A

UNEC-in rektoru, professor Ədalət Muradov rəsmi Facebook səhifəsindən universitetin məzunlarına müraciət ünvanlayıb. 

Müraciəti təqdim edirik:

“Əziz 2020 UNEC məzunları,

Bəşəri dəyərlərə sahib, geniş dünyagörüşlü, müasir bilikləri ilə özünə güvənən sizləri həyatın yeni mərhələsinə yola salmağın qürurunu yaşayırıq.  

Məzun adını qazanan bütün tələbələri səmimi qəlbdən təbrik edirəm. Siz məzunlar, xatirələrdən silinməyən, xoş anlarınıza şahid olan, uğurlarınıza vəsilə olacaq sevimli universitetinizlə vidalaşırsınız. Səmimi etiraf edək ki, sizlərə xoş abu-havada unudulmaz məzun günü bəxş etməyi səbirsizliklə gözləyirdik. Amma günün şərtləri bu arzumuzun həyata keçməsinə mane oldu.

Universitetimiz yeni hədəflərə, yeni uğurlara doğru addımlamaqda davam edir və bu yolda bütün UNEC ailəsinin böyük zəhməti göz önündədir. İnanıram ki, sərf edilən əməyin qazandırdığı uğurları gördükcə bu universitetin məzunu olmaqdan böyük fəxr hissi duyacaqsınız. Artıq həyatınızın yeni səhifəsi – fərqli dövrü başlayır. Hər uğurda universitet mühitinin, qazandığınız biliklər və bacarıqların özəl payı olduğunu heç bir zaman unutmayın, bu dəyəri qoruyun.

Bəlkə də indi dərindən hiss etmədiyiniz tələbəlik duyğusunu, zaman keçdikcə həsrətlə xatırlamağa başlayacaqsınız. İnanın, məzun olmaq əslində universitetə heç olmadığı qədər daha çox bağlanmaqdır. Bu elə bir bağlılıqdır ki, adını duyduğunuz anda ən xoş hisslər canlanır, yenidən tələbə olmaq istəyi yaranır.

UNEC məzunu adını qazandığınız andan etibarən, siz öz fərqliliyiniz və üstünlüyünüzü hər kəsə sübut etməyə başlayırsınız. Müasir düşüncəyə sahib, vətənpərvər, geniş dünyagörüşlü və nümunəvi biliyə sahib olmaq məhz UNEC məzununu fərqləndirən əsas cəhətlərdir.

Əziz məzunlar,

Həyatınızın yeni səhifəsində sizlərə uğur gətirəcək, sizi məqsədlərinizə çatdıracaq və vacib saydığım bir neçə məqama diqqətinizi çəkmək istəyirəm.

İlk məqam iradədir. Qazandığınız bilik və bacarıqların bəhrəsini yalnız iradə ilə görmək mümkündür. Hər kəsin fərqli uğur hekayəsinin qayəsində məhz insanların fərqli iradələrə sahib olması dayanır. Dəyərli məzunlar, parlaq gələcəyiniz üçün iradəli olmağı öyrənməniz mühüm şərtdir.

Tövsiyə edəcəyim ikinci məqam, əzmkarlıq və çalışqanlıqdır. Unutmayın ki, çalışqanlığın dəyəri əldə edilən nəticə ilə ölçülür. Çox çalışmaq deyil, qarşıya qoyduğunuz hədəfə çatacaq dərəcədə effektiv çalışmaq əsas şərtdir. Bu yolda sizə əzmkarlıq verəcək nüans isə gördüyünüz işi sevməkdir.

Tövsiyə edəcəyim üçüncü məqam isə ümiddir. Hansı şərtlər altında olmağınızdan, hansı mühitdə çalışmağınızdan asılı olmayaraq, heç vaxt ümidinizi itirməyin. Ümid sizi həyata bağlayan, sizin tükənməz enerji mənbəyinizdir.

Əziz məzunlar,

Əminəm ki, hər biriniz böyük uğurlara imza atacaq potensiala sahibsiniz. Böyük uğurlara sahib olmaq - istəyə və cəsarətə bağlıdır. Zirvəyə gedən yolda özünüzə güvənin.

Əlbəttə ki, həyatınız boyu qarşınıza bir çox fürsətlər çıxacaqdır. Bu fürsətləri tələsmədən yaxşı dəyərləndirin. Doğru qərarlar sizi karyerada sürətli yüksəlişə aparacaqdır.

Dəyərli məzunlar,

Böyük hədəflərə gedən yolda hər birinizə müvəffəqiyyətlər diləyirəm.

Yolunuz hər zaman açıq, uğur daim sizinlə olsun”.

TOP XƏBƏRLƏR