A

Hörmətli qonaqlar!

Əziz valideynlər! 

Bu günü hamımız üçün əlamətdar bir tarixə çevirən dəyərli məzunlar!
Hər birinizi salamlayıram. Hər biriniz xoş gəlmisiniz. Əziz məzunlar, bu gün münasibətilə hər birinizi təbrik edir, ən xoş arzu və diləklərimi çatdırıram.
Əziz məzunlar! Demək olar ki, siz ilk ən böyük uğura dörd il əvvəl tələbə adını qazananda imza atmısınız.Bu gün isə böyük bir şərəf və iftixarla UNEC-dən məzun olursunuz. Həyəcan, imtahan-sessiya stresi, təlaş, məhz tələbə həyatına xas olan sevinc və kədər, ömrünüzün təkrar olunmaz anları sizlərin ürəyində silinməz iz buraxaraq geridə qaldı. Siz həyatınızın möhtəşəm bir mərhələsini keçdiniz, alacağınız diplom müstəqil, eyni zamanda keşməkeşli iş həyatına buraxılış vərəqənizdir.

Dəyərli məzunlar! Siz hər baxımdan maraqlı hadisələrlə zəngin, elmin hər bir sahəsində inkişafın çox sürətlə getdiyi bir vaxtda məzun olursunuz. Azərbaycan dövləti yeni iqtisadi uğurlara imza atmaqda davam edir, yeni iş sahələri açılır, demokratik dəyərlər öz təsdiqini tapır, insan kapitalının formalaşması yolunda ciddi işlər görülür.

Müstəqil, peşəkar həyata baş vurmaq çətin olduğu qədər də maraqlı və həyəcanlıdır.

Dəyərli qonaqlar və məzunlar! Biz hamımız çox gözəl bilirik ki, təhsil yolunda çəkilən əziyyət heç vaxt yerdə qalmır, bəzən bir az gec də olsa öz bəhrəsini verir. Bu dörd il ərzində yetərincə çalışan, öz üzərində dayanmadan işləyən, axtarışda olan hər bir məzunu irəlidə yeni-yeni nailiyyətlər, yeni başlanğıclar, bəzən də ciddi sınaqlar gözləyir. Sizin əməyinizin,ortaya qoyduğunuz fədakarlığın gözlədiyiniz nəticələri verəcəyinə inanıram. Bu əminlik Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi və bu gün də Prezidentimiz cənab İlham Əliyevin çox böyük bir həssaslıqla davam etdirdiyi gənclərin təhsili ilə bağlı siyasətinə və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilə daimi diqqət və qayğısına əsaslanır. Milli, mənəvi dəyərlərin qorunmasında gənclərin rolunun yüksəlməsi, tarixi kökə bağlılıq, vətənpərvər ruhda tərbiyə, elmi-intellektual potensialın və gənclərin dövlət idarəçiliyində rolunun artırılması, Azərbaycan dövlətinin beynəlxalq aləmə inteqrasiyasının yaratdığı imkanlardan gənclərin yararlanması üçün möhkəm əsasların yaradılması məhz Prezident İlham Əliyevin siyasətinin strateji hədəfləridir.

Ümummilli lider Heydər Əliyev gənclərlə görüşündə “Bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclikdir,vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir.Gənclərimiz mükəmməl təhsil almalıdır,lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət göstərməlidir.” deyərək bütün gələcək nəsillərə nəsihətini vermiş oldu.

Gənclərə ayrılan bu diqqət və qayğı bir təhsil-elm ocağı kimi bizim qarşımıza çox böyük tələblər qoyur. UNEC sizi tələbə kimi qəbul edən gündən hər birinizin potensialının üzə çıxarılması, inkişafı, özünüzü bir fərd kimi inkişaf etdirməsi yönündə əlindən gələni etdi. Bunun nəticəsidir ki, bu gün qarşımızda məzun kimi duranlar nə istədiyini bilən, öz sözünü deməyi bacaran, hədəflərini artıq müəyyən etmiş, iş həyatına hazır olan gənclərdir. Siz sabah Azərbaycanın iqtisadi inkişafının, rifahının aparıcı qüvvəsi, bilavasitə iştirakcısı olacaq, Azərbaycanın parlaq gələcəyinin təminatçılarısınız. Bu günün tələblərinə cavab verən mütəxxəsis, tədqiqatcı keyfiyyətləri olan,texnoloji yenilikləri mənsimsəmiş, müasir dünya ilə ayaqlaşan məzunları, sizləri yetişdiririk. Sizlərlə birlikdə tələbə mərkəzli universitet qurduq,tələbələrin öz üstünlüklərini göstərməyə və sübut etməyə imkan verən fərqli mühit yaratdıq. Universitetin gələcəyi ilə bağlı məsələlərdə tələbələri bərəbər hüquqlu tərəfə çevirdik. Tələbələrin özünü idarə etməsi modelini qurduq. Tələbə-rektor institutunu təsis etdik. Tələbələrimizin innovativ və kreativ düşüncə tərzinin formalaşmasına çalışdıq, ilk olaraq innovativ biznes inkubator yaratdıq. 7 gün 24 saat fasiləsiz işləyən kitabxana yaradıb sizlərin istifadəsinə verdik. Dünyanın aparıcı universitetləri ilə rəqabət aparabilən distant təhsil mərkəzi UNEC-EXTERN yaratdıq. Dörd illik təhsil müddətində UNEC diplomu ilə yanaşı Avropanın aparıcı universitetlərinin də diplomunu əldə etmək şansı yaratdıq. UNEC tələbələri artıq Böyük Britaniyanın London İqtisadiyyat Məktəbinin, Fransanın Montpellier universitetinin, İsveçrənin UBIS universitetinin, Litvanın Mikolas Romeris universitetinin də diplomlarını əldə edə bilirlər. Fürsətdən istifadə edərək qeyd etmək istərdim ki, bu gün məzun olanlardan bir neçəsi həm də Fransanın Montpelier və İsveçrənin UBİS universitetinin diplomları ilə təltif olunacaqlar.Yunanıstanda Şərqi Makedoniya Texnoloji Universiteti ilə birgə magistr proqramının reallaşdırılmasına imza atdıq. Növbəti tədris ilindən başlayaraq Amerika Birləşmiş Ştatlarının Linkoln, Fransanın Montpelier universitetləri ilə magistratura səviyyəsində, Fransada fəaliyyət göstərən Fransız-Amerikan universiteti olan İCD universiteti ilə bakalavr səviyyəsində ikili diplom proqramlarına start verəcəyik. Linkoln universiteti ilə ikili diplom proqramı çərçivəsində UNEC magistrləri təhsilinin birinci ilini Amerikada oxuyacaq və xüsusilə sevindirici haldir ki, həmin tələbələrə bu müddət ərzində Amerikada işləmək hüququ veriləcəkdir. Əminəm ki, bugün məzun olan tələbələrimizdən də yeni açılan ikili diplom proqramlarında iştirak edənlər olacaqdır.

İkili diplom proqramlarının reallaşdırılmasının mənim üçün xüsusi önəm kəsb edən bir nəticəsinə də diqqətinizi çəkmək istərdim. Dünyanın aparıcı universitetlərində təhsil alan tələbələrin UNEC tələbələri ilə müqayisədə guya daha üstün bilik və bacarıqlara malik olması fikri alt-üst edildi və bu bir mifə çevrildi.Sizlər sübut etdiniz ki, dünyanın ən aparıcı universitətlərində təhsil alan tələbələrlə rəqabət apara biləcək poteniala sahibsiniz. Buna görə hər birinizə təşəkkür edir və sizin hər birinizlə fəxr edirəm.

Rusiya Federasiyası ərazisində təhsil xidmətləri göstərən ilk və bu günə qədər yeganə xarici universitet kimi UNEC Rusiya Federasiyasının müvafiq lisenziyasını aldı. Ölkəmizdə ilk dəfə təhsil klasteri yaratmaq istiqamətində uğur qazandıq, universitetimizin Zaqatalada filialı açıldı, universitetimizin nəzdində Maliyyə İqtisad kolleci fəaliyyətə başladı. Universitetimizin dünya səviyyəli universitetə çevrilməsi istiqamətində səylərimizi davam etdirəcəyik və bu işdə bundan sonra da bütün məzunlarımızın köməyinə də ümid bəsləyəcəyik. Görülmüş işlərin nəticəsidir ki, UNEC tələbələri keyfiyyət baxımından seçilir, keçən ilin nəticələrinə görə universitetimizə orta qəbul balı 409 bala yüksəlmişdir.

Əziz məzunlar! Biz sizə dörd dildə təhsil verdik, ideyalarınızı dəstəklədik, sizlərin yaradıcı fəaliyyəti üçün mühit yaratdıq. Qapısından girdiyiniz andan universitet binasının hər bir guşəsi sizlərə nəysə öyrətdi, bəzən önəmli bir mesaj ötürdü.

Dəyərli məzunlar! Dünyanın heç bir universiteti bir ömrə yetəcək qədər təhsil vermir. Aldığınız təhsil nə qədər mükəmməl olsa belə ömürlük deyil. Ona görə də, əldə edilmiş bilik ve bacarıqla kifayətlənnmək onları da bir müddət sonra itirmək deməkdir. Dayanmadan çalışın! Biliklərinizi yeniləyin və irəli gedin! Bu yolda heç bir çətinlik sizi qorxutmasın! Çünki siz UNEC məzunusunuz! Çünki sizlərə ilk öncə bu mənəvi gücü öz dəstəyimizlə biz vermişik, insani keyfiyyətlərin hər şeydən uca durduğunu öyrətmişik, təcrübə qazandırmışıq, özünüzə inam, müstəqil qərar vermə bacarığı aşılamışıq. Hansı mövqedə olursunuzsa olun hər birinizin dövlətimizə, vətənimizə xeyirli bir övlad, vətəndaş olacağından əminəm. Xəyallarınızın gerçəkləşməsi üçün vacib olan üç şeyi unutmayın:

-mənəviyyatınızı hər şeydən üstün tutun, mənəvi lider olun,
- tutduğunuz vəzifə, gördüyünüz iş nə olursa olsun, özünüzü bu iş üçün fəda edin,
- təvazökar olun və son olaraq, unutmayın ki, hər bir sabah bu gündən başlayır. 
Bir daha sizləri, bu günün sevincini sizlərlə bölüşən valideynlərinizi, dörd il boyunca sizinlə çiyin çiyinə çalışan hər bir müəlliminizi, bütövlükdə universitet kollektivini, bu tədbirin ərsəyə gəlməsində əməyi olan hər bir kəsi təbrik edirəm və təşəkkürümü bildirirəm.

Yolunuz açıq olsun, əziz məzunlar!

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay