A

“Quacquarelli Symonds” (QS) beynəlxalq reytinq təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Zoya Zaitseva UNEC-də olub.

Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev, ali təhsil müəssisələrinin rektorları, nazirliyin nümayəndələri iştirak edib.

UNEC-in rektoru, professor Ədalət Muradov bildirib ki, tədbirdə QS reytinqi üzrə ölkə universitetlərinin inkişaf imkanları açıqlanacaq. Azərbaycan ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə yer alması üçün kifayət qədər potensialının olduğunu deyən rektor, UNEC-in son illər bu istiqamətdə böyük uğurlar əldə etdiyinə diqqət çəkib. Ə.Muradov strateji hədəflərə nail olmaq bu sahədə işlərin daha da təkmilləşdirilməsinin vacibliyini vurğulayıb.

UNEC-də üçüncü dəfədir ki, olmaqdan məmnunluğunu ifadə edən Zoya Zaitseva bu ali təhsil müəssisəsinin QS reytinqində yer alması üçün tətbiq etdiyi innovasiyaları yüksək qiymətləndirib. Universitetlərin özlərini təqdim etmək bacarıqlarının onların reytinq sıralamasında mühüm rol oynadığını bildirən QS rəsmisi, bunun üçün ali təhsil müəssisələrinin ekspertlərlə çalışmalarının vacibliyini vurğulayıb. Xanım Zaitseva iştirakçılara universitetlərin QS reytinq cədvəlində yer alması meyarlarını  açıqlayıb, siyahıya daxil olmaq üçün vacib olan müraciət formaları və şərtlər haqqında ətraflı məlumat verib. Bildirib ki, QS reytinqi akademik nüfuza, universitetlərin müəllim-tələbə sayının nisbətinə, məqaləyə istinadlara, xarici müəllim və tələbələrin, elmi dərəcəli kadrların, professor-müəllim heyətinin məqalələrinin sayına, işəgötürənlərin nüfuzuna, həmçinin internet resurslarının effektivliyinə görə müəyyənləşdirilir.

Əksər ölkələrdə universitetlərin beynəlxalq reytinqinin onların elmi fəaliyyəti, təhsili və beynəlmiləlləşməsi ilə ölçüldüyünü deyən Z.Zaitseva, QS reytinqində məzunların işlə təmin olunması meyarına da ciddi önəm verildiyini qeyd edib. O, UNEC-in QS reytinqində işəgötürənlərin verdiyi səs sayına görə yalnız Azərbaycanda deyil, eləcə də regionda lider olduğunu bildirib. Digər ali təhsil müəssisələrinə də UNEC-in bu təcrübəsindən yararlanmağı tövsiyə edib.

Təqdimatdan sonra qonaqların sualları cavablandırılıb.

Tədbir Azərbaycan universitetlərinin məsul şəxsləri üçün "Beynəlxalq nüfuzun artırılması: Elektron təmsil, tədbirlər və  tərəfdaşlıq əlaqələrinin idarə edilməsi" mövzusunda seminarla davam edib. 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR