A

UNEC tələbələri “Tələbə baharı” ümumrespublika tələbə yaradıcılıq festivalının qalibi olub.

Azərbaycan Dövlət Musiqili Teatrında keçirilən qala konsertdə Gənclər və idman naziri Azad Rəhimov festivalın 2007-ci ildən etibarən ali təhsil müəssisələrinin tələbələri arasında hər il keçirildiyini bildirib. O, bu festivalın bir sıra istedadlı gənclərin üzə çıxarılmasında vacib rol oynadığını, qaliblərin ölkəmizi beynəlxalq müsabiqələrdə, o cümlədən “Eurovision” mahnı yarışmasında uğurla təmsil etdiyini diqqətə çatdırıb.

Qeyd edilib ki, festivalın keçirilməsində məqsəd tələbə yaradıcılıq kollektivlərini inkişaf etdirmək, ali təhsil müəssisələrində fəaliyyət göstərən dərnəklər arasında gənclərin mübadiləsini təşkil etmək, tələbələrin estetik tərbiyə sistemini təkmilləşdirmək, yaradıcı və istedadlı gəncləri üzə çıxarmaq, onlara dövlət qayğısını artırmaq, asudə vaxtlarının səmərəli təşkil edilməsi sahəsində səyləri gücləndirmək, yeni ünsiyyət və əlaqələrin formalaşdırılmasına şərait yaratmaqdır.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, Milli Məclisin deputatı Şahin İsmayılov da çıxışında festivalın əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıb. Qeyd edib ki, aprelin 3-6-da festivalın seçim mərhələləri keçirilib. Seçim turlarında 15-dən çox ali təhsil müəssisəsindən 800-dən artıq tələbə müxtəlif nominasiyalar üzrə istedadlarını nümayiş etdiriblər. Bu isə ildən-ilə layihəyə artan marağın sübutudur. Festivalın hər il yeniliklərlə bol olduğunu qeyd edən Ş.İsmayılov tələbələrə uğurlar arzulayıb.

UNEC-in tələbəsi Pərvin Sayılov estrada,  Rauf Məmməzadə klassik ifa nominasıyasında I yerin qalibi olub. Aqşin Rəhimov (rok), Minayə Hüseynova (pop) və Ceyhun Bəxtiyarov (muğam) isə II yerə layiq görülüblər. Rəqs nominasiyasında II yerin qalibləri UNEC-in tələbələrindən ibarət “Buta” rəqs ansamblı (dünya xalq rəqsləri) olub.

Qaliblərə Gənclər və İdman Nazirliyinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının diplomları və xatirə hədiyyələri təqdim olunub.

Tədbir tələbələrin müzikl-tamaşaları ilə davam edib.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR