Bu barədə Elmi Şuranın növbəti iclasında qərar qəbul edilib.
Elmi Şuranın iclası gündəliyə salınan məsələlərin müzakirəsi ilə başlayıb. İlk məsələ tədris prosesinin tədris-metodiki vəsaitlərlə təmin edilməsinin vəziyyəti olub. Bu haqda UNEC-in Tədrisin Keyfiyyətinə Nəzarət şöbəsinin müdiri Sevda Sərdarova hesabat verib. Hesabatda ayrı-ayrı fakültələr və kafedralar üzrə tədris proqramları və metodik göstərişlərlə təminatın səviyyəsi rəqəm və faizlərlə təqdim edilib. Məlum olub ki, bakalavr üzrə, ümumilikdə 499 fəndən 351-i tədris proqramı və 105 metodik gostərişlə, magistraturada isə 151 fəndən 75-i tədris proqramları ilə təmin olunub. Tədris proqramları olmayan fənlər sillabuslarla tədris olunur. Hesabat geniş müzakirəyə səbəb olub. Baloniya sistemində tədris proqramlarına və metodik göstərişlərə ehtiyac varmı? Rektor, professor Ədalət Muradovun bu sualı ətrafında fikir mübadiləsi aparılıb. Ədalət Muradov məsələnin müasir təhsil sisteminə uyğunlaşdırılması ilə bağlı aidiyyatı qurumlarla müəyyən müzakirələrin aparılmasının zəruriliyini vurğulayıb. Sevda Sərdarovanın hesabatı ümumilikdə qənaətbəxş qiymətləndirilib və səsə qoyularaq qəbul edilib.
Gündəlikdə ikinci məsələ İqtisadiyyat fakültəsinin dekanının hesabatı olub. Dekan dosent Asiman Quliyev 2018/2019-cu tədris ilində fakültənin fəaliyyəti haqqında hesabatı təqdim edib. Hesabatda tədrisin keyfiyyəti, elmi fəaliyyət və tələbələrlə iş barədə məlumat verilib. Təqdimatdan məlum olub ki, əvvəlki tədris illəri ilə müqayisədə tələbələrin imtahan nəticələrində, dərsə davamiyyətlərində müsbət dinamika müşahidə olunur. Rektor bundan sonra fakültə dekanlarının hesabatlarının daha dolğun hazırlanması, bunun üçün standart bir formanın qəbul edilməsi ilə bağlı tapşırıq verib.
Sonra sabiq tələbə rektor Elmir Sadıqov bir illik fəaliyyəti barədə hesabatla çıxış edib. Rektor Ədalət Muradov Elmir Sadıqovun fəaliyyətini yüksək qiymətləndirərək, ona səmərəli işinə görə Fəxri fərman təqdim edib.
Elmi Şurada cari məsələlər də müzakirə olunub. Beynəlxalq İqtisadi Əməkdaşlığın İnkişafı, UNEC Tədqiqat Mərkəzi, Bilik İqtisadiyyatı UNEC Tədqiqat Mərkəzi, UNEC Türk Dünyası İqtisadi Araşdırmalar Mərkəzi, UNEC Sığorta Məktəbi, UNEC Avropa İqtisadiyyatı Mərkəzi, UNEC İslam Maliyyə Mərkəzi, UNEC Kompozit Materiallar Elmi-Tədqiqat Mərkəzinin əsasnamələri Elmi Şuranın üzvləri tərəfindən təsdiqlənib. Elmi Şurada “Akademik məzuniyyətdən qayıdan və xaric olmuş təhsil alanların UNEC-ə bərpası Qaydaları”, “Yay semestrinin təşkil edilməsi ilə bağlı Qaydalar” və İqtisadiyyat fakültəsinin əsasnaməsi də səsləndirilib. Hər üç sənəd şura üzvləri tərəfindən qəbul edilib.
İclasda, həmçinin UNEC-də idarəetmənin təkmilləşdirilməsi məqsədilə rektorun tabeliyində qeyri-ixtisas kafedralarından ibarət Ümumi fənlərin tədrisinin təşkili departamentinin yaradılması barədə qərar qəbul edilib. Müəllim Təlim Mərkəzinin yaradılması barədə təklif də şura üzvlərinin səsverməsi ilə təsdiqlənib.