A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov UNEC İctimai Nəzarət Şurasının üzvləri ilə görüşüb.

Görüşdə 2018/2019-cu tədris ilinin yay imtahan sessiyası dövründə tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi və şəffaflığın təmin edilməsi istiqamətində imtahanların təşkili və keçirilməsi qaydaları müzakirə edilib.

Ə.Muradov ilk imtahanların yazılı keçiriləcəyini bildirərək, imtahan prosesinə nəzarətin və monitorinqlərin aparılmasının ənənəvi olaraq İctimai Nəzarət Şurasına həvalə ediləcəyini bildirib. Rektor rəsmi Facebook səhifəsindən imtahan sessiyasının başlanması ilə bağlı KİV, qeyri-hökümət təşkilatları, ictimaiyyət nümayəndələri və valideynlərə müraciət ünvanladığını diqqətə çatdırıb. Müraciətdə onlara UNEC-də imtahan sessiyasını yaxından izləmək, “Açıq qapı” günlərində iştirak etmək və müstəqil təhlillər aparmaq imkanlarının yaradıldığını qeyd edib.

UNEC İctimai Nəzarət Şurasının koordinatoru Etibar Əliyev imtahan sessiyasında şura üzvlərinin mütəmadi olaraq monitorinqlər aparacağını, rəy sorğuları keçirəcəyini, eləcə də “Açıq qapı” günlərində iştirak edəcəyini bildirib. E.Əliyev UNEC-də imtahan sessiyasının təşkilinin ildən-ilə daha da təkmilləşdirildiyini, keyfiyyətinin artırıldığını müşahidə etdiklərini vurğulayıb. Hər sessiyada imtahanla bağlı müraciətlərin nəzərəçarpacaq dərəcədə azaldığına diqqət çəkən təhsil eksperti, bunu müsbət hal kimi qiymətləndirib.

Professor Şahlar Əsgərov ictimai nəzarət şuralarının fəaliyyətinin təhsilin keyfiyyəti ilə bağlı yeni ideyaların paylaşılması baxımından əhəmiyyətindən danışaraq, UNEC rəhbərliyinin bu istiqamətdə yeniliklərə daim açıq olduğunu bildirib.

Xatırladaq ki, UNEC-in İctimai Nəzarət Şurasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, əməkdar elm xadimi, professor Şahlar Əsgərov, “XXI Əsr” Təhsil Mərkəzi İctimai Birliyinin rəhbəri Etibar Əliyev, “Trend” İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev, “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov, Parlament Jurnalistləri Birliyinin sədri, “Modern” Media Qrupunun baş direktoru Elşad Eyvazlı, “Azad Müəllimlər” İctimai Birliyinin sədri Məlahət Mürşüdlü, “525-ci qəzet”in müxbiri Sevinc Qarayeva və tələbə rektor Elmir Sadıqov təmsil olunur.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR