A

Dizayn - sənaye məhsullarının estetik xüsusiyyətlərinin layihələndirmə fəaliyyətidir. Əşyaların layihələndirilməsi insanın əmək, məişət və istirahət şəraitinin əlverişliliyini nəzərə almaqla onların estetik cəhətdən harmonikliyini təmin edən fəaliyyət sahəsidir. Dizayn – zamanın tələblərinə cavab verən məmulatların erqonomiklik, funksionallıq, zahiri görünüşünə gözəllik kimi xüsusiyyətlərin verilməsi yolu ilə kütləvi istehlak cəmiyyətində sənayenin və bazarın qarşılıqlı bağlılığının idarə edilməsi sistemidir, marketinqin, istehlakçı və istehsalçı arasında kütləvi kommunikasiyanın bir formasıdır. Müasir dünyada dizayn, onun mürəkkəb daxili strukturu və cəmiyyətdəki bir sıra funksiyaları dünya mədəniyyətinin hərtərəfli və çox ölçülü fenomeninə çevrilmişdir.

“Dizayn” ixtisası Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 1999-cu ildə yaradılmışdır. “Dizayn” ixtisası üzrə təhsil pillələrində tələbələr peşəkar yaradıcı fəaliyyət üçün vacib olan bir sıra biliklərlə təmin edilir. Bu biliklər əsasında gələcək mütəxəssislərdə keyfiyyətli və yüksək bədiiliyə malik dizayn işlərinin rəqabətə davamlılığına zəmin yaradan bacarıq, vərdişlər sistemi formalaşdırılır. Həmçinin, bu onların peşəkar fəaliyyətlərinə yaradıcı nöqteyi-nəzərindən yanaşmalarına da şərait yaradır. 

“Dizayn” ixtisası üzrə incəsənət sahələri, informasiya texnologiyaları və s. ilə yanaşı humanitar biliklərdən də istifadə edilir. Bütün bunlar dizaynerin təfəkküründə formalaşan predmet dünyasının bədii layihələndirilməsində istifadə edilir. Dizayner tərəfindən yeni mədəniyyət formalarının inteqrasiyasını aşkar edən yaradıcı şəxsiyyətin böyük rolu vardır. Dəyişən cəmiyyətdə dizayn sahələrinin bədii tətribatının necə, hansı üsullarla genişləndirilməsi, gücləndirilməsi, öyrənilməsi, yaradıcı həllərin inkişaf etdirilməsi tələbələr qarşısında duran aktual məsələlərdən biridir və bunun həllini xüsusi təhsil formasına, texnologiyasına və yaradıcılıq mədəniyyətinə əsasən yerinə yetirməlidir.

Dizaynerlərin yaradıcı ideyaları 10-15 il dövrün qabaqlayıcısı olmalıdır. Bununla bağlı nəzərə alınmalıdır ki, indiki ali məktəb tələbəsinin ixtisasa yiyələnməsi bu dövr ərzində elm və texnikada, istehsalatda, həyat təcrübəsindəki dəyişiklikləri qabaqlaya bilsin. Bu zaman təhsilin əsas məqsədi dizaynın bütün sahələrində arası kəsilməyən innovativ prosesləri və formaları özündə modelləşdirmiş şəkildə əks etdirə bilməsidir.

Cəmiyyətin müasir zövqünün öyrənilməsi, ona təsir edən amillərin və estetik faktorun təhlili ilə əldə edilən nəticələr dizayn sahələrinin bədii tətribatının gələcək inkişafına özünəməxsus şəkildə təsir göstərə bilər. Yüksək bədii estetik görkəmə malik olan dizayn obyektləri istehlakçıların tələblərini təmin etməli, cəmiyyətin sosial-psixoloji durumuna müsbət təsir göstərməlidir.

Bazar iqtisadiyyatı şəraitində Respublikamızda fəaliyyət göstərən yüngül sənaye, toxuculuq və qida müəssisələri, birliklər, holdinqlər və s. müxtəlif çeşidlərdə məhsulların istehsalı ilə məşğuldurlar. Müxtəlif növ sənaye və yeyinti, mətbəə və s. məhsulların estetik göstəricilərinin cəmiyyətin zövqünə uyğun olaraq yüksəldilməsi, onların xarici görünüşlərinin dizayn elementləri ilə daha da zənginləşməsinə köməklik göstərəcəkdir.

“Dizayn” ixtisasını bitirən tələbələr kütləvi istehsal ilə bərabər fərdi fəaliyyət göstərən bir sıra sənaye və yeyinti şirkət və müəssisələrində - moda evlərində, geyim və tekstil müəssisələrində, mebel fabriklərində, reklam şirkətlərində, mətbəələrdə, gida sektorunda və s. dizayner fəaliyyəti ilə məşğul ola bilərlər - modelyer; stilist; geyim sektorunda trend, imic və üslub üzrə məsləhətçi, satış mərkəzlərində vizual təqdimat və dizayn sahəsində mütəxəssis; teatr, film və televiziya sahəsində geyim və aksesuarların dizayneri; qrafik dizayner  və s.

Fəaliyyət zamanı tədris müddətində əldə etdikləri bilik və bacarıqları innovativ şəkildə tətbiq etmək imkanı qazanırlar.

UNEC-in “Dizayn” ixtisasında təhsil almaq istəyən abituriyentlər buraxılış imtahanlarının nəticəsinə əsasən qəbul olunurlar və qabiliyyət imtahanı vermirlər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay