A

UNEC News Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində (BMDM) təhsil alan əcnəbi magistrləri təqdim edir. Əcnəbi magistrlər UNEC-dəki təhsil barədə təəssüratlarını oxucularla bölüşüblər.

Fatty Fatoumata

Qambiya respublikasının vətəndaşı, biznesin idarə edilməsi ixtisası üzrə I kurs magistr.

- BMDM ilə tanış olduğum andan başa düşdüm ki, yüksək səviyyədə təhsil almaqla yanaşı, uğurlu karyeranın başlanğıcı quracam. Buradakı sosial həyat çox dinamikdir. Çünki magistrlər bir çox layihə, seminar və konfranslarda iştirak edirlər. Rəhbərlik, inzibati heyət və müəllim kollektivi yerli tələbələrlə yanaşı, beynəlxalq tələbələrə xüsusi diqqət və qayğı ilə yanaşırlar. Burada həm təhsil alır, həm dünya görüşümü artırıram, eyni zamanda multikulturalizmin yüksək səviyyədə olduğu bir şəhərdə müxtəlif mədəniyyətlərlə tanış oluram. Cənubi Qafqazın ən zəngin tarixi, ənənələri və mədəniyyəti olan bir şəhərində təhsil aldığım üçün çox şanslıyam.

Ya Yor Kamaruzaman

Tayland dövlətinin vətəndaşı, dünya iqtisadiyyatı ixtisası üzrə I kurs magistr.

- Dərslərimizi həm əcnəbi, həm də təhsillərini Avropa və Amerikada alan yerli müəllimlər tədris edir. Dünyanın nüfuzlu universitetlərində təhsil alan müəllimlərin hər biri öz sahəsində çox peşəkardırlar. Tədrisin səviyyəsindən çox razıyam. Qruplarda tələbə sayı digər ölkələrlə müqayisədə daha azdır. Buna görə dərsdə müəllimlə ünsiyyətdə olmaq və dərsi anlamaq çox rahatdır. Digər tərəfdən, hər hansı mövzu və ya dərs tapşırığı haqqında komanda şəklində magistr yoldaşlarımla fikir mübadiləsi edə bilirik. Düşünürəm ki, bu, çox vacibdir. UNEC-dəki tədris mənə böyük auditoriyalarda çıxış etmək və tədqiqat aparmaq vərdişləri aşılayır.

Mdluli Bongumusa

Svazilend krallığının vətəndaşı, mühasibat uçotu və audit ixtisası üzrə I kurs magistr.

- UNEC-də rastlaşdığım hər şey mənim üçün yenidir. Mənə dəstək olan doğma ailəmdən və dostlarımdan uzaqda olsam da, universitetdəki sərbəst mühit tələbə həyatımı daha da maraqlı edir. Burada bəzən müəllimlərə assistentlik də etmişəm. UNEC-ə ilk gəldiyim gündən kollektivin diqqət və qayğısını görmüşəm. Doğum günümdə BMDM kollektivi tərəfindən auditoriyaya tort gətirilməsi mənim üçün gözəl sürpriz oldu. Burada keçirdiyim doğum günümü heç zaman unutmayacam. Özümlə ölkəmə böyük təcrübə və xoş xatirələr aparacağıma əminəm”.

Vangıla Faıth Nangunda

Keniya Respublikasının vətəndaşı, dünya iqtisadiyyatı ixtisası üzrə I kurs magistr.

- Beynəlxalq tələbə olaraq fərqli təhsil sisteminə alışdığım üçün ilk əvvəl çətin olacağını düşünürdüm. Lakin UNEC kollektivi sayəsində təhsil sistemini çox tez mənimsədim. Həmçinin, mərkəzin işlərinə könüllü olaraq kömək edirəm. Azərbaycanın dəfələrlə nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi etdiyi haqda məlumatım var idi. Bura gəlməmişdən öncə də Azərbaycan barədə internetdən araşdırdım. Öyrəndim ki, hər bir sahədə, xüsusilə iqtisadiyyatda çox sürətli inkişaf əldə olunub. Azərbaycandakı insanlar çox səmimi və qonaqpərvər olduqları üçün özümü evimdəki kimi hiss edirəm. Təhsil aldığım BMDM-də tələbə-müəllim kollektivi ilə ölkənin milli bayramı olan “Novruz”u qeyd etdiyimiz gün mənim üçün unudulmaz  xatirələrlə yadda qalacaq.

Gurung Darshana

Nepal vətəndaşı, biznesin idarə edilməsi ixtisası üzrə I kurs magistr.

- Bəhreyndəki bir dostum mənə magistr təhsili üçün UNEC-də BMDM-ni məsləhət gördü. Başqa seçimlər var idi, lakin mən UNEC-i seçdim. Yeni müəllimlər, yeni qrup yoldaşları ilə görüşəcəyim ilk günü səbirsizliklə gözləyirdim. Birinci sinif şagirdi kimi həyəcanlı idim. Lakin onların səmimi münasibəti, istiqanlılığı və dəstəyi məni motivasiya etdi. UNEC-dəki müəllimlərimdən birinin dəvəti ilə Azərbaycan toyunda iştirak edərək, yerli adət-ənənələrlə də yaxından tanış olmuşam. Əlbəttə, bizim üçün əsas təhsilin keyfiyyətidir. Deyə bilərəm ki, yüksək səviyyədə təhsil almış təcrübəli müəllimlərimiz biliklərini müasir metodlarla tədris edirlər. Bu isə mühazirələri daha da maraqlı edir. Əlavə zamanlarımda isə BMDM əməkdaşları üçün “conversation club” da təşkil edirəm.

Li Tao

Çin Xalq Respublikasının vətəndaşı, dünya iqtisadiyyatı ixtisası üzrə I kurs magistr.

- Magistr yoldaşlarımın mehriban münasibəti sayəsində yüksək akademik mühit yaranıb. BMDM-in müəllimləri magistrlərlə dost və səmimi münasibətdə olduğundan dərslərimiz maraqlı keçir. Burada olduğum qısa müddətdə insanların çox mehriban, səmimi olması diqqətimi çəkdi. Dərsdən sonra tələbə yoldaşlarımla kafeyə gedir, gənclərin ən çox toplandıqları yerlərdə oluruq.

Abdulazız Sam Alroomı

Küveyt vətəndaşı, dünya iqtisadiyyatı ixtisası üzrə I kurs magistr.

- 2018-ci ildə bakalavr təhsilimi UNEC-də bitirmişəm və hazırda həmin universitetdə magistr təhsili alıram. UNEC-də özünü kəşf etmək üçün əlverişli mühit var. Burada müxtəlif mədəniyyətlərə malik olan insanlar təhsil alır və onların gələcək həyatlarındakı müsbət perspektivlərini görmək mümkündür. UNEC-dəki müəllim və inzibati heyət çox anlayışlı və pozitivdir. Həyatında müvəffəqiyyət qazanmaq istəyən hər kəsə bu universitetdə təhsil almağı məsləhət görərdim.

Mostafa Elshahat Hassan Alı Kamar

Misir vətəndaşı, maliyyə ixtisası üzrə I kurs magistr.

- BMDM-də təhsil almaqla yanaşı, Birləşmiş Ərəb Əmirliklərinin Bakıdakı səfirliyində çalışıram. Buradakı təhsil sistemini çox bəyənirəm. Dərs boyunca müəllimlərlə daha çox ünsiyyət qurmağa və bütün müzakirələrə qatılmağa çalışıram. Düşünürəm ki, burada aldığım təhsil, bilik və bacarıqlar gələcəkdə uğurlu karyera qurmağımda çox önəmli olacaq.

Nouf Saeed Alı Alsagheer Alshehhı

Birləşmiş Ərəb Əmirliyi vətəndaşı, maliyyə ixtisası üzrə I kurs magistr.

- BMDM-də dərs saatları elə hazırlanıb ki, həm təhsil alıram həm də, Birləşmiş Ərəb Əmirliklərinin Bakıdakı səfirliyində çalışıram. Buradakı təhsil sistemi mükəmməldir, mühazirələr diskussiya formatında tədris olunur. Mərkəzimizin rəhbərliyi hər zaman tələbələrə dəstək olmağa çalışır. UNEC BMDM-in bir hissəsi olduğum üçün çox xoşbəxtəm.

Saıd Ahmed Abdulhakım Jummah

Liviya Respublikasının vətəndaşı, maliyyə ixtisası üzrə I kurs magistr.

- UNEC-də təhsil aldığım müddət ərzində belə qənaətə gəldim ki, iqtisad sahəsində tədris olunan bəzi fənlər burada daha yaxşı öyrədilir. Burada tələbələr dərs müddətində daha aktivdirlər və müəllim-tələbə münasibətləri daha səmimidir. Belə ki, UNEC-də müəllimlər və inzibati heyət tələbələrlə sadəcə dərsləri ilə deyil, onların digər problemləri ilə də yaxından maraqlanırlar.

Eva N Koon

Liberiya Respublikasının vətəndaşı, biznesin idarə edilməsi ixtisası üzrə I kurs magistr.

- BMDM-də tədris sistemi və müəllim heyəti çox yüksək səviyyədədir. Müəllimlər xarici vətəndaşlara qarşı olduqca həssasdır və yaranmış problemlərin tez bir zamanda həll olunmasına çalışır. Qeyd etmək istərdim ki, yaşayış yeri ilə təmin olunmağımda da mərkəzin rəhbərliyi çox böyük dəstək olub.

İbadova Nubar Fazaıl

Rusiya vətəndaşı, iqtisadiyyat ixtisası üzrə II kurs magistr.

- 2017-ci ildən UNEC-də BMDM mərkəzində təhsil alıram. Bu kollektivdə təhsil aldığıma görə çox şanslıyam. Universitet müəllimlərinin dərsə yanaşma tərzləri, tədris olunan fənlər barədə geniş və ətraflı biliklərin verilməsi, onların müasir standartlara əsaslanması, mövzuların müzakirə olunması üçün şəraitin yaradılması təhsilimizin şəffaf olmasında böyük rol oynayır. UNEC-də bir çox konfransların və tədbirlərin təşkilində də iştirak etmişəm.

Gadzhıev Tural Rafıq

Rusiya vətəndaşı, maliyyə ixtisası üzrə II kurs magistr.

- Bakalavr təhsilimi bitirdikdən sonra qarşımda təhsilimi harada davam etdirəcəyim sualı dururdu. UNEC-də təhsil təcrübəsi olan dost və tanışlarımla söhbət etdikdən sonra bu universitetin mənim üçün ideal olduğunu anladım. Tədris heyəti çox mükəmməl seçilib və onların təlim strategiyası tamamilə mənə uyğun gəlir. Seçimimdən çox razıyam.

Adılı Adına

Çin Xalq Respublikası vətəndaşı, menecment ixtisası üzrə II kurs magistr.

- Xarici ölkədə tələbə olmaq çox fərqlidir. Yeni tanışlıqlar, faydalı məşğuliyyətlər qazanırıq. Hər gün bir addım təkmilləşməyə doğru getmək məni daha da həvəsləndirir. Dərslərimdə müvəffəqiyyət qazanmaq mənim üçün çox önəmlidir. Burada uzun müddət assistent kimi də çalışmışam. Universitetdə kifayət qədər  xarici  tələbələr var. BMDM ailəsi onların hər birinə diqqət və qayğı ilə yanaşır. Bu doğma münasibət onlarda Azərbaycana, xüsusilə də Bakıya qarşı böyük maraq və sevgi oyadıb. Hətta müəllimlərdən biri Yeni ili qarşılamaq üçün məni öz ailələrinə dəvət etmişdi. Bu, mənim unudulmaz xatirələrim arasında xüsusi yer alıb. Xaricdə təhsil insana həmin ölkənin dilini, mədəniyyətini, mətbəxini, tarixini öyrənmək və öz ölkəsini tanımaq şansını verir. Fərqli təhsil sistemi ilə tanış oluruq, dünya görüşümüz  artır. Həm də bu, ölkələrarası münasibətlərə də təsir göstərir. Bir ölkənin gələcəyi onun gəncləridir. Hər ölkənin yüksək təhsilli gənc nəslə ehtiyacı var. Bizə belə şəraiti yaratdığı üçün BMDM kollektivinə minnətdarlığımı bildirirəm.

Alcan Hikmet

Türkiyə vətəndaşı, biznesin idarə edilməsi ixtisası üzrə III kurs magistr.

- Qardaş Azərbaycanın ən gözəl şəhərində yerləşən müasir və uğurları ilə öndə olan universitetində magistr təhsili alıram. Peşəkar müəllimlərin bizə öyrətdikləri biliklər gələcək həyatımızın hər sahəsinə fərqli yanaşmağımıza kömək olur. UNEC-in ailəsinin bir üzvü olmaqdan qürur duyuram.

Luise Veronika Bergmann

Almaniya vətəndaşı, xarici ölkə ali təhsil müəssisələri ilə ikitərəfli əməkdaşlıq müqaviləsi və Erasmus+ mübadilə proqramı əsasında seçdiyi fənlər üzrə lazımi kreditləri toplamaq məqsədilə 2018/2019-cu tədris ilinin II semestrindən UNEC-də təhsil alır.

- Almaniyadan mübadilə proqramı vasitəsi ilə UNEC-ə qoşulmuşam. Artıq 1 aydır ki, Bakıdayam. Bu qısa müddət ərzində çox böyük təcrübə keçmişəm. Dərslərdən sonra Bakının tarixi yerlərini gəzib görməkdən böyük zövq alıram. BMDM kollektivinin mehriban və qonaqpərvər münasibəti məndə bu ölkə haqqında gözəl təəssüratlar yaradıb. Təhsilimi bitirdikdən sonra rəfiqələrimlə mütləq Bakıya gəzməyə gələcəyəm.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR