A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) respublikada ilk dəfə olaraq Universitetlərarası 1-ci Kitabxana Forumu başlayıb.

Tədbirin ilk günündə Təhsil və Mədəniyyət nazirliklərinin nümayəndələri, ali məktəb rektorları, millət vəkilləri, aparıcı kitabxanaların rəhbərləri və digər qonaqlar iştirak ediblər. Forum UNEC-in əsas tədris binasında “Akademik kitabxanaların inkişaf perspektivləri: 24/7 modelindən yeni hədəflərə doğru” mövzusunda respublika elmi-praktik konfransı ilə start götürüb. Forumu açan UNEC-in rektoru, professor Ədalət Muradov bildirib ki, ölkə Prezidenti İlham Əliyev tərəfindən qəbul edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda müəyyən edilmiş məqsədlərə nail olmaq baxımından kitabxanalar xüsusi əhəmiyyətə malikdir. Rektor təhsilin keyfiyyətinin artırılması, qloballaşan dünyada kitabxanaların hər kəsə əlçatanlılığının təmin edilməsi üçün universitet kitabxanalarının çağdaş, innovativ sistemlərlə ayaqlaşmasının zəruriliyinin qeyd edib. Vurğulayıb ki, müasir universitet kitabxanasının inkişafı informasiya məkanında, təhsil sistemində və elmi kommunikasiyada baş verən dəyişikliklərin sürətinin artması ilə səciyyələnir. UNEC-də tədris prosesinin informasiya təminatının yaxşılaşdırılması istiqamətində atılan mühüm addımlardan biri kimi universitetdə fasiləsiz, yeddi gün 24 saat fəaliyyət göstərən, 24/7 kitabxananın yaradılması göstərilib. Eyni vaxtda 104 tələbəyə xidmət göstərmək imkanı olan 24/7 rejimli kitabxanada tələbələrin rahat və istənilən vaxt informasiya-bilik əldə etməsi üçün zəruri şərait var. Bir ildir fəaliyyət göstərən 24/7 kitabxana Azərbaycan, türk, ingilis və rus dillərində zəngin fonda, bir milyona yaxın elektron resursa çıxış imkanına malikdir. MDB məkanında Azərbaycanla yanaşı, bu tip kitabxanalara yalnız Rusiya və Ukraynada rast gəlmək mümkündür. Qafqaz Universitetləri arasında isə ilk dəfə UNEC-də 24/7 rejimli kitabxana yaradılıb. UNEC rektoru Ədalət Muradov çıxışında çox əhəmiyyətli təkliflər də səsləndirib. O, Azərbaycanda Universitet Kitabxanaları Assosiasiyasınin təsis olunmasını, universitet kitabxanalarının elektron informasiya resurslarının birləşdirilməsini və həmin resurslara vahid pəncərə çərçivəsində giriş imkanının yaradılmasını təklif edib. Eləcə də bildirib ki, universitet kitabxanaları arasında kitab mübadiləsi sisteminin qurulmasının vaxtı çatıb.

Daha sonra çıxış edən millət vəkilləri Ziyad Səmədzadə və Fazil Mustafa, Milli Kitabxananın direktoru Kərim Tahirov UNEC rektorunun təkliflərini, ümumiyyətlə, forumun təşkilini yüksək qiymətləndiriblər. Məruzəçilər cəmiyyətdə kitaba marağın, dəyərin artırılması üçün atılmalı olan addımlardan, bu işdə kitabxanaların üzərinə düşən məsuliyyətdən danışıblar.

Konfransdan sonra UNEC-in 1 saylı Oxu zalının açılışı olub. Forum çərçivəsində geniş kitab sərgisi və endirimli kitab satış-yarmarkası da təşkil edilib. Qonaqlara, həmçinin UNEC-in 24/7 kitabxanası ilə tanışlıq imkanı verilib. Tələbələr isə UNEC-in 24/7 Kitabxanasının 1 yaşına həsr olunmuş fləşmob keçiriblər. Forumun davamında Ali təhsil müəssisələrinin kitabxanalarının XXI əsrdə qarşılaşdıqları əsas problemlər, perspektivlər və hədəflər ətrafında diskussiyalar aparılıb. Forum zamanı UNEC KİM ilə ADA Universitetinin kitabxanası arasında qarşılıqlı əməkdaşlığa dair memorandum da imzalanıb. 

TOP XƏBƏRLƏR