A

Aprelin 21-də UNEC-in Fəxri professoru Məmmədəli Paşayevin 90 illik yubileyi qeyd olunub.

Tədbirdə universitetin professor-müəllim heyəti, yubilyarın tələbələri və ailə üzvləri iştirak edib.

UNEC-in rektoru, professor Ədalət Muradov 90 illik yubileyi münasibətilə Məmmədəli Paşayevi universitet kollektivi adından səmimi-qəlbdən təbrik edib. Bildirib ki, həyatının böyük bir hissəsini kadr hazırlığına həsr edən Məmmədəli Paşayev universitetin dəyərli xəzinəsidir. Bu illər ərzində o, tarix elminin inkişafına əvəzsiz töhfələr verib. Universitetdə çalışdığı 50 ildən artıq əməyi istər universitet, istərsə də ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilərək Fəxri Professor və cənab Prezidentin sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb.

Yubilyara iqtisadçı kadrların hazırlanmasında xidmətlərinə və uzunmüddətli pedaqoji fəaliyyətinə görə UNEC-in və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Fəxri fərmanları təqdim edilib.

UNEC-in professoru Hidayət Cəfərov alimin ömür yoluna nəzər salaraq, onun ağır həyat sınaqlarından şərəflə çıxdığını və ən yüksək zirvəyə ucaldığını vurğulayıb. Məmmədəli müəllimin həmin zirvəyə ağlının, zəkasının, zəhmətinin, əməksevərliyinin, əqidə möhkəmliyinin və iradəsinin hesabına yüksəldiyini qeyd edib.

Tədbirdə UNEC-in professorları, millət vəkili Xanhüseyn Kazımlı, Zahid Məmmədov, Asiman Quliyev, Prezident Administrasiyasının məsul işçisi Xıdırnəbi Qaralov yubilyarı qabaqcıl alim kimi qiymətləndirərək, onun yüksək səviyyəli mütəxəssis, tələbə, alim və övlad yetişdirən əsl ziyalı olduğundan danışıblar.

Göstərilən diqqətə görə universitet rəhbərliyinə, kollektivinə və tədbir iştirakçılarına dərin minnətdarlığını bildirən Məmmədəli Paşayev həyatının böyük hissəsini həsr etdiyi azərbaycançılıq ideologiyasından danışıb. Milli-mənəvi dəyərlərin, milli ruhun qorunması, milli kadrların yetişdirilməsində azərbaycançılıq ideologiyasının rolunu vurğulayıb.

Yubilyar müəllim və tələbələrə əsl azərbaycanlı kimi yetişməyi, təhsilə, elmə yüksək qiymət verməyi tövsiyə edib: “Təhsili qoruyun, o sizə şəxsiyyət verəcək!”

Tədbir iştirakçılarına Məmmədəli Paşayevin həyatından bəhs edən "Ömür döngəsi" kitabı hədiyyə edilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay