A

Magistratura pilləsi üzrə təhsil alan II kurs magistrantların elmi-pedaqoji təcrübələrinin effektiv və faydalı şəkildə təşkili ilə əlaqədar BMDM tərəfindən magistrantlar üçün “Master Klaslar” təşkil olunur.

Təşkil olunan tədbirlərdə akademik aləmin və iş dünyasının nüfuzlu, eyni zamanda təcrübəli simaları magistrantlara onların gələcək karyera və təhsil həyatları ilə bağlı məsləhətlər verir, eyni zamanda öz təcrübələrini paylaşaraq fikir mübadiləsi aparırlar.

Bu master klaslar silsiləsindən növbəti tədbir 29 oktyabr 2018–ci il tarixində təşkil olunmuşdur. Master klasda Türkiyəli professor Osman Titrek iştirak etmişdir. Professor Osman Titrek Türkiyə Cümhuriyyəti Ankara Universitetində doktorantura pilləsini bitirmişdir. Eyni zamanda bir il ABŞ-ın Miçiqan Universitetində qonaq müəllim kimi elmi fəaliyyətlə məşğul olmuşdur. Bundan əlavə professor Osman Titrek Avropa Birliyinin 3 böyük layihəsində Türkiyə üzrə koordinator olmuşdur. Hal-hazırda Türkiyənin Sakarya Universitetində Təhsil Menecmenti proqramının rəhbəridir. Türkiyəli mütəxəssis eyni zamanda “Web of Science” platformasına daxil olan SSCI indeksli “Sustainability” jurnalının redaktoru və eyni platformada yer alan “Ömür Boyu Təhsil və Liderlik” Konfransının təsisçisi və sədridir.

Professor Osman Titrek magistrantlarla görüş zamanı onlara sahibkarlıq və təşəbbüskarlıqla bağlı və eyni zamanda pedaqoji istiqamətdə məsləhətlər vermişdir. O.Titrek beynəlxalq arenada təhsil sahəsində baş verən yeniliklər, bu yeniliklərə uyğunlaşma və inteqrasiya ilə bağlı olaraq fikirlərini magistrantlarla bölüşmüşdür. Əlavə olaraq magistrantlara apardıqları və aparacaqları elmi tədqiqatlar və məqalələrlə bağlı tövsiyyələr vermiş və imkanlardan bəhs etmişdir. Daha sonra magistrantlar onları maraqlandıran mövzular ətrafında Türkiyəli professora suallar ünvanlamışlar.

Qeyd etmək istərdik ki, professor Osman Titreyin UNEC-ə səfəri çərçivəsində sədri olduğu “Ömür Boyu Təhsil və Liderlik” konfransının 2019-cu ildə UNEC-in birgə təşkilaçılığı ilə Bakı şəhərində keçirilməsi barəsində razılıq əldə olunmuş və təşkilatçılıqla bağlı müzakirələr aparılmışdır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay