A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kitabxana İnformasiya Mərkəzinin daha bir kitabxanası istifadəyə verilib. Universitetin 2 saylı kitabxanasının əsaslı təmir və yenidənqurmadan sonra açılışı olub.  

UNEC-in 2 saylı tədris binasında yerləşən kitabxana ən müasir forma və üslubda yenilənib. Oxu zalının tərtibatında rəng seçimi xüsusilə uğurlu alınıb. Kitabxana görkəmi ilə ilk andan oxucuya müsbət enerji verir. Kitabxana əsaslı təmirdən sonra iqtisadiyyatın müxtəlif sahələrinə dair 11060 nüsxə Azərbaycan, ingilis və rus dillərində ədəbiyyatla təmin olunub. Kitabxana, həmçinin internetə və elektron resurslara çıxışı olan 25 yeni kompüterlə təchiz edilib. Kitabxanadan Azərbaycanın digər ali təhsil müəssisələrinin elektron kitabxanalarına, eləcə də Azərbaycan Milli Kitabxanasının 100 mindən çox resursuna daxil olmaq da mümkündür. Bundan başqa kitabxana “EBSCO” və “Web of Science” elektron platformalarına abunə olunub. Eyni zamanda kitabxananın UNEC-in daxili şəbəkəsində açıq istifadəsi reallaşdırılıb, ümumilikdə 24 mənbədən 1 milyona yaxın elektron resursa çıxış təmin edilib.

Kitabxananın açılışında iştirak edən UNEC-in rektoru prof. Ədalət Muradov yeniliklərlə maraqlanıb. Rektor bildirib ki, oxu zalında kompüterlərin sayı artırılaraq 25-dən 38-ə çatdırılacaq. Ədalət Muradov kitabxana fondunun zənginləşdirilməsi, yeni kitabların alınmasına dair tapşırıq da verib. Tövsiyə olunub ki, yeni nəşrlər alınmazdan əvvəl müəllim və tələbələrin rəyi öyrənilsin. UNEC Kitabxana İnformasiya Mərkəzinin direktoru Adilə Abdullayeva deyib ki, bununla bağlı sorğu-anket artıq hazırdır və tezliklə təqdim olunacaq. 

Qeyd edək ki, 2 saylı kitabxana da universitetin digər kitabxanaları kimi (24/7 kitabxanası istisna olmaqla), həftə içi saat 9:00-dan 22:00-dək fəaliyyət göstərir. Eyni vaxtda 130 oxucu burada əyləşərək kitabxananın xidmətlərindən istifadə edə bilər. Kitabxanada evə kitab verilişi də həyata keçirilir. 

TOP XƏBƏRLƏR