A

Azərbaycan Təhsil Nazirliyinin dəstəyi ilə ölkəmiz ilk dəfə olaraq “Golden Byte-2017” beynəlxalq IT çempionatında iştirak edir.

Seçim turlarını uğurla keçən gənclər arasında UNEC tələbəsi Fəqan Çələbizadə də var. Texnologiya və dizayn fakültəsinin IV kurs tələbəsi F.Çələbizadə “Tagwishes” layihəsi ilə Azərbaycanı beynəlxalq səviyyədə təmsil etmək şansı əldə edib. UNEC tələbəsinin layihəsi “Web Design” nominasiyasına iddialıdır. Seçim turlarında münsiflər heyətinin marağına səbəb olan layihə hazırda region üzrə finala vəsiqə qazanıb. Bu mərhələdə də qalib gələcəyi təqdirdə 22-23 aprel tarixlərində Kiyev şəhərində keçiriləcək əsas finala qatılmaq imkanı əldə edəcək.

“Məhz sənin ideyan IT dünyasında çevrilişə səbəb ola bilər” devizi ilə keçirilən çempionatın uduş fondu 20 000 ABŞ dollarıdır.

Qeyd: “Golden Byte-2017” aparıcı IT şirkətlərin qarşısında öz layihəsini təqdim etmək üçün inanılmaz bir fürsət, digər ölkələrin təmsilçiləri ilə təcrübə mübadiləsi və ən əsası özünü və öz layihəsini obyektiv qiymətləndirmək imkanıdır. İştirakçılar dünyaca tanınmış şirkətlərdən iş təklifi, start-up layihələr isə fondlardan və biznes mələklərindən investisiyalar qazana bilirlər. Çempionat artıq 9-cu dəfədir baş tutur. Hər il çempionatda Ukraynadan, Belarusdan, Qazaxıstandan, Rumıniyadan, Slovakiyadan, Bolqarıstan və Moldovadan 10 000-dən çox gənc iştirak edir. Çempionatın təşkilatçısı peşəkar kompüter təhsili üzrə ixtisaslanmış beynəlxalq təhsil mərkəzi STEP IT Academy-dir. Akademiyanın dünyanın 4 qitəsinin (Avropa, Asiya, Qərbi və Şərqi Amerika) 16 ölkəsində 44 filialı fəaliyyət göstərir.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR