A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov Yeni Azərbaycan Partiyasının dekabrın 23-də "Vətən müharibəsində möhtəşəm zəfər: Azərbaycanın və regionun gələcəyinə baxış" mövzusunda keçirdiyi konfransda çıxış edib.

Rektor Ədalət Muradovun konfransdakı çıxışı:

“Hörmətli Əli müəllim,

Hörmətli Ceyhun müəllim,

Hörmətli konfrans iştirakçıları.

Mən ilk növbədə sizin hər birinizi salamlayıram.

Belə bir mötəbər konfransda çıxış etmək həqiqətən qürurvericidir və bu imkanı mənə yaratdığına görə konfrans təşkilatçılarına təşəkkür edirəm.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsi Azərbaycan torpaqlarının Ermənistan işğalından azad edilməsi, Azərbaycanın zəfəri, Ermənistanın isə kapitulyasiyası ilə başa çatdı!

Qarabağ Zəfəri ilk növbədə iqtisadi inkişaf, dövlət və ordu quruculuğu sahəsində illərdir Azərbaycanın apardığı siyasətin uğurunu ortaya qoydu. Başqa sözlə, bu zəfər Heydər Əliyev strategiyasının və İlham Əliyev siyasətinin zəfəri idi. Azərbaycan 2020-ci il tarixinə nadir uğurlu ölkə kimi daxil olaraq, dünyadakı yaxşı imicini ciddi şəkildə daha da yaxşılaşdırdı və öz gücünü bütün dünyaya bir daha sübut etdi.

Bu zəfər Azərbaycanın və eləcə də bütün regionun iqtisadi inkişafına ciddi təsir göstərməklə ölkəmizdə tamamilə yeni iqtisadi inkişaf amillərini formalaşdırdı. Bu amillərdən ən vacibi Qarabağda əldə edilmiş hərbi qələbəni Azərbaycanın gələcək dinamik, davamlı sosial-iqtisadi inkişafına transformasiya edə biləcək əhali, xalq məmnunluğudur. İnanırıq ki, məmnun xalqımızın Prezident İlham Əliyev ətrafında daha da sıx birləşməsi post-müharibə dövründə iqtisadi və sosial islahatlara  dəstəyi və etimadı daha da yüksəldəcək, islahatların səmərəliliyini əhəmiyyətli artıracaq. Eləcə də, xalq dövlət birliyinin güclənməsi və güclü siyasi iradənin mövcudluğu insanların həm də gələcəyə ümidini artıracaq. Nəticədə ölkənin iqtisadi gücünün və iqtisadi potensialının artımının əsas şərti təmin olunacaq.

Bildiyimiz kimi, Azərbaycan kiçik iqtisadiyyatlı ölkədir və bu amil həm iri həcmli qeyri-neft investisiyaların cəlb edilməsi, istehsalın həcminin kəskin artması, eləcə də dünyada proteksionist tədbirlərin güclənməsi ixracın artırılması üçün müəyyən problemlər yaradır. Qarabağın azad edilməsi Naxçıvanla Azərbaycanın birbaşa nəqliyyat əlaqələrinin qurulması nəticəsində ölkənin iqtisadi ərazisinin böyüdülməsi baxımından Azərbaycan-Türkiyə-Gürcüstan azad ticarət zonası iqtisadi regionlaşma çərçivəsində yeni perspektivlər vəd edən layihələrdən biri kimi görünür.

Digər çox ciddi bir layihə kimi, “Bir kəmər bir yol” layihəsində Azərbaycanın Qarabağ zəfərindən sonra rolunun artmasıdır.  Məlumat üçün qeyd edim ki, bu layihə uğurla reallaşdığı halda dünyanın 65% ÜDM-ni istehsal edən 65 ölkəsini birləşdirəcək. Bu layihə dünya əhalisinin 70%-ni, kəşf edilmiş enerji resurslarının 75%-ni əhatə edir.

Zəfərdən sonra Türkiyə-Azərbaycan iqtisadi əlaqələrinin inkişafında bir növ dönüş baş verdiyini, bundan sonra bu əlaqələrin davamlı dərinləşərək davam edəcəyini demək mümkündür. Zəfərdən əvvəl ölkələrimiz arasında preferesial ticarət sazişi imzalanmış, Zəfərdən sonra isə bir çox istiqamətlərdə yeni əməkdaşlıq sazişləri bağlanmışdır. Bura iki ölkə arasında gediş-gəlişdə vizanın aradan qaldırılması, şəxsiyyət vəsiqələri ilə qarşılıqlı gediş-gəlişin təmin edilməsi, İqdır-Naxçıvan qaz xəttinin çəkilməsi, Qars-İqdır-Naxçıvan dəmiryolu xəttinin tamamlanması, KOB, investisiyalar, nəqliyyat, inşaat və media sahəsində strateji əməkdaşlıq daxildir. Prezident İlham Əliyevin də elan etdiyi kimi, Qarabağın inşasında Azərbaycan və Türkiyə şirkətləri bərabər şəkildə fəaliyyət göstərəcəklər.  

Azərbaycan əgər belə demək mümkündürsə, Qarabağda tamamilə yeni hərbi praktikanı uğurla tətbiq etdi. Başqa sözlə, IV sənaye inqilabı anlayışından istifadə etsək IV hərbi inqilab etdi. Bu hərbi inqilab iqtisadiyyatın mülkü sektorunda IV sənaye inqilabının sürətlənməsinə təkan verəcək. Bildiyimiz kimi, təqribən 1 il əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davos İqtisadi Forumunda IV Sənaye İnqilabının Bakı ofisinin yaradılması üçün razılaşma imzaladı. Hazırda bu istiqamətdə çiddi işlər davam etdirilir. Başqa sözlə, IV sənaye inqilabına uyğun olaraq rəqəmsallaşma iqtisadi siyasətin prioritet istiqamətlərindəndir. Bu amili, habelə Qarabağın mövcud resurs və imkanlarını, münbit şəraitini, coğrafi mövqeyini, sərhədlərini və eləcə də Qarabağın relyefini nəzərə alaraq, “Qarabağ İnnovasiya Mərkəzi”nin yaradılmasını məqsədə uyğun hesab edirik.

Bu mərkəz ilk növbədə dövlət xidmətlərinin rəqəmsallaşdırılmasını önə çəkməli, istehlakçılar yerləşdiyi yerdə xidmətlərdən istifadə etmək imkanı əldə etməlidirlər.

Şübhəsiz ki, yuxarıda dediyim səbəblərdən “Teletibb xidmətlərinin” Qarabağda geniş tətbiqi məsələsi gündəmə gətirilə bilər.

Təhsil sektorunu təmsil etdiyim üçün təhsil sektoru haqqında deməyə bilmərəm. Düşünürəm ki, “Qarabağ” Universitetinin yaradılması vaxtıdır! Bu universitet əksər mütəxəssislər tərəfindən gələcəyin təhsil modeli kimi qəbul edilən qarışıq təhsil modeli (online = offline) əsasında qurulmalıdır. Qarabağ Universitetinin özəlliyi həm də xaricdə yaşayan azərbaycanlı professorların və tədqiqatçıların cəlb edilməsi ola bilər. Bir sözlə, “Rəqəmsal Qarabağ” Dövlət Proqramına ehtiyac duyulur.

Qarabagın Ermənistan işğalından azad edilməsi həm də Azərbaycan iqtisadiyyatının gələcəyi baxımdan çox ciddi alternativlər yaratdı. Bu alternativlər Azərbaycanın iqtisadi gücünü artırmaqla, onun iqtisadiyyatının diversifikasiyasını gücləndirməklə, həm də regionun iqtisadi xəritəsini dəyişmək gücündədir.

Bu baxımdan ilk olaraq qeyd etmək istərdim ki, Azərbaycan açıq dənizə çıxış imkanı olmayan ölkədir və açıq dənizə çıxış hazırda Gürcüstan vasitəsilə həyata keçirilir. Naxçıvanla Azərbaycan arasında birbaşa nəqliyyat koridorunun yaradılması açıq dənizə çıxışı Türkiyə vasitəsilə  də təmin etməyə imkan yaradacaq. Eləcə də, Qarabağ zəfərindən sonra ortaya çıxacaq yeni regional nəqliyyat şəbəkəsi Azərbaycanın bu sahədəki imkanlarının diversifikasiyasına gətirib çıxaracaq və bu gün mövcud olan asılılığı azaldacaq, tranzit potensialını əhəmiyyətli dərəcədə artıracaq.

Yeni alternativlərdən danışarkən Qarabagın bərpası və inkişafı üçün tələb olunan maliyyə mənbələrindən də danışmaq istərdim.  18 noyabr tarixində UNEC-də keçirdiyimiz “Müharibədən sonra Qarabağın iqtisadiyyatı: Regional İnnovasiya Mərkəzinin mühüm həlqəsi kimi” mövzusunda beynəlxalq konfransda “Qarabağ istiqrazları”nın emissiyası təklif edilmişdir. Düşünürük ki, alternativ maliyyə mənbəyi kimi  Qarabağın bərpası zamanı İslam maliyyəsi və ya bankçılığı kimi alətdən də istifadə edilə bilər və bu baxımdan Qarabagda fəaliyyət göstərən şirkətlər əlavə maliyyə mənbəyi kimi Sukuk istiqrazlarının tətbiqindən yararlana bilərlər. Başqa sözlə, Qarabağ istiqrazları həm də Qarabağ Sukuk istiqrazları kimi də emissiya edilə bilər və düşünürük ki, bununla xarici investisiya mənbələri də diversifikasiya edilə bilər. Məlumat üçün bildirim ki, transmilli şirkətlər General Electric və Goldman Sachs korporativ sukuk - İslam istiqrazları buraxırlar. 

Bu gün dünyanın 92-dən artıq ölkəsində üç yüzdən çox İslam maliyyə  institutu fəaliyyət göstərir və onların aktivləri 3.2 trl.  dollar, illik artım templəri isə 10-15% təşkil edir.

Bildiyiniz kimi, artıq bir neçə ildir ki, Prezident İlham Əliyevin tapşırığı ilə milli məhsulların xarici bazarlara çıxarılması üçün “Made in Azerbaijan” brendləşməsi həyata keçirilir. Qarabağda qida sənayesi üçün əlverişli şəraitin olduğunu əsas tutaraq düşünürük ki, “Qarabağ” Halal qida brendi yaradıla bilər və bununla bağlı hüquqi bazanın yaradılmasına, eləcə də PR kompaniyasına dərhal başlamaq olar.

Vacibdir ki, “Halal” işarəsini yeni bir təhlükəsizlik, saflıq və keyfiyyət standartı kimi təkcə müsəlmanlar deyil, digərləri də qəbul edirlər. 

Hörmətli konfrans iştirakçıları!

Bir məsələyə diqqətinizi çəkmək istərdim.            

Qarabağ ərazisinin 20 faizinin işğalını və Qarabağın dağlıq hissəsinin Azərbaycandan ayrılmasını əsaslandırmaq üçün Ermənistanın ən çox istifadə etdiyi uydurma arqumentlərindən biri ondan ibarət olub ki, ermənilər yaşayan ərazilər Azərbaycanın digər ərazilərilə müqayisədə guya daha az inkişaf edib. 30 ilə yaxın bir müddətdə işğal altında olan ərazilərin mövcud vəziyyəti bir daha göstərdi ki, həmin ərazilər həqiqətən inkişaf baxımından Azərbaycandan çox geridə qalıb və Ermənistan, Qarabağın separatçı rejimi həmin əraziləri inkişaf etdirə bilməyib və etdirə biməz. Quruculuq, yaradıcılıq, xalqın rifahının yaxşılaşması Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın missiyasıdır və əminəm ki, Prezident İlham Əliyevin dediyi kimi, Qarabağ dünyanın ən inkişaf etmiş regionlarından birinə çevriləcək.

Yekunda fürsətdən istifadə edərək məndən əvvəlki təbriklərə qoşularaq Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edir, ən xoş, ən səmimi arzularımı bildirirəm.

Diqqətinizə görə təşəkkür edirəm.”

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay