdur. Ulu öndər malik olduğu bu keyfiyyətlər sayəsində Azərbaycanı siyasi, iqtisadi, ideoloji cəhətdən inkişaf etdirərək özünün arzuladığı səviyyəyə çatdırmışdır. 
Onun xidmətlərini sadalamaqla bitib tükənən deyildir. Lakin reallıqları, dahi öndərin Vətəni, xalqı, milləti üçün etdiklərini görmək və onları qiymətləndirmək üçün onun keçdiyi həyat yoluna nəzər salmaq lazımdır. Bu yol onun ölkə rəhbəri simasında fəaliyyətə başladığı 14 iyul 1969-cu ildən başlanmışdır. Həmin tarixdə Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə seçilmişdir. Bu dövrdə respublikamız ictimai-siyasi, sosial-iqtisadi, mənəvi-psixoloji və s. sahələri əhatə edən problem və çətinliklərlə üz-üzə qalmışdı. İqtisadiyyat durğunluq vəziyyətinə düşmüş, əsas iqtisadi göstəricilərin səviyyəsinə görə Azərbaycan keçmiş sovetlər birliyində sonuncu yerlərdən birini tutmuşdu. 
Belə taleyüklü, çətin və məsuliyyətli məsələlərin həlli ölkənin yeni rəhbəri Heydər Əliyevin üzərinə düşdü. 1969-cu ilin avqustunda onun rəhbərliyi ilə keçirilən Azərbaycan KP MK-nın Plenumu yeni inkişaf mərhələsinin başlanğıcı oldu. Bu plenumda Heydər Əliyev xalq təsərrüfatında yaranmış qeyri-qənaətbəxş vəziyyətin səbəblərini açıqladı və vəziyyətdən çıxış yollarını müəyyən etdi. O, çox uzaqgörənliklə hiss edirdi ki, ölkənin, millətin siyasi müstəqilliyi onun iqtisadi azadlığından keçir. Bu amilləri nəzərə alaraq həmin dövrdə qısa müddət ərzində onun rəhbərliyi və bilavasitə iştirakı ilə Azərbaycanın uzunmüddətli iqtisadi inkişaf strategiyası hazırlandı və həyata keçirilməyə başlandı. 
Heydər Əliyev 1969-1982-ci illər ərzində xalqı səfərbər edərək qarşıya qoyduğu strateji məqsədlərə nail oldu. Həmin illər Azərbaycan xalqının quruculuq səlnaməsinə qızıl hərflərlə yazıldı. Heydər Əliyev Azərbaycanı qüdrətli, elmi-intellektual kadr potensialına malik olan, güclü sənaye, kənd təsərrüfatı və enerji potensialına sahib, İttifaq miqyasında göstəricilərinə görə ilk yerlərdə dayanan bir respublikaya çevirdi.
İttifaq miqyasında Heydər Əliyevin gündən-günə artan nüfuzu sayəsində SSRİ hökuməti 1970-1978-ci illər ərzində respublikamızda xalq təsərrüfatının intensiv inkişafı ilə bağlı beş xüsusi əhəmiyyətli qərar qəbul etmişdir. 1970-1982-ci illərdə Heydər Əliyevin xidmətləri nəticəsində respublikamızda iqtisadiyyatın inkişafı dinamik xarakter almış, həmin illər quruluculuq və inkişaf mərhələsi kimi tariximizə həkk olunmuşdur. Ölkə yüksək sosial-iqtisadi göstəricilərə nail olaraq bütün istiqamətlərdə orta ittifaq göstəricilərini ötüb keçmişdir. Belə ki, həmin dövrdə istehsal edilən milli gəlir 2,6 dəfə, sənaye məhsulunun həcmi 2,7 dəfə, kənd təsərrüfatı məhsulunun həcmi 2,3 dəfə artmışdır. 
 Heydər Əliyev 1969-1982-ci illər ərzində Azərbaycanı inkişaf etdirərək SSRİ tərkibində özünü təmin etmək imkanları olan respublikaya çevirmişdi. 1982-1992-ci illər ərzində ölkəyə rəhbərlik etmiş səriştəsiz adamların fəaliyyəti nəticəsində əvvəllər yaradılmış potensial dağıdılmış, iqtisadiyyat yararsız hala düşmüş, ölkə faktiki olaraq böhrana düçar olmuşdur. Böhran vəziyyəti ölkənin ictimai həyatının bütün sahələrini bürümüş, çox çətin bir vəziyyət yaranmışdı. Bu vəziyyəti nəzərə alaraq Heydər Əliyev demişdir: “Azərbaycanın tarixində nəinki illər itirilmiş, həm də bu illərdə Azərbaycan “ölüm və ya olum” dilemması ilə üz-üzə qalmışdı”. Belə bir çətin vəziyyətdə xalq ümidini Heydər Əliyevə bağlayaraq, onu təkidlə respublika rəhbərliyinə qaytardı. Beləliklə, 15 iyun 1993-cu ildən etibarən xalqın qurtuluşu başlandı. 
Ulu öndər vəziyyyətin çətin, ağır olduğunu görərək qarşıda duran vəzifələrin məsuliyyətini çiyninə götürdü və yenidən quruculuq fəaliyyətinə başladı. Bu mərhələdə fəaliyyət artıq Azərbaycanın müstəqil dövlət olaraq qarşısında duran çox mühüm yeni dövlət modelinin yaradılmasına yönəldilməli idi. Məhz bu zəruri məsələləri nəzərə alan ümummilli lider qeyd edirdi ki,  Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasından sonra strateji məqsəd yeni iqtisadi sistemə transformasiyadan, güclü dövlətçiliyin, onun siyasi və iqtisadi əsaslarının yaradılmasından, makroiqtisadi sabitliyin təmin edilməsindən, qanunlara tabe olan intelektual azad insanlar birliyinin, sosial dövlətin yaradılmasından ibarətdir. 
Yenicə müstəqillik qazanmış Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, onu inkişaf etdirməyi özünün əsas vəzifəsi hesab edən, dövlətçilik ənənələrini əldə rəhbər tutan ulu öndər respublikamızda dövlət quruculuğu və dövlətçiliyin inkişafının təməl prinsiplərinin əsasını yaratmışdır. Bunun əsasında həyata keçirilən iqtisadi islahatlar və strategiya nəticəsində ölkədə getdikcə genişlənən iqtisad-siyasi böhranın qarşısı alınmış və ictimai siyasi sabitliyi təmin etmək mümkün olmuşdur.
1993-cü ilin payızında Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev ölkənin inkişaf strategiyasını hazırladı və onu reallaşdırmağa başladı. Bu strategiya ölkənin tarixi-iqtisadi xüsusiyyətlərini, geosiyasi şəraiti, milli mənafeyi, müasir dövrün tələblərini əsas tutaraq fəaliyyətin prioritet istiqamətlərini özündə əks etdirirdi. Bu istiqamətlərə makroiqtisadi sabitləşmə, bütün sahələrdə islahatların keçirilməsi, beynəlxalq inteqrasiya proseslərinə fəal surətdə qoşulma, ölkənin geosiyasi və geoiqtisadi mövqelərinin möhkəmləndirilməsi, xalqın sosial rifahının yaxşılaşdırılması, xarici iqtisadi əlaqələrin genişləndirilməsi, beynəlxalq maliyyə kredit təşkilatları ilə əlaqələrin təkmilləşdirilməsi kimi vacib və zəruri məsələlər aid idi. Elmi-nəzəri və iqtisadi əsaslara söykənən bu strategiyanın əsasını ölkənin zəngin iqtisadi potensialını hərəkətə gətirməklə, dünya bazarında öz məhsulları ilə layiqli yer tutmaqla, ölkənin mövqeyinin möhkəmləndirilməsinə nail olmaq və bu əsasda bütün məqsədləri reallaşdırmaqdan ibarət fəaliyyət təşkil edirdi. 
Heydər Əliyevin Azərbaycanda formalaşdırdığı və reallaşdırdığı iqtisadi siyasətin xarakterik cəhətləri çoxşaxəlidir. Bunlardan birincisi ondan ibarətdir ki, ulu öndər sabitliyin təmin edilməsinin əsasını neft strategiyasında, onun bazasında reallaşdırılan xarici investisiya siyasətində görürdü. Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ilin 20 sentyabr tarixində bağlanmış “Əsrin müqaviləsi” ölkəmizin taleyində həlledici rol oynadı. Bu müqavilənin reallaşdırılması nəticəsində dünyanın 10-dan artıq ölkəsindən tanınmış şirkətlər Azərbaycana cəlb edildilər. Onların respublikamızda fəaliyyət göstərdiyi illər ərzində iqtisadiyyata 125 milyard dollar həcmində xarici investisiya qoyuldu.
Heydər Əliyev tərəfindən reallaşdırılan sosial-iqtisadi siyasətin mühüm cəhətlərindən biri də bu siyasətin insan amilinə yönəldilməsi idi. Bu istiqamətdə fəaliyyəti gücləndirmək üçün ­1993-1994-cü illərdə Azərbaycanda fəaliyyət göstərən aparıcı beynəlxalq neft şirkətlərindən birinin nəzdində “qara qızılı” millətin xeyrinə olaraq “insan kapitalına” çevirmək məqsədilə İnsan İnkişafı Mərkəzi yaradıldı. 1995-ci ildə ilk dəfə olaraq Azərbaycanda Milli İnsan İnkişafı hesabatı nəşr edildi. Bu hesabat özündə insanların uzun və sağlam ömür parametrlərini, təhsil səviyyəsini, tibbi xidmət səviyyəsini, mənzillə təminolunma səviyyəsini və bu kimi çoxsaylı sosial məişət göstəricilərini əks etdirir. Qlobal İnsan İnkişafı hesabatına əsasən, Azərbaycan 1993-cü ildə İnsan İnkişafı İndeksinə görə 174 ölkə arasında 110-cü yerdə olmuşdursa, 2003-cü ildə artıq 170 ölkə arasında 89-cu yerə qalxmışdı.
Ölkədə reallaşdırılan dövlət siyasətinin ən mühüm istiqamətlərindən biri də xarici iqtisadi əlaqələrin inkişaf etdirilməsi və bu əsasda dünyanın aparıcı maliyyə-kredit təşkilatları ilə əlaqələrin yaradılması və getdikcə təkmilləşdirilməsi olmuşdur. Müstəqillik əldə edildikdən sonra qısa bir müddət ərzində Azərbaycan dünyada böyük rola və əhəmiyyətə malik olan beynəlxalq maliyyə-kredit təşkilatlarına üzv olmağa başladı.
Qeyd edilən beynəlxalq maliyyə qurumlarının ölkəmizdə reallaşdırdıqları layihələr əsasında yeni iqtisadi sistemə transformasiyanı təmin edən bazar iqtisadiyyatına keçid üzrə islahat proqramları reallaşdırılmış, makroiqtisadi sabitləşməyə nail olunmuş, qaçqın və köçkünlərin problemlərinin həll edilməsinə kömək göstərilmiş, yardımlar verilmiş, həm aqrar sektorda, həm də qeyri-neft sektorunda əsaslı yenidənqurma işləri aparılmış, çoxsaylı iş yerləri yaradılmış, neft gəlirlərindən səmərəli istifadə və onun şəffaf idarə edilməsi sistemi yaradılmış, infrastrukturun bərpa edilməsi sürətləndirilmişdir.
Ulu öndər tərəfindən aparılan makroiqtisadi sabitləşmə siyasətinin mühüm elementlərindən biri də Azərbaycanın Minilliyin İnkişaf Məqsədlərinə qoşulması olmuşdur. Bu məqsədlər özündə ölkədə dayanıqlı inkişafı təmin edən, yoxsulluğun azaldılmasına nail olunmasını və insan inkişafını əsas götürən 8 məqsəd, 21 hədəf və 60 göstəricini əks etdirir. Minilliyin İnkişaf Məqsədləri 2000-ci ildə 147 dövlət və hökumət başçılarının iştirakı ilə Nyu-York şəhərində Birləşmiş Millətlər Təşkilatının Sammitində qəbul edilmişdir. Bu inkişaf məqsədlərinə qoşulmaqla öhdəliyə imza atan Heydər Əliyev Azərbaycanın spesifik xüsusiyyətlərini, yerli şəraiti və inkişaf səviyyəsini nəzərə alaraq ölkə üçün inkişaf məqsədlərinin əsas hədəflərini müəyyən etdi. Bu istiqamətdə aparılan fəaliyyətin əsas məqamı yoxsulluğun azaldılması problemi idi. Bu məsələ üzrə milli strategiya sənədi olan “Yoxsulluğun azaldılması və iqtisadi inkişafa dair Dövlət Proqramı” qəbul edildi. Bu sənədlə hökumət tərəfindən həyata keçirilməli prioritet istiqamət və tədbirlər müəyyən edildi. Beynəlxalq təşkilatlarla, xüsusən də Dünya Bankı ilə aparılan birgə fəaliyyət nəticəsində ölkədə yoxsulluq həddindən aşağı səviyyədə yaşayan əhalinin sayı 1996-cı ildəki 68,1 faizdən 2002-ci ildə 46,7 faizə, 2003-cü ildə 44,7 faizə salınmışdır. Hazırda yoxsulluq səviyyəsi 5 faiz təşkil edir. Ümummilli lider Heydər Əliyev demişdir: “Bizim vəzifəmiz yoxsulluqla mübarizəni daha da gücləndirmək, yoxsulluğu azaltmaq və gələcəkdə Azərbaycanda yoxsulluğu tamamilə ləğv etməkdən ibarətdir”.
Ulu öndərin rəhbərliyi altında ölkədə sabit və dayanıqlı inkişafın təmin edilməsini reallaşdırmağa zəmin yaradan bir sıra proqram və qanunlar qəbul edilmişdir. “Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya” qəbul və icra edilmiş, onun əsasında “Neft fondu” yaradılmışdır. “Azərbaycan Respublikasında xüsusi iqtisadi zonaların yaradılması və fəaliyyətinin tənzimlənməsi haqqında”, “İnvestisiya fəaliyyəti haqqında”, “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət proqramı”, Azərbaycan Respublikasında maşınqayırma sənayesinin inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)” “Azərbaycan Respublikasında aqrar bölmənin inkişafının Dövlət Proqramı (2002-2006-cı illər)” qəbul edildi. Bunlara paralel olaraq “Sahibkarlar Şurası” və “Azərbaycanda İnvestisiyaların Təşviqi və Məsləhət Fondu” yaradıldı. Həyata keçirilən iqtisadi inkişaf siyasəti nəticəsində ÜDM-in həcmi 2001-ci ilə nisbətən 2003-cü ildə 1,3 dəfə, iqtisadiyyata yönəldilən xarici və daxili investisiyaların həcmi 3,7 dəfə artmışdır. 
Heydər Əliyevin Azərbaycanda formalaşdırdığı və reallaşdırdığı siyasətin ən mühüm istiqamətlərindən biri də dayanılıqlı maliyyə-büdcə, vergi sisteminin formalaşdırılması idi. Bu məsələyə yüksək qiymət və dəyər verən ulu öndər sistemin mərhələli təkmilləşməsini xüsusi diqqət mərkəzində saxlayırdı.
Makroiqtisadi sabitliyin təmin edilməsində dövlət gəlirlərinin əhəmiyyətinə önəm verən ulu öndərin rəhbərliyi altında vergi sistemi və onun normativ hüquqi bazası formalaşdı, vergi qanunlarının tədbiqinə dair təlimat və əsasnamələr hazırlandı. Bunlarla yanaşı, ölkədə makroiqtisadi sabitliyi daha da mökəmləndirmək, onu bütün sahələrdə daha da təkmilləşdirmək istiqamətində bir neçə fərman imzalandı. Ulu öndərin imzaladığı 1993-cü il 24 noyabr tarixli “Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsi tədbirləri haqqında”, 1993-cü il 15 iyun tarixli “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və iqtisadiyyatın maliyyə vəziyyətinin sabitləşdirilməsi tədbirləri haqqında” fərmanları, “Azərbaycan Respublikasında iqtisadi yüksəliş və strukturun yenidən qurulması üzrə ortamüddətli proqram”, “Dövlət sektoruna investisiya qoyulmasının ortamüddətli proqramı”, “2002-2005-ci illərdə turizmi inkişaf etdirmək və turizm ehtiyatlarından səmərəli istifadə etmək proqramı” və digər fərman və proqramlar əsasında makroitisadi sabitliyin daha da möhkəmləndirilməsinin prioritet istiqamətləri müəyyən edilmişdir. 
Bu gün beynəlxalq miqyasda Azərbaycanı xarakterizə edən əsas parametrlərdən biri də onun sürətli iqtisadi inkişaf tempinə malik olmasıdır. Buna nail olmaq üçün ölkədə məqsədyönlü və gərgin işlər aparılmış, çoxşaxəli islahatlar reallaşdırılmışdır. Bu islahatların ən mühüm elementlərindən biri də dövlət mülkiyyətinin özəlləşdirilməsi olmuşdur. Hələ 1995-2000-ci illər ərzində Heydər Əliyev tərəfindən iki özəlləşdirmə proqramı qəbul edilmişdir. Həmin proqramların icrası nəticəsində ümumi daxili məhsul 1996-cı ildə 1,3 faiz, 1997-ci ildə 5,8 faiz, 1998-ci ildə 10 faiz, 1999-cu ildə 12 faiz artmışdır. Özəlləşdirmə proqramının əsas məqsədi iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi, rəqabət mühitinin formalaşdırılması əsasında milli iqtisadiyyatın səmərəliliyinin yüksəldilməsi, bazar münasibətlərinin iqtisadi əsası kimi özəl mülkiyyətçilər təbəqəsinin genişləndirilməsi və s. məsələlərdən ibarət olmuşdur.
Aparılan təhlillərdən belə bir nəticəyə gəlmək olar ki, müstəqillik əldə ediləndən ötən ilk beş ili, yəni 1996-cı il də daxil olmaqla həmin dövrü iqtisadiyyatın bazar prinsiplərinə uyğunlaşması, iqtisadi sistemin transformasiyasının ilkin mərhələsi adlandırmaq olar. Sonrakı 1997-2003-cü illəri iqtisadiyyatın sabitləşməsi və transformasiyanın dərinləşməsi mərhələsi kimi qiymətləndirmək olar. Ulu öndər tərəfindən aparılan köklü islahatlar nəticəsində iqtisadiyyat yenidən qurulmuş, yeni iqtisadi sistemə transformasiya sürətlə getmiş, ölkənin qeosiyasi və geoiqtisadi mövqeyi möhkəmlənmiş, ümumbəşəri dəyərlərdən bəhrələnərək idarəetmə modellərinin müsbət meyilləri əsasında iqtisadiyyatın sahələri inkişaf etdirilmiş və nəticədə milli dayanıqlı və davamlı iqtisadi inkişaf modeli formalaşmışdır.
2003-cü ildən başlayaraq, Azərbaycan Respublikasında ulu öndər tərəfindən yaradılmış milli dayanıqlıq və davamlı iqtisadi inkişaf modeli Heydər Əliyevin layiqli davamçısı İlham Əliyev tərəfindən uğurla və daha təkmil formada reallaşdırılır. İlham Əliyev öz fəaliyyətində dövrün müasir idarəçilik üsul və qaydalarını tətbiq etməklə ölkəmizin beynəlxalq aləmdə daha böyük uğurlara nail olmasına imza atmışdır. Onun rəhbərliyi dövründə aparılan müdrik islahatlar, məqsədyönlü daxili və xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilmişdir. Bu nəticənin əldə edilməsində başlıca amil səmərəli, uğurlu iqtisadi siyasət olmuşdur. 
 “Əsrin müqaviləsi”ndən sonra ölkəmizin iqtisadiyyatında başlanan canlanma nəticəsində bir sıra neft və neft-qaz müqavilələri imzalanmış, enerji ixracı marşrutları reallaşdırılmışdır. Bu sahədə “Bakı – Tbilisi – Ceyhan” neft kəməri xüsusi əhəmiyyətə malikdir. Əgər “Əsrin müqaviləsi” kimi nəhəng müqavilənin imzalanması müstəqillik illərinin enerji tarixinin ilk əsas səhifəsini təşkil edirsə “Bakı – Tbilisi – Ceyhan”ın inşası bu tarixin əsas hərəkətverici qüvvəsi sayılır. Bunun ardınca qaz ixracının əsas marşrutu olan Bakı – Tbilisi – Ərzurum (Cənubi Qafqaz) boru kəməri işə salınmışdır. 
Hazırda İlham Əliyevin rəhbərliyi altında Avropada ən iri infrastruktur leyihələrindən biri olan Cənub Qaz Dəhlizinin tikintisi yekunlaşmaq mərhələsindədir. Ötən il TANAP və Cənubi Qafqaz dəhlizinin açılışı olmuşdur. 
Ölkədə aparılan məqsədyönlü iqtisadi siyasət nəticəsində Azərbaycan nəinki bölgədə, eləcə də Avrasiya məkanında nəqliyyat mərkəzinə çevrilməkdədir. Bakı – Tbilisi – Qars dəmir yolunun işə salınması tarıxı hadisədir. Bununla yanaşı, Şimal – Cənub nəqliyyat dəhlizinin yaradılması xüsusi əhəmiyyət kəsb edir. Bu gün Şərq – Qərb və Şimal – Cənub nəqliyyat dəhlizlərində birləşən ölkələrin sayı 10-dan çoxdur və onların sayı artmaqda davam edir. Hər iki layihədə iştirak edən ölkə tək Azərbaycandır. Bu səbəbdən də Azərbaycan Avrasiyada çox böyük strateji nəqliyyat mərkəzinə çevrilir. Bu məsələdə xüsusi əhəmiyyət kəsb edən məsələlərdən biri də Ələt Beynəlxalq Dəniz Ticarət limanının işə salınması olmuşdur. 
İlham Əliyev tərəfindən uğurla davam etdirilən iqtisadi siyasətin mühüm elementlərindən biri də dünyaya iqtisadi inteqrasiyanı sürətləndirən xarici ticarət strategiyasıdır. Bu strategiya çərçivəsində həyata keçirilən ən zəruri məsələlərdən biri də qədim “İpək yolu”nun bərpası və onun daha da inkişaf etdirilməsidir. Bu vasitə ilə bir tərəfdən ölkələr arasında iqtisadi inteqrasiya güclənir, digər tərəfdən isə beynəlxalq yükdaşımalarına geniş meydan açılır. Tarixi İpək Yolunun bərpası çərçivəsində transmilli layihələrdən biri olan – TRASEKA proqramının hazırlanması və yaradılması işində Azərbaycan dünya dövlətləri ilə, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlarla qarşılıqlı təmasda yaxından iştirak etmiş və layihənin daimi katibliyinin Bakıda yerləşməsinə nail olmuşdur. Bu layihənin reallaşmasında əsas mərhələ 1998-ci ilin 8 sentyabr tarixində Bakıda “İpək yolunun bərpası” mövzusunda keçirilən beynəlxalq konfrans hesab edilir. 
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 9 ölkənin (Azərbaycan, Bolqarıstan, Gürcüstan, Qırğızıstan, Moldova, Rumıniya, Türkiyə, Özbəkistan, Ukrayna) başçıları və eyni zamanda, 13 beynəlxalq təşkilatın, 32 dövlətin nümayəndə heyətlərinin iştirak etdiyi konfransda İpək yolunun bərpası məqsədilə TRASEKA proqramı əsasında “Avropa – Qafqaz – Asiya” dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş imzalanmış, Bakı Bəyannaməsi qəbul edilmişdir. 
Daxili və xarici siyasətdə göstərdiyi xidmətlər, həmçinin neft strategiyasının reallaşdırılması, ölkədə makroiqtisadi sabitliyin davamlılığının təmin edilməsi sahəsindəki möhtəşəm nəticələrə görə Prezident İlham Əliyev xalqın şəksiz liderinə çevrilmişdir. Onun birbaşa rəhbərliyi altında həyata keçirilən tədbirlər nəticəsində 2003-cü ildən bu günədək ölkə iqtisadiyyatı real ifadədə 3,2 dəfə artmışdır. Bu, dünya miqyasında rekord göstəricidir. Həmin dövr ərzində ölkədə sənaye istehsalı 2,6 dəfə, ixrac 4,7 dəfə, valyuta ehtiyatları 24 dəfə artmışdır. Son 15 il ərzində Azərbaycan iqtisadiyyatına təxminən 250 milyard ABŞ dolları sərmayə qoyulmuşdur. Bu sərmayələrin yarısı xarici investisiyalardır. 
İlham Əliyev siyasətinin ən uğurlu məqamlarından biri ondan ibarətdir ki, Azərbaycan beynəlxalq aləmdə öz mövqelərini durmadan möhkəmləndirə bilir. Ölkəmiz Dünya Bankının “Doing Business” hesabatında 2006-cı ildə qeydə alınmış və o zaman 98-ci yerdə qərarlaşmışdı. Aparılan düzgün, məqsədyönlü, səmərəli islahatlar nəticəsində Azərbaycan 2018-ci ildə son hesabatda dünya miqyasında 25-ci yerdə olmuşdur. 
2003-2018-ci illər ərzində əhalinin məşğulluq problemləri uğurla həll olunmuş, bu dövr ərzində 2 milyon yeni iş yeri yaradılmışdır. 
Azərbaycanın sürətli iqtisadi inkişafının təmin edilməsində, əhalinin sosial rifahının daimi olaraq yüksəldilməsində, orta təminatlı təbəqənin formalaşmasında, məcmu istehsalın artımının sürətlənməsində xüsusi rola malik olan məsələlərdən biri sahibkarlıq mühitinin yaradılması və inkişaf etdirilməsidir. 1994-cü ilin sentyabrında Heydər Əliyevin rəhbərliyi ilə Bakıda “Sahibkarlıq strategiyası və iqtisadi yenidənqurma” mövzusunda keçirilən beynəlxalq konfransdan sonra ölkəmizdə kiçik və orta sahibkarlığın sürətli inkişafı başladı. Xarici təcrübədən geniş şəkildə istifadə edilməklə ölkədə sahibkarlığın inkişafı ilə bağlı dövlət proqramları qəbul edildi. Onların uğurla icra edilməsi nəticəsində hazırda ölkədə qeyri-neft sektorunun ümumi məhsulunun 80-85 faizi sahibkarlıq müəssisələri tərəfindən istehsal olunur. Kiçik və orta sahibkarlığın sürətli inkişafı məqsədilə onlara müxtəlif güzəştlər tətbiq edilir, dövlət tərəfindən ən zəruri köməklər göstərilir.
Ölkədə dayanıqlı inkişafı məqsədilə həyata keçirilən mühüm məsələlərdən biri də regionların sosial-iqtisadi inkişafının təmin edilməsi olmuşdur. Bu məqsədlə üç dövrü – 2004-2008, 2009-2013, 2014-2018- ci illəri əhatə edən “Regionların sosial inkişafı Dövlət proqramları” qəbul edilmiş və uğurla həyata keçirilmişdir. Hazırda yeni 2019-2023 cü illəri əhatə edən dördüncü proqramın icrasına start verilmişdir. 
Prezident İlham Əliyev tərəfindən aparılan düşünülmüş siyasət nəticəsində Azərbaycan həm iqtisadi, həm siyasi cəhətdən sabit və təhlükəsiz bir məkana çevrilmişdir. Azərbaycanda formalaşan və artıq beynəlxalq güclər tərəfindən də qəbul edilən davamlı, dayanıqlı iqtisadi inkişaf modelinin əsas gücü ondadır ki, onu xalq bəyənir və dəstəkləyir. Bu modelin reallaşdırılması nəticəsində ölkəmiz güclü dövlətə çevrilmişdir. Məhz bunun nəticəsində Azərbaycan beynəlxalq kürsülərdə öz sözünü deyir, müəstəqil siyasətini aparır və maraqlarını qoruya bilir. 
Azərbaycan Prezidentinin rəhbərliyi ilə aparılan düzgün iqtisadi və siyasi islahatlar nəticəsində ölkəmiz dünyada gedən riskli proseslərdən özünü qoruya bilmiş, dünya böhranından sonra dinamik inkişafını yenidən bərpa edə bilmişdir. 
Beləliklə, yuxarıda söylədiklərimizin məzmun yükünü və leytmotivini bir daha ümumiləşdirərək, belə nəticəyə gəlmək mümkündür ki, müasir Azərbaycan tarixinin son yarıməsrlik (1969-2019) bir dövrü dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin Vətənə və millətə sevgisinin, polad kimi möhkəm siyasi əqidəsinin, dərin və əsaslandırılmış elmi baxışlarının, fəlsəfi düşüncəsinin, gələcək nəsillərə böyük ümidlə ünvanladığı ümummilli və ümumbəşəri ideyalarının təntənəsi dövrüdür. 

Əvəz Ələkbərov,
Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və maliyyə institutları” kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR