A

"Azərbaycan müəllimi"

Universitetlərin gələcəyi bütövlükdə cəmiyyətdəki dəyişiklikləri proqnozlaşdırmaq bacarığına bağlıdır.

Təhsil Nazirliyi və “Azərbaycan müəllimi” qəzetinin təşkilatçılığı ilə ADA Universitetində ali təhsil müəssisələrinin gələcəyi müzakirə olunub. Universitet rəhbərləri, millət vəkilləri, təhsil ekspertləri, o cümlədən müəllim və tələbələrin qatıldığı diskussiyada gələcək universitetlərlə bağlı fərqli fikirlər ortaya çıxıb. Aparıcı Cəsarət Valehovun qoyduğu suallar ətrafında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, ADA Universitetində Verilənlərin Analizi Tədqiqat Mərkəzinin direktoru Abzəddin Adamov, millət vəkilləri Fazil Mustafa, Vüsal Hüseynov və Tahir Mirkişili, universitetlərin müəllim və tələbələri, təhsil ekspertləri ali təhsil müəssisələrində müşahidə olunan ən müxtəlif problemləri dilə gətirib, universitetlərimizin gələcəyini təmin edəcək ayrı-ayrı addımlarla bağlı fikir mübadiləsi aparıblar.

Universitetlərdə tam yeni baxışa ehtiyac varC.Valehov qeyd edib ki, Azərbaycanda ölkə səviyyəsində qərarlar qəbul edilərkən daha çox 15-20 il ərzində baş verə biləcəklər nəzərə alınır. Növbəti 20 illikdə də çox ciddi texnoloji, iqtisadi, sosial dəyişikliklər gözlənilir.

Bu dəyişikliklər fonunda universitetlərin özünü necə hiss edəcəyi maraq doğurur. “Onların gələcəyi necə olacaq?”, “Gələcək universitetlərdə hansı trendlər olacaq?”, “Əmək bazarının tərkibi necə dəyişəcək?”, “Rəqabətdə universitetlərə partnyor və ya rəqib olacaq hansı modelləri görə biləcəyik?”, “Rəqəmsal epoxanın böyük sürətlə həyatımıza daxil olduğu bir vaxtda analoq iqtisadiyyatdan rəqəmsal epoxaya keçiddə universitetlər bu transformasiyanı necə hiss edəcək?” sualları hər kəsi düşündürür.

Rektor Ədalət Muradovun fikrincə, universitetlərin 15-20 il sonrakı taleyi qlobal iqtisadiyyatda, bütövlükdə cəmiyyətdə hansı dəyişikliklərin gedə biləcəyini proqnozlaşdırmaq bacarığına bağlıdır: “Sovet dövründə universitetlərdən gözləntilər ondan ibarət idi ki, xalq təsərrüfatının müxtəlif sahələri üçün mütəxəssislər hazırlansın. Bazar iqtisadiyyatında bu özünü tam doğrultmur. Çünki artıq təyinat sistemi yoxdur və universitetlərin yetişdirdiyi kadrların əmək bazarında özünə layiq yer tutması bir sıra şərtlərlə mümkündür. Birincisi, universitetlərin kadr hazırlığı birbaşa olaraq əmək bazarının tələblərinə cavab vermir. Heç əmək bazarının tələbi də bəlli deyil. 3-5 il sonra əmək bazarında fəaliyyət göstərən işəgötürənlərin taleyinin necə olacağı isə sual altındadır. Onlar rəqabətdən çıxa da bilər, çıxmaya da. İkincisi, qəbul etsək ki, bugünkü əmək bazarında çox fəal olanlar 5 il sonra da olacaqlar, həmin işəgötürənlərin 5 il sonrakı əmək bazarı üçün əsaslandırılmış proqramı yoxdur. Burdan çıxan nəticə ondan ibarətdir ki, universitetlər əmək bazarını özü təhlil etməli, işəgötürənlər tərəfindən qəbul edilməsi mümkün olan təkliflərlə bazara çıxmalıdırlar”.

Ə.Muradov bundan daha vacib hesab etdiyi başqa bir problemə də toxunub: “Bu gün rəqəmsal iqtisadiyyat Azərbaycanda yoxdur. Bu halda universitet gələcəkdə tələb olunan yeni iqtisadiyyatı formalaşdırmalı, yeni biznesin ortaya qoyulması üçün təkliflər hazırlamalı, əmək bazarından heç nə gözləməməlidir. Başqa bir tərəfdən, daxili əmək bazarının tələblərini əsas götürdüyümüz halda belə, hazırlayacağımız mütəxəssislər dünya iqtisadiyyatı baxımından rəqabətədavamlı olmaya bilər. Çünki Azərbaycan iqtisadiyyatı inkişaf etmiş ölkələrin iqtisadiyyatı ilə müqayisədə daha az rəqabətlidir. Daha az rəqabətli iqtisadiyyat üçün mütəxəssis hazırladıqda rəqabətli iqtisadiyyat üçün tələb olunan kadr hazırlığı yanaşmasından uzaqlaşırıq. Universitetlər cəmiyyətin gələcəkdə formalaşa bilən strukturu üçün təhsil, tədqiqat, innovativ yanaşmanı ortaya qoymalı, cəmiyyətin düşündüyündən də irəli gedərək yeni yanaşmaları gündəmə gətirməlidir. Çox ciddi çağırışlar var. Universitet bitirən məzun öz ixtisası üzrə 4, ya da 6 aylıq əlavə kursa ehtiyac hiss edirsə, onda həmin təhsilə yenidən baxılmalıdır. Ya universitetin təhsili həmin kurs səviyyəsinə enməlidir, ya da universitet məzunundan gözləntilərimiz dəyişməlidir”.

Universitetlər zamandan geri qalır?

Müzakirə iştirakçıları süni intellektin inkişafı ətrafında xüsusilə geniş fikir mübadiləsi aparıb. Bu prosesin universitetlərin və onların yetişdirdiyi mütəxəssislərin gələcəyinə böyük təsiri ən müxtəlif prizmalardan qeyd olunub. Məsələn, ADA Universitetinin prorektoru Fariz İsmayılzadənin fikrincə, sənaye və texnologiyalar o qədər sürətlə dəyişir ki, universitetlər onunla ayaqlaşa bilmir, geridə qalırlar: “Bu təkcə Azərbaycanda deyil, bütün dünyada belədir. Əmək bazarında hansı peşələr lazım olacağını universitetlər müəyyənləşdirənə qədər vəziyyət dəyişir. Bugünkü tələbi nəzərə alaraq ixtisas seçən tələbə həmin ixtisas üzrə təhsilini tamamladıqda əmək bazarının tələbi yenilənir. Tutaq ki, mühasibatlıqda nə dəyişəcək, hətta mühasibatlıq ixtisas kimi 4 il sonra mövcud olacaqmı, biz bunu bilmirik. Çünki robotların, süni intellektin inkişafı, proseslərin avtomatlaşdırılması nəticəsində indiki ixtisasların 30-40 faizinin tamamilə sıradan çıxacağı deyilir. Tutaq ki, otellərdə qeydiyyat bölməsindəki kadrları robotlar rahatlıqla əvəz edə bilər. Bunun artıq dünyada nümunələri də var”.

İqtisadçı ekspert Vüqar Bayramovun fikrincə, “innovasiya” deyəndə ağla sadəcə robotlar gəlməməlidir: “Robot iqtisadiyyatı deyil bu. Robotlar bizim tələbələr üçün rəqibdir. Çünki onlar universiteti bitirəndə həm də gələcəyin və indinin robotu ilə rəqabət aparacaqlar. Almaniyada artıq robot menecerlər belə var. Robot iş adamları üçün daha cəlbedicidir. Sadəcə elektriklə robot tələb olunan bütün işi yerinə yetirir. Gələcək universitet sadəcə robot iqtisadiyyatı üzərində proqnozlaşdırılan və formalaşan ali məktəb deyil”.

Mütəxəssisin fikrincə, universitetlərimizin problemli cəhəti onların beyin mərkəzi kimi zəif formalaşmasıdır. Bir ali təhsil müəssisəsi dövlət büdcəsindən və azsaylı mənbələrdən asılı olduğu müddətdə gələcəyin universiteti kimi formalaşa bilməz. Burada korrupsiyanın aradan qaldırılması da təhsilin keyfiyyətli olması anlamına gəlmir. Bu, sadəcə şərtlərdən biridir: “O fikirlə razıyam ki, keyfiyyətli təhsil keyfiyyətli kadr tələb edir. Bütün hallarda əmək bazarının dəyişən tələbinin nəzərə alınmasına ehtiyac var. Universitetlər əmək bazarında olan iştirakçıların deyil, əmək bazarının dəyişən tələbini proqnozlaşdırsa, həm innovativ ixtisasları təşkil edəcək, həm də beyin mərkəzlərinə çevrilə biləcəklər”.

Millət vəkili Zahid Oruc süni intellektin inkişafı ilə bağlı fikirlərə biganə qalmayıb. O, pessimist əhvali-ruhiyyə müşahidə etdiyini vurğulayaraq, robotların insana qalib gələ bilməyəcəyini qeyd edib.

ADA Universitetində Verilənlərin analizi Tədqiqat Mərkəzinin direktoru Abzəddin Adamov isə bildirib ki, süni intellektin iqtisadiyyatın bütün sahələrində tətbiqi tibb, hüquq, bank və başqa sahələrdə 90 faiz daha dəqiq nəticə əldə edilməsinə gətirib çıxaracaq. Onun sözlərinə görə, rəqəmsal iqtisadiyyatda 3 əsas komponent var - İKT-nin cəmiyyətdə çox yayılması, bütün müəssisələrdə rəqəmsal mədəniyyətin olması, bütün cihazların bir-birinə bağlı olması, məlumat mübadiləsi: “Süni intellektin inkişafı zamanın tələbidir və bizim ona münasibətimizdən asılı olmayaraq, onun inkişafı labüddür. Biz bu prosesdə ya yaxından iştirak edib inkişafın bir parçasına çevriləcəyik, ya da indiyədək olduğu kimi, bundan sonra da kənarda qalacağıq”.

Çevik kurikulumlar olmalıdır

Vəziyyətdən çıxış yolu olaraq, belə bir fikir səsləndirilib ki, sürətlə dəyişən sənayenin tələblərinə cavab verə bilmək üçün çevik kurikulumlar olmalıdır. Fariz İsmayılzadə deyib: “Kurikulumlar bizə mərkəzdən verilir və onu dəyişmək üçün çoxlu prosedur lazımdır. Hətta bir kurikulumu dəyişmək üçün tələb olunan müddətdə sənaye bazarı da dəyişir və yeni ixtisaslar ortaya çıxır”.

Süni intellektin inkişafı ilə bağlı müzakirələrdə Amerikanın Kaliforniya Universiteti nəzdində Berkli Laurens Milli Laboratoriyasında çalışan azərbaycanlı alim Asəf Salamovun “Skype” vasitəsilə əldə olunmuş müsahibəsi də təqdim edilib. O, süni intellektin inkişafından danışaraq bildirib ki, bu istiqamətdə intensiv işlər, böyük tədqiqatlar həyata keçirilsə də, hələ heç kəs bilmir ki, bu, sözün əsl mənasında, süni intellektə gətirib çıxaracaq, ya yox. Yəni kompüter özü hiss edə biləcəkmi? Amma texniki tətbiqlər artıq geniş yayılıb və böyük şirkətlər ondan geniş istifadə edirlər. Kompüterlərin hissetmə imkanları ilə bağlı fikir də birmənalı deyil. A.Salamovun fikrincə, bir qrup bunun böyük inkişafa səbəb olacağına inansa da, başqa bir kəsim hesab edir ki, insanların gücsüzləşməsinə gətirib çıxaracaq. Hazırda tibbdə kompüterin imkanlarından geniş istifadə edildiyini vurğulayan azərbaycanlı alim kompüterin bir çox məsələdə, məsələn, xərçəngin diaqnozunun qoyulmasında həkimdən yaxşı bildiyini vurğulayıb. Biologiyada tətbiq etmək istəsələr də, hələlik qəti qərar yoxdur. Kompüterin gələcəkdə işsizliyə gətirib çıxara biləcəyi də problem olaraq aparılan tədqiqatların mövzusudur.

Rəqəmsal texnologiyalar və bir-bir sıradan çıxan peşələr

C.Valehov 2020-ci ildə tələbat olacaq peşəkar bacarıqlar siyahısını təqdim edərək vurğulayıb ki, həmin siyahıdan fiziki qabiliyyət tələb edən peşələrin sayının əhəmiyyətli dərəcədə azalacağı görünür.

Ədalət Muradov rəqəmsal texnologiyaların tətbiqinin başqa nəticələrinə də diqqət çəkib. Məsələn, bu tətbiq ona gətirib çıxarıb ki, ucuz işçi qüvvəsi rəqabət üstünlüyünü təmin edən amil kimi tamamilə sıradan çıxıb. İstehsalını inkişaf etməkdə olan ölkələrdə yerləşdirən inkişaf etmiş ölkələrin böyük müəssisələri artıq onu öz ölkəsinə qaytarmaq fikrinə düşür. Bu tendensiyanın getdikcə güclənəcəyi və istehsalın inkişaf etmiş ölkələrdə canlanacağı yüksək ehtimallardandır. Ə.Muradovun sözlərinə görə, müasir texnologiyalarda rəqəmsal texnologiyanın tətbiqi həmin məhsulların istehsalında maya dəyərini əhəmiyyətli dərəcədə azaldacaq: “İstehsalla bağlı ikinci ən vacib məsələ budur ki, insanın orqanizminin fəaliyyətini təmin edən qida məhsullarının rəqəmsal texnologiyalar vasitəsilə istehsalı mümkündür. Rəqəmsal texnologiya Azərbaycan kimi ölkələr üçün tarixi və əminəm ki, ikinci dəfə verilməyəcək şansdır. O şansı dəyərləndirə biləcək yeganə qüvvə universitetlərdir. Azərbaycanda 4-cü inqilabın elementləri tətbiq edilə bilər və rəqəmsal sənaye inqilabı Azərbaycanı sürətlə irəliyə aparar. Burada universitetlərin baxışının formalaşması həlledicidir. Birmənalı olaraq, bu sahədə dövlətin dəstəyi olmadan iddianı reallaşdırmaq mümkünsüzdür. Düşünürəm ki, bu yeni fəlsəfə reallaşa bilər. Bunun üçün də universitetlər hərəkətə keçməli və dünyada sınaqdan çıxmış şəbəkə universitetlərə baxmalıdır. Rəqabət qabiliyyəti olan sahələr birləşməlidir, çünki rəqəmsal texnologiyada kiçik və böyük iqtisadiyyatlar fərqlənir”.

Fənlərarası, yoxsa sahələrarası?

Təhsil üzrə ekspert Etibar Əliyev bildirib ki, müasir tədqiqatçıların əksəriyyətinin yazılarında “əmək bazarı” ifadəsinə rast gəlmək mümkün deyil. Artıq “tələbat cəmiyyəti”, “tələbat cəmiyyətinin inkişafı”, “tələbat cəmiyyətinin təkamülü” anlayışları ortaya çıxır. Ümumiyyətlə, universitetləri dövlət, əmək bazarı, elmi camiələr izləyir. Əmək bazarı kadrlardan daha çox fənlərarası hazırlıq tələb edir. Kadr universiteti bitirəndən bir neçə il sonra onun hansı ali təhsil müəssisəsində təhsil aldığı əhəmiyyətini itirir. Öyrəndiklərini necə tətbiq etdiyi daha böyük əhəmiyyət kəsb etməyə başlayır. “Universitet missiyası” adlı bir əsərdə qeyd olunub ki, universitetlər müəyyən proqramlar əsasında bilik verməli, mədəniyyəti müəyyən etməli, tələbələri elmi tədqiqatlara cəlb etməlidir. Sonra gözləməlidir ki, əmək bazarı ondan hansı kadrları tələb edəcək? Düşünürəm ki, universitetlər həmin tələbi yerinə yetirməyə çalışmalıdır. Universitet qarşısında iki məsələ var: ixtisaslar üzrə kadr hazırlığı və insanlararası münasibətlər üzrə, yəni kommunikativ bacarıqların, kompetensiyaların inkişafı”.

Şahlar Əsgərov Etibar Əliyevdən fərqli olaraq fənlərarası deyil, sahələrarası elmin inkişafına üstünlük verdiyini deyib.

Transformasiyanın nüvəsində universitetlər nə edəcək?Cəsarət Valehov qeyd edib ki, mütəxəssislərimizin 50-60 faizi analoq iqtisadiyyat formuluna uyğun təhsil alıb. Həmin iqtisadi formula uyğun bilik və bacarıqlarla da çalışırlar. Odur ki, növbəti 8-10 il ərzindəki transformasiyanın nüvəsində universitetlərin nə edəcəkləri maraq doğurur.

Ədalət Muradov məsələyə münasibətini bildirərkən qeyd edib ki, söhbət universitetlərin bütövlükdə gələcəyə hazır olub-olmamasından gedir: “Bu işin kim tərəfindən həyata keçirilməsi sual predmeti deyil, necə görüləcəyi sual doğurur. Resurs çatışmazlığı real gerçəklikdir. Universitetin gücü müəllimlərin gücü ilə ölçülür. Müəllimlər gələcəklə bağlı baxışlarını dəqiq ifadə edə bilmirlərsə, şübhəsiz ki, həmin universitet bu missiyanı yerinə yetirə bilməz”.

Ə.Muradov əmək bazarında müşahidə olunan problemə diqqət çəkərək deyib ki, rəqabətədavamlı məhsul istehsalçısı olmayan şirkətlərin tələbinə uyğun kadr yetişdirmək universitetin və onun məzunlarının keyfiyyət göstəricilərinin aşağı düşməsi deməkdir. Rəqabətədavamlı şirkətlərdən isə tələb daxil olmur. Məsələn, müzakirənin iştirakçılarından olan Azərbaycandakı BP şirkətindən hər hansı tələb daxil olmur. Belə şirkətlər təlim mərkəzlərində peşə hazırlığı həyata keçirir və ehtiyac duyduğu kadrları hazırlayır.

Şirkətlər tələbələrin səviyyəsindən razıdır

Müzakirələrdə iştirak edən BP və “Azərsun Holdinq” şirkətlərinin nümayəndələri deyib ki, son illər Azərbaycan təhsil müəssisələrindən gələn tələbələrin səviyyəsinin yüksəldiyi müşahidə olunur.

Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev isə kommunikasiya və İT üzrə bacarıqları olan mütəxəssislərə bank sektorunda tələbat duyulduğunu vurğulayıb.“Universitet cəmiyyətə yaradıcı fikir verməlidir”

Millət vəkili Tahir Mirkişili üçüncü sənaye inqilabından sonra universitetin missiyasının dəyişdiyinə diqqət çəkib: “Hətta sosial funksiyası getdikcə inkişaf etməyə başlayıb. Universitet kadr hazırlamalıdırmı? Bu sualın cavabı belə mübahisəlidir. Almaniyada sənayedə işləyənlərin 70 faizinin ali təhsili yoxdur. İsveçrədə işə düzələnlərin 80-81 faizdən çoxu peşə məktəbini qurtarıblar. Tanınmış Amerika universitetlərinin əksəriyyətinin tələbələrinə nəzər salsaq, amerikalıların orada sayının az olduğunu görə bilərsiniz. Mən də bu fikirdəyəm ki, baş verənləri bir kənara qoyub universitet cəmiyyətə yaradıcı fikir verməlidir, prosesin özünün yaradıcısı ola bilməlidir”.

Tələbələr oxumur: Kimdir günahkar?

BDU və UNEC tələbələrinin fəallıq nümayiş etdirdiyi müzakirələrdə təhsilalanlar tədqiqatyönümlülüyün olmamasından gileyləniblər. Tələbələr hesab edirlər ki, təcrübə daha çox olmalıdır. UNEC-in gənc müəllimi Aqil Əzizov millət vəkillərinə müraciət edərək tələbələrə iş imkanı yaradılması məsələsinin qaldırılmasını təklif edib. Onun fikrincə, həftədə 20 saat iş imkanı yaradılmaqla tələbənin universiteti bitirəndə artıq təcrübəli mütəxəssis olmasını təmin etmək mümkündür.

Tələbələrin universitetə qəbul olunduqdan sonra oxumamalarını UNEC tələbəsi cəmiyyətdə onlara təlqin edilən fikirlə izah edib. “Universitetə gir, sonra oxumayacaqsan”, - deyənlər uşaqlara şüuraltı təsir edir. Onlar da sadəcə tələbə adı qazanana qədər oxuyur, sonra universitetə qayıb düşməsin deyə gedirlər.Universitetlərin bir muxtariyyatı, bir rektoru...

Millət vəkili Fazil Mustafa universitetlərin muxtariyyatını vacib amil olaraq qeyd edib. O, universitetin nüfuzunda rektor Ədalət Muradovun “Universitetin gücü müəllimlərin gücü ilə ölçülür” fikri ilə razılaşmayaraq bildirib ki, universitetin siması müəllimlər yox, rektordur: “Azərbaycan cəmiyyətinə yeni rektor obrazlarının gəlməsi olduqca vacibdir. Rektorla universitetin atmosferi dəyişir. Həqiqət budur ki, hava olmayan yerdə ən ağıllı müəllim də boğulur”.

Millət vəkili onu da deyib ki, xaricdən mütəxəssis olaraq yetişən azərbaycanlıların gəlib öz ölkəsində işləmək istəməsi üçün mühit yaradılmalıdır: “Dünyada gedən prosesləri çevik şəkildə Azərbaycan şəraitinə uyğunlaşdırıb, yeniliklərin ölkəmizdə eynisini, təkrarını yaradacaq hazırlıqlı təbəqə yetişdirmək lazımdır. Bizim nəyisə kəşf etmək potensialımız artıq inandırıcı deyil, bu sahədə çox-çox geridəyik. Nəyi daha çevik şəkildə tətbiq edə biləriksə, onun üzərində düşünməliyik”.Bir sözlə, universitetlərdə muxtariyyat, sağlam rektor məsələsinə diqqət etmək lazımdır.

Millət vəkili Tahir Mirkişili isə bu fikirdədir ki, mütəxəssislərin müəllimi, rektoru ilə yox, hansı universiteti bitirdiyi ilə maraqlanırıq. Harvard Universitetini bitirdiyini söyləyən kadrın müəlliminin kim olması heç kimi düşündürmür.Universitet informasiya yox, bilik verməlidir

Müzakirələrin sonunda universitetlərin bundan sonrakı fəaliyyəti ilə bağlı təkliflər səsləndirilib. Ədalət Muradov bildirib ki, kadr hazırlığı əmək bazarının tələbi əsasında həyata keçirilməməlidir: “Əmək bazarının tələbi ilə kadrların yenidən hazırlanması həyata keçirilə bilər. Bilik və informasiyanı bir-birindən ayıra bilirik və bizim universitetlərdə tələbələrə çatdırdığımız daha çox informasiyadır. Ona görə də müəllimlərimizə də, elə özümə də bir sual verirəm ki, tələbə auditoriyaya niyə gəlməlidir. Tələbə informasiyanı universitetə gəlmədən, müəllimsiz də əldə edə bilər. Universitet informasiya yox, bilik verməlidir”.

Fariz İsmayılzadənin fikrincə, universitetlər 3 istiqamətdə dəyişə bilər: “Birincisi, açıq onlayn kurslar təşkil olunmalı, ikincisi, sənaye və tədqiqatla birgə işləməlidir. Hazırda universitetlər qapalı müəssisələrdir. İnnovasiyalar, ixtiralar üçün açıq platformaya çevrilməlidir. Üçüncüsü isə pedaqoji üsullar dəyişməlidir. Birtərəfli qaydada informasiyanın ötürülməsi deyil, interaktiv, qrup şəklində işləmək, kommunikasiya bacarıqları inkişaf etdirilməlidir”.

Ruhiyyə DAŞSALAHLI

*

Təhsil TV: “ Təməl”

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay