A

Yanvarın 19-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 20 Yanvar faciəsinin 26-cı ildönümü münasibəti ilə şəhidlərimizin xatirəsini əbədiləşdirən Memorial-Xatirə Kompleksinin açılış mərasimi keçirilib.

Memorial-Xatirə Kompleksində UNEC-in on üç tələbə və məzunlarının şəkli əks olunub. Açılış mərasimində universitetin kollektivi və şəhidlərin yaxınları iştirak edib.

Öncə vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. UNEC-in rektoru, professor Ədalət Muradov 20 yanvarın xalqımızın tarixinə sınaq, qəhrəmanlıq və inam günü kimi yazıldığını bildirib. Qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev öz həyatını təhlükə qarşısında qoyaraq, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, Qorbaçov hakimiyyətinin törətdiyi cinayəti ifşa edib və kəskin etirazını bildirib. Ulu Öndər bəyanatında xalqımıza qarşı törədilən qanlı cinayətin məsuliyyətinin o dövrkü SSRİ və Azərbaycan rəhbərlərinin üzərinə düşdüyünü bildirib və bütün azərbaycanlıları həmrəyliyə çağırıb. Az sonra Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 21 noyabr 1990-cı ildə yanvar hadisələrinə ilk siyasi qiyməti verib.Universitetin qəhrəman tələbələri çoxdur deyən rektor bildirib ki, bu sırada öndə UNEC-in şəhidlik zirvəsinə ucalan tələbə və məzunlarının adı gəlir. Buna görə də biz istədik ki, onların xatirəsi əbədiləşən Memorial-Xatirə Kompleksi universitetin ən görkəmli yerində olsun. UNEC-in 18 mindən çox tələbəsi hər gün bu abidənin önündən keçərkən vətən qarşısındakı borc və məsuliyyətlərini bir daha hiss etsinlər.

Tədbirdə iştirak edən şəhid ailələri onların keçdiyi həyat yolundan danışıb, xatirələrini bölüşüblər. 20 yanvar hadisələrinin Azərbaycan xalqının qanla yazılan şərəfli tarix olduğunu bildirərək, dövlətin onlara göstərdiyi qayğı və diqqəti yüksək qiymətləndiriblər.

20 yanvar faciəsi ilə bağlı UNEC-in bütün tədris binalarında dövlət bayraqları yarıya qədər endirilib. Saat 12:00-da universitet ərazisində bir dəqiqəlik sükut elan edilib. Bundan başqa, universitetin rəsmi (unec.edu.az) saytında 20 yanvar faciəsində şəhid olan tələbələr Habil Əzizov və İlqar Əbdülhəsənovun ailə üzvləri ilə müsahibələr yayımlanıb. Həmçinin universitet dəhlizlərində quraşdırılan monitorlarda 20 yanvar hadisələrini əks etdirən sənədli filmlər nümayiş etdirilib. UNEC tələbələrinin iştirakı ilə şəhidlərin xatirəsinə həsr edilən videoçarx hazırlanıb.Yanvarın 20-də isə UNEC kollektivi və tələbələri “Şəhidlər Xiyabanı”nı ziyarət edəcək.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR