A

Fevralın 17-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Azərbaycanın nüfuzlu şirkət nümayəndələrinin və iş adamlarının iştirakı ilə tədbir keçirilib.

UNEC-in Texnologiya və dizayn fakültəsinin təşkilatçılığı ilə keçirilən tədbir “Yeni iqtisadi çağırış və modern təhsil” mövzusunda olub.

Tədbirdə respublikanın qeyri neft sektoru üzrə ən aparıcı şirkət, holdinq və müəssisələrindən Azərsun Holdinq MMC, Az-Granata MMC, MADO restoranlar şəbəkəsi, TAİS kommersiya-istehsalat şirkəti, Can-Pa MMC, Azərbaycan Üzümçülük və Şərabçılıq Elmi-tədqiqat İnstitutu, “Caspian Fish Co. Azerbaijan”, “Sevimli Dad” MMC, Gilan Tekstil Parkı, Gilan Holdinq istehsalat-kommersiya MMC, Avrora Şirkətlər qrupu, “Səhliyalı” MMC, “Zəhmət Ruzi” MMC (SAB) və digərlərinin rəhbərləri və nümayəndələri iştirak ediblər.

UNEC-in Tədris və təlim texnologiyaları üzrə prorektoru, professor Damət Bağırov Azərbaycan Respublikası Prezidentinin ölkədə biznes mühitinin yaxşılaşdırılması və dövlət idarəçiliyində səmərəliliyin artırılması istiqamətində apardığı islahatlardan danışıb. Bildirib ki, ölkə prezidentinin çağırışlarına UNEC real addımlarla cavab verməkdədir. Belə ki, universitetdə iqtisadi təhsilin modernləşdirilməsi və iqtisadi təhsildə keyfiyyət parametrlərinin yüksəldilməsi istiqamətində əhəmiyyətli işlər görülür. D.Bağırov bildirib ki, UNEC-in tələbə və məzunlarının işlə təmin olunması universitetin prioritetləri sırasındadır. Bunun üçün də universitet iş adamları və sahibkarlarla daha sıx əməkdaşlıq etmək niyyətindədir.

Görüşdə iştirak edən şirkət nümayəndələri və iş adamları müasir bazar tələblərinə cavab verən kadrların hazırlanmasında universitetlərin mühüm rol oynadığını bildirib. Azərbaycandakı zavod və müəssisələrin ən son texnologiyalar əsasında qurulduğunu bildirən qonaqlar, bu avadanlıqlardan istifadə üçün müasir standartlara cavab verən texnoloji mütəxəssislərə ehtiyac olduğunu vurğulayıb. Qeyd edilib ki, sahibkarlar da müəssisə və şirkətlərə yerli kadr və mütəxəssislərin cəlb olunmasında maraqlıdır. Çünki xaricdən dəvət olunan mütəxəssislərə daha artıq vəsait ödənilir.

Bunun üçün tələbələrə nəzəri biliklərlə yanaşı, praktiki biliklərin də tədris olunmasının vacibliyi qeyd olunub. Bildirilib ki, ali təhsil müəssisələrində aktuallığını itirən fənlər yeni tələblərə cavab verən fənlərlə əvəz olunmalıdır. Bunun üçün şirkət və müəssisələrin nümayəndələri tədris planları ilə yaxından tanış olmalı, gərəkli fənlərin tədrisi üçün təkliflər verməlidir.

Görüşdə UNEC-in Karyera mərkəzinin fəaliyyəti yüksək qiymətləndirilib. Bildirilib ki, UNEC tələbələri mütəmadi olaraq şirkətlərdə tanışlıq turunda olurlar. UNEC tələbələrinin digər universitetlərlə müqayisədə daha aktiv və həvəsli olduğu da bildirilib.

Tədbirin sonunda Texnologiya və dizayn fakültəsinin dekanı professor Vəkil Hüseynov respublikanın ən qabaqçıl müəssisə və şirkətlərinin rəhbərlərinə müzakirələr zamanı ölkənin qida və yüngül sənaye sahələri üzrə gənc mütəxəssislərin hazırlanması prosesində universitetə həmişə dəstək olduqlarını nümayış etdirdiklərinə görə təşəkkürünü bildirib.Tədbir müzakirələrlə davam edib, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün təkliflər verilib.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR