A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Gənc professorlar” layihəsinin iştirakçıları ilə görüş keçirilib.

Universitet üçün mühüm əhəmiyyət daşıyan “gənc professorlar”ı daha aktiv olmağa çağıran rektor, professor Ədalət Muradov onlara öz tövsiyələrini çatdırıb. Bildirib ki, “gənc professorlar” tədqiqat işlərini müvafiq qaydalarda nəzərdə tutulan müddət çərçivəsində yekunlaşdırmalı, birgə elmi əməkdaşlıqlarını dərinləşdirməli, yüksək reytinqli beynəlxalq jurnallarda birgə məqalələrlə, həmçinin də milli və beynəlxalq elmi müsabiqələrdə birgə layihələrlə çıxış etməlidirlər. Ə.Muradov “gənc professorlar”ın universitetin gənc müəllimlərinə dəstək vermələrinin və öz təcrübələrini bölüşmələrinin vacibliyini də xüsusi vurğulayıb.

Tədbirdə Azərbaycanın iqtisadi inkişafının yeni mərhələsində “gənc professorlar”ın apardıqları tədqiqatların ölkə üçün mühüm əhəmiyyətindən danışılıb və həmin tədqiqatların nəticələrinin vaxtaşırı olaraq geniş ictimaiyyətə çatdırılmasının vacibliyi qeyd edilib. Rektor bildirib ki, UNEC-in yeni nəsil professorları cəmiyyətdə iqtisadçı ekspert kimi fəaliyyətlərini genişləndirməlidir. Onlar eyni zamanda İqtisad Universitetin radiosu, rəsmi saytı və qəzetində, həmçinin də sosial şəbəkələrdə aktual iqtisadi mövzularda çıxış etməli, ölkədə baş verən son iqtisadi proseslərə münasibətlərini bildirməli və müvafiq təkliflər verməlidir.

Ə.Muradov onu da əlavə edib ki, elmi-tədqiqatlarını genişləndirmək və təcrübələrini daha da artırmaq məqsədilə “gənc professorlar” mütəmadi olaraq nüfuzlu xarici universitetlərə və elmi-tədqiqat mərkəzlərinə ezam ediləcəkdir.

Sonda “gənc professorlar” fəaliyyətləri haqqında, xüsusilə də tədqiqat işlərinin gedişi, qarşıya çıxan problemlər və onların həlli yolları üzrə öz fikirlərini bildirib. Gələcək birgə elmi əməkdaşlıqlarının əsas istiqamətlərini müzakirə ediblər.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR