A

UNEC-də virtual reallığın təhsildə tətbiqinə dair təqdimat olub.

“VRINEDLY” startap şirkətinin təqdim etdiyi yeni texnoloji layihə ilə tanışlıq tədbirində UNEC-in professor-müəllim heyəti, rektor, professor Ədalət Muradov, həmçinin Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov, Azərbaycan Texniki Universitetinin rektoru, professor Vilayət Vəliyev, təhsil ekspertləri Məlahət Mürşüdlü və Etibar Əliyev iştirak ediblər.

Əvvəlcə çıxış edən rektor Ədalət Muradov bildirib ki, biz hər zaman təhsildə yeniliklərin tərəfdarıyıq və bu istiqamətdə görülən işlər nəticəsində UNEC-də “Elektron universitet” sisteminin, distant təhsil mərkəzinin – “UNEC Extern”nin yaradılmasına nail olmuşuq, adaptiv təhsilin ali məktəbdə tətbiqi ilə bağlı işlər isə davam edir.

Daha sonra gənclərdən ibarət startapçılar öz yeniliklərini təqdim ediblər. Onlar bildiriblər ki, “Təhsildə virtual reallıq” layihəsinin təqdimatını ali məktəblərdən ilk olaraq UNEC-də keçirirlər. Lakin layihə ABŞ-ın Silikon vadisində artıq bir çox şirkətlərin diqqətini cəlb edə bilib.

Layihənin rəhbəri və texniki direktoru əvvəlcə texnoloji yeniliyin alətləri – VR eynək, internet və kompüter proqramları haqda məlumat veriblər. “Virtual reallığ”ın əsas üstünlüyü müxtəlif məkanlarda olan insanları bir auditoriyada toplamaq və sonsuz sayda siniflər yarada bilmək imkanıdır. Ən kiçik zal 30 nəfərlikdir. Səs və görüntü 3D-dir. Bu distant təhsil proqramı VR eynəkləri ilə yanaşı, istənilən kompüter proqramında da işləyə bilir. Burada bütün idarəetmə müəllimdə olur. Ən vacib üstünlüklərdən biri də virtual reallıqda olanların sosiallaşa bilməsi, ünsiyyət qurmasıdır.

Layihənin imkanlarından danışdıqdan sonra startapçılar rektorların və digər iştirakçıların suallarını cavablandırıb, bəzi mübahisəli məqamlara aydınlıq gətiriblər. UNEC-in rektoru, professor Ədalət Muradov universitetdə yaradılan distant təhsil mərkəzinin funksiyasının bu layihə ilə eynilik təşkil etdiyini, hətta bəzi məqamlara  görə ondan üstün olduğunu qeyd edib. Buna baxmayaraq, startapçıların təqdim etdiyi yeni nəsil texnologiya yüksək qiymətləndirilib, gəlcəyin məhz “virtual reallıq”sız təsəvvür edilmədiyi vurğulanıb.

TOP XƏBƏRLƏR