Azərbaycan Dövlət İqtisad Universitetinin kollektivinə ağır itki üz vermişdir. UNEC-in Nəzəri və praktiki iqtisadiyyat kafedrasının professoru Telman Babayev dekabrın 25-də, 78 yaşında dünyasını dəyişmişdir.
Babayev Telman Qurban oğlu 30 sentyabr 1942-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Nüs-nüs kəndində anadan olmuşdur. Orta təhsilini də elə həmin kənd məktəbində almışdır.
Orta məktəbi bitirdikdən sonra Maliyyə-statistika texnikumunda qiyabi, Yeyinti sənaye texnikumunda isə axşam təhsil almışdır.
Əmək fəaliyyətinə doğulduğu kənddə klub müdiri limi başlamış, sonralar isə, Ordubad hidrometeoroloji xidməti idarəsində baş müşahidəçi, Bakı Biskvit fabrikində çilingər vəzifələrində işləmişdir.
1963-1965-ci illərdə hərbi xidmətdə olmuşdur.
1969-cu ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirərək, təyinatla institutun Siyasi iqtisad kafedrasında laborant vəzifəsində saxlanılmışdır. 1970-1973-cü illərdə aspiranturanın əyani şöbəsində təhsil almışdır.
1974-cü ildə “İnqilabdan əvvəlki Azərbaycanda iqtisadi ukladlar” mövzusunda dissertasiya işini müdafiə edərək iqtisad elmləri namizədi adını almışdır.
Kafedrada müəllim, baş müəllim vəzifələrində işləmiş, 1981-ci ildə Telman Babayevə dosent elmi adı verilmişdir. Müxtəlif illərdə kafedra müdiri, hazırlıq fakültəsinin dekanı vəzifələrini əvəz etmiş, 1986-cı ildə Uçot-iqtisad fakültəsinin qiyabi təhsil üzrə dekan müavini, 1987-2006-cı illərdə həmin fakültənin dekanı vəzifəsində işləmişdir.
2014-cü ilin mayında “Aqrar sahədə özəl qurumların formalaşması və inkişafının iqtisadi problemləri” mövzusu üzrə doktorluq dissertasiya işini müdafiə etmiş və 2015-cı ilidə Telman Babayevə AR Attestasiya Komissiyası tərəfindən təsdiq olunmuş iqtisad elmləri doktoru elmi dərəcəsi verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
2016-cı ildən UNEC-in Nəzəri və praktiki iqtisadiyyat kafedrasının professoru olan Telman Babayev 100-dən çox elmi əsərin müəllifi olmuşdur.
UNEC kollektivinin və tələblərinin sevgisini qazanmış professor Telman Babayevin əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!