A

İmtahanlarda respublika üzrə ən yüksək nəticəni göstərən magistrlər UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzini seçiblər. Onları təqdim edirik:

Turqay Şirinbəyli 17 iyul 1995-ci ildə anadan olub. Bakı Mühəndislik Universitetinə 644 balla daxil olub. Bakalavr təhsilini dünya iqtisadiyyatı üzrə alan T.Şirinbəyli magistr təhsilini UNEC-də alır.

- Turqay, sizi UNEC-ə gətirən səbəbi oxucularımızla paylaşmağınızı xahiş edirik.

- Bakalavr təhsilimi ingilis dilində aldığım üçün, magistraturada da eyni dildə davam etməyi qərara almışdım. Qəbul imtahanları başa çatdıqdan sonra bu dildə təhsil ala biləcəyim bir neçə universitetlə tanış oldum. Xüsusilə, UNEC-in son illərdəki yüksəlişi hələ bakalavr təhsilimi alarkən də diqqətimi çəkmişdi. Bu nəticəyə gəlməyimə UNEC tələbələrinin öz universitetləri haqqinda yüksək fikirdə olmaları təkan vermişdi. İstər sosial mediada olan, istərsə də tanıdığım UNEC tələbələri universitetin inkişafı və burada olan təhsil imkanlarından ağız dolusu danışırdı. Mənim fikrimcə bir universitet haqqında ən düzgün qiyməti onun tələbəsi verir. Qəbul imtahanlarından sonra, Beynəlxalq magistratura və doktorantura mərkəzinin direktoru Fariz Əhmədovla görüşüb, burada olan imkanlar haqqında daha ətraflı məlumat almaq şansı əldə edə bildim. Elə həmin görüşdə ikən artıq seçimimi etmişdim. Məni UNEC-ə gətirən əsas səbəblər isə əvvəldə də dediyim kimi ingilis dilli təhsil, ikili diplom imkanı və yenilənmiş tədris proqramının olmasıdır. Bu proqrama əsasən ilk ili biz auditoriyalarda keçirib, araşdırma aparmaq üçün lazımı bilikləri əldə edirik, ikinci il isə geniş şəkildə araşdırma apararaq dissertasiya yaza və bununla yanaşı elmi-pedaqoji təcrübədə iştirak edə bilərik.

- İndi UNEC-dəki tədrisdən məmnunsunuz?

- Hər zaman interaktiv dərs metoduna üstünlük vermişəm. UNEC-də dərslər başlamazdan öz-özümə hansı mühiti təsəvvür etmişdimsə, elə onu gödüm. Yəni, UNEC-lə bağlı fikirlərimdə yanılmadım. Bu gün dərslər gözlədiyim kimi davam edir və bütün müəllimlər mövzunun auditoriyada müzakirə edilərək öyrədilməsinə üstünlük verirlər.

- Magistratura pilləsində yeni standartlar tətbiq olunur. Sizcə, bu standartlar keyfiyyətə necə təsir edəcək?

- Farız müəllimlə görüşdə olarkən yeni standartlar haqqında ətraflı məlumat almaq şansı əldə etmişəm. Yeni standartlar əsasən Avropanın və Amerikanın qabaqcıl universitetləri nümunə götürülərək hazırlanıb. Düşünürəm ki, belə qabaqcıl universitetlərdə tətbiq olunan və uğurla nəticələnən standartlar keyfiyyətə yüksək təsir edəcək. Fikrimcə artıq bu təsirlər özünü dərslərin keyfiyyətində göstərməyə başlayıb.

- Karyeranızla bağlı planlarınız nədən ibarətdir?

- Bu gün “PraysvoterhausKupers Audit Azərbaycan” audit şirkətində mütəxəssis kimi işləyirəm. Gələcəkdə karyeramı audit və ya maliyyə sahəsində davam etdirməyi düşünürəm. Bundan başqa, planlarım arasında UNEC-də qalıb, müəllim kimi fəaliyyət göstərmək də var.

*

UNEC magistrləri:

“UNEC daha keyfiyyətli tədqiqat imkanı yaradır” (24.10.2017)

Respublika birincisi Yaşar Nəsibov (18.10.2017)

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR