A

UNEC-də təşkil olunan forumun davamı da maraqlı tədbirlərlə yadda qalıb.  

Universitetlərarası I Kitabxana Forumunun 2-ci günündə UNEC Kitabxana İnformasiya Mərkəzi və Tələbə Elmi Cəmiyyəti İQuiz İntellektual klubunun birgə təşkilatçılığı ilə “Biliyin carçıları” milli kvest yarışması keçirilib. Öncə çıxış edən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tələbələrlə iş üzrə prorektoru Səadət Qəndilova forum çərçivəsində keçirilən intellekt yarışmasının məqsədi və əhəmiyyətindən, tələbələrin həyatında kitabın, kitabxananın, biliyin rolundan danışıb. Yarışda dörd komanda “Səfəvi” (Texnologiya və Dizayn), ”Xəlifə” (Ekspertiza və Standartlaşdırma), “Ameteurs” (Maliyyə və Mühasibat), “Green wich” (Maliyyə və Mühasibat) adlı komandalar birincilik uğrunda mübarizə aparıb. Yarışda “Ameteurs” komandası qalib gəlib. Yarışan komandaların hər birinə sertifikatlar və kitablar təqdim olunub. Qalib komanda isə Tələbələrlə iş üzrə prorektor Səadət Qəndilovanın təqdimatı ilə UNEC rektoru, professor Ədalət Muradov tərəfindən imzalanmış diplomla mükafatlandırılıb.

Yarışın ardından UNEC Kitabxana İnformasiya Mərkəzinin 24/7 kitabxanasında iqtisadçı-ekspert Vüqar Bayramovun tələbələrlə görüşü keçirilib. Görüş tələbələrin istəyi ilə baş tutub. Görüşdə Vüqar Bayramov ölkədə mövcud iqtisadi vəziyyət, dünya dövlətləri ilə müqayisədə Azərbaycanda neft və qeyri-neft sektorunun inkişafı, xarici investorların ölkəyə cəlb edilməsi və s. kimi məsələlərdən danışıb. İqtisadçı-ekspert, həmçinin tələbələri maraqlandıran suallara cavab verib. Sonda isə Vüqar Bayramov görüşdə aktiv iştirak edən tələbələrə imzalı kitab təqdim edib.

Qeyd edək ki, Universitetlərarası I Kitabxana Forumu çərçivəsində təşkil olunan geniş kitab sərgisi və endirimli kitab satış-yarmarkası bu gün də davam edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay