A

Təhsil Nazirliyi 

Təhsil Nazirliyi hesabat verərək hədəflərini açıqladı

Təhsil Nazirliyi 2017-ci ildə gördüyü işlərə dair hesabat verib. Artıq 3-cü ildir ki, təşkil edilən hesabat tədbirində sadəcə görülən işlərdən deyil, nəzərdə tutulan planlardan da danışılıb.

2017-ci ildə görülən işlərlə bağlı Təhsil İnstitutunun direktor əvəzi, Təhsil Nazirliyinin şöbə müdiri Emin Əmrullayev məlumat verib. O, təhsildə inkişafı ayrı-ayrı istiqamətlər üzrə təhlil edib. 3 parametr - təhsilin əhatəliliyi, təhsilin keyfiyyət göstəriciləri və bərabər imkanlar  üzrə təhlil aparan şöbə müdiri bütün istiqamətlərdə müsbət dinamikanın müşahidə olunduğunu bildirib.

Təhsilin əhatəliliyi

Məktəbəqədər hazırlıq təhsilin gələcəyini müəyyən edən faktorlardan biridir. Bir neçə il əvvəl bu sahədə başqa ölkələrdən çox geridə qalan Azərbaycanda sıçrayış xarakterli inkişaf dinamikası müşahidə olunub. Bu inkişafdan nəinki Azərbaycanda, o cümlədən beynəlxalq tədbirlərdə  maraqlı təcrübə olaraq bəhs edilib.

Birinci sinfə cəlb olunmada əhatəlilik də son 5-6 ildə yaxşılaşıb. E.Əmrullayevin sözlərinə görə, indiyədək ölkəmizdə uşaqların məktəbə tez başlamaları ictimai mübahisə doğursa da, əslində, məktəbə gec getmək problem yaradır.

O, təqdimatında məktəbə gec və ya tez gedənlərin təhsil göstəricilərinə diqqət yetirib. Belə ki, 2004-cü ildə məktəbə qəbul edilən I sinif şagirdlərinin nəticələrinin təhlili aparılıb. Dövlət İmtahan Mərkəzindən (DİM) əldə edilən rəqəmlərin müqayisəli təhlili nəticəsində məlum olub ki, məktəbə gec başlayan uşaqların cəmi 33 faizi məktəbi müvəffəq qiymətlərlə bitirə bilib. Qalanlarının isə buraxılış imtahanlarında ən azı 1 fəndən “2” qiymət aldığı müəyyən edilib. Məktəbə bir il gecikən uşaqlarda müvəffəqiyyət göstəricisi 51 faiz təşkil edib. Bu göstərici məktəbə vaxtında gələn uşaqlarda 59 faiz, məktəbə 3-4 ay tez gələn uşaqlarda isə 65 faiz təşkil edib.

Rəqəmlərdən o da görünür ki, ölkəmizdə uşağın məktəbə başlamasında gecikmələr azalıb. Məsələn, 2012-ci ildə 6 yaşdan yuxarı uşaqların məktəbə gec getməsi halları 12 faiz təşkil edirdisə, 2017-ci ildə bu rəqəm 6 faiz olub. Elektron qaydada həyata keçirilən qəbul isə valideynlərə işin vaxtında planlaşdırılmasına imkan verib. Nəticədə bu layihə əvvəlcə Bakı şəhərində həyata keçirilirdisə, artıq coğrafiyası genişləndirilib.

Kiçik məktəblər hamıya oxumaq imkanı verir

Azərbaycanda kiçik məktəblərin sayı çoxdur. 4500-ə qədər məktəbin yarıdan çoxunda şagird sayı 200 nəfərdən az, 1500 məktəbdə şagird isə 100 nəfərdən azdır. Qısa müddət ərzində az vəsait xərcləməklə yerlərdə kiçik məktəblərin quraşdırılması təhsilin daha da əlçatan olmasına xidmət edir.

Son dövrlərdə ictimaiyyət arasında ən çox müzakirə olunan məsələlərdən biri də şagirdlərin müxtəlif maraq və meyillərinin nəzərə alınmasıdır. E.Əmrullayev bildirib ki, X-XI siniflərdə 17 fənn tədris olunur. Ancaq təmayülləşmə nəticəsində şagirdlərin meyil və maraqların nəzərə alınmaqla, yəni fənlərin sayı azaldılmaqla dərslərin təşkili mümkün olur. 2017-2018-ci dərs ilində 27 mindən artıq şagird özünün maraq dairəsinə uyğun siniflərə cəlb olunub: “Biz bunun nəticələrini bu il keçirilən qəbul imtahanları yekunlaşdıqdan sonra ölçə biləcəyik. İnanırıq ki, şagird maraq göstərdiyi fənlərə daha çox saat ayırırsa, nəticələri aşağı olmamalıdır”.

İstedadlı uşaqlarla iş sahəsində də böyük nailiyyətlər qazanılıb. Xüsusən, son 5 ildə ciddi islahatlar aparılıb. E.Əmrullayevin fikrincə, bu sahədə işin ən uğurlu nümunəsi Respublika Fənn Olimpiadalarıdır. Təkcə onu demək kifayətdir ki, olimpiadalarda iştirakçı sayı 2014-cü illə müqayisədə 5 dəfə artıb.

Peşə-ixtisas təhsili sahəsində həm əlçatanlıq, həm əhatəlilik baxımından müsbət dinamika müşahidə olunur. Bu da özlüyündə IX və XI sinfi bitirənlərin  hər hansı ixtisas əldə edərək bazara çıxmasını təmin edəcək.

Ali təhsillə əhatəlilik səviyyəsinin BMT-nin insan inkişafı indeksində nəzərə alınan faktorlardan olduğunu bildirən E.Əmrullayev deyib ki, müstəqillik dövründə ən çox tələbə məhz son 5 ilin payına düşüb.

Təhsilin keyfiyyəti

E.Əmrullayev təhsilin keyfiyyət dəyişikliyini təsdiq edən faktları sadalayarkən ölçülə bilən, rəqəmlərlə ifadə oluna bilən göstəricilərə əsaslanıb: “PIRLS qiymətləndirilməsində dünyanın 60-a yaxın təhsil sistemi iştirak edir. IV sinfi bitirən şagirdlərin oxu bacarıqlarını ölçən bu qiymətləndirmənin mahiyyəti ondan ibarətdir ki, ölkələr özünü müqayisə edə bilsin. 2011, 2016-cı illərdə olmaqla, artıq 2 dəfə bu qiymətləndirmədə iştirak etmişik. Ölkəmizin bu qiymətləndirməyə üçüncü dəfə 2021-ci ildə də qatılacağı təsdiqlənib”.

İştirak etdiyimiz və artıq nəticəsi bəlli olan iki qiymətləndirmənin müqayisəsi göstərib ki, aşağı  nəticə göstərənlərin payı 10 faiz azalıb, yüksək və mükəmməl nəticə göstərən şagirdlərin orta səviyyəsi 2 dəfə artıb: “Ümumilikdə, 18 faiz şagirdin yüksək və mükəmməl nəticə göstərməsi kifayət qədər müsbət tendensiyadır”.

Təhsilin keyfiyyəti ilə bağlı növbəti indikator beynəlxalq olimpiadalardır. Müxtəlif beynəlxalq olimpiadalara qatılan azərbaycanlı şagirdlər oradan əliboş qayıtmayıblar. 2013-2017-ci illər ərzində dünya fənn olimpiadalarında göstəricilərimiz davamlı olaraq artıb. Keçən il uzun fasilədən sonra ilk dəfə olaraq azərbaycanlı şagird qızıl medal da əldə edib: “Son 5 il ərzində qazanılan 109 medal müstəqillik əldə edilən dövrdə qazanılan medalların üçdə biridir”.

E.Əmrullayev bildirib ki, 2017-ci ildə ali məktəbə qəbul imtahanında orta bal 2012-ci ilə nisbətən 62 bal artaraq 177-dən 239-a yüksəlib. O əlavə edib ki, 2017-ci ilin qəbul imtahanlarında cari ilin məzunlarının 44 faizi 200 baldan az toplayıb. Ancaq bu göstərici əvvəlki illərdə məzun olmuş abituriyentlərdə 65 faiz olub: "Lakin 200-dən yuxarı bal toplayanların çəkisinin illər üzrə dinamikasına baxdıqda bu faizin əhəmiyyətli dərəcədə artdığını görmək olar. Əvvəl 35 faiz idisə, hazırda 51 faizdir və biz 16 faizlik dəyişiklikdən danışırıq. Sevindirici haldır ki, hər il qəbul imtahanlarında 600-dən çox bal toplayanların sayı artır".

Şagird-müəllim nisbətindən söz açan şöbə müdirinin sözlərinə görə, 2013-2014-cü ildə hər 8.5 şagirdə 1 müəllim düşürdüsə, hazırda 10.5 şagirdə 1 müəllim dərs deyir. Bu da effektivliyin və səmərəliliyin 25 faiz artması deməkdir.

Müəllimlik yüksək rəqabətli peşəyə çevrilib

2014-cü ildən etibarən 134 min müəllim diaqnostik qiymətləndirmədən keçirilib və saat yükü 1.5 dəfə artırılmaqla əməkhaqqı 2 dəfə qalxıb: “Nəzərə alsaq ki, hər 1 faiz 1500 müəllim deməkdir, 3.5 faiz müəllim 900 manatdan yuxarı, 10 faiz müəllim 700-900 manat, 27 faiz 500-700 manat və nəhayət, qalanları 300-500 manat əməkhaqqı alır”.

Şöbə müdiri müəllimlərin dərs yükündə olan fərqlərə də toxunub: “2013-cü ildə müəllimlərin 27 faizə qədərinin dərs yükü 12 saatdan az olub. Hazırda dərs saatı 18 saat olsa da, dərs yükü 12-17 saat olan müəllimlərin sayı 37 faizdən 30 faizə enib”.

Dərs yükü az olan müəllimlərin sayının çox olmasını ölkədə kiçik məktəblərin çoxluğu ilə izah edən E.Əmrullayev bildirib ki, şagird sayı az olan məktəblərdə çalışan fənn müəllimlərinin dərs yükü siniflərin sayına, əməkhaqqı isə dərs yükünə uyğun formalaşır.

“Müəllimlərin işə qəbulu imtahanlarında 2014-cü ildə 18 min nəfər iştirak edərək müəllim olmaq istəyini bildirmişdi. Bu da sirr deyil ki, müraciət edənlərin 14 mini minimal balı toplamırdı. İldən-ilə artan müraciətlərin nəticəsidir ki, müəllimlik yüksək rəqabətli peşəyə çevrilib”, - deyən şöbə müdirinin fikrincə, müəllimliyə abituriyentlərin də marağı artıb. Belə ki, 2014-cü ildə 500-dən yuxarı bal toplayan 674 nəfər müəllimliyə müraciət etmişdi və bunların əksəriyyəti dil müəllimləri idi. 2017-ci ildə isə 1370 nəfər 500-dən artıq bal toplayan abituriyent müəllimlik ixtisasını seçib.

Bərabər imkanlar

“PIRLS 2016”-nın nəticələrinə görə, Azərbaycanda qızlar daha yaxşı oxuyur və ya oxuduğunu daha yaxşı anlayır. E.Əmrullayevin sözlərinə görə, Portuqaliyadan savayı bütün ölkələrdə sözügedən nəticələr oxşardır. Yalnız Portuqaliyada oğlanlarla qızların nəticəsi eynidir: “Ümumiyyətlə, önəmli olan nəticələr arasındakı fərq deyil, 2011-ci ildən 2016-cı ilə qədər olan müddətdə aradakı fərqin dəyişməməsidir. Yəni, Azərbaycanda gender aspektində əsaslı dəyişiklik baş verməyib”.

E.Əmrullayevin fikrincə, regionlarla şəhərin müqayisəsi də fərqin azaldığını göstərir. IX sinif buraxılış imtahanlarının nəticələrindən görünür ki, 3-4 ildə aradakı fərq əhəmiyyətli dərəcədə azalıb. Bu, regionlarda da təhsilin keyfiyyətində müsbət dinamika olduğunu göstərir.

Əhəmiyyətli dəyişikliklərlə dolu 5 il

Daha sonra çıxış edən təhsil naziri Ceyhun Bayramov xatırladıb ki, təhsilin inkişafı üzrə Dövlət Strategiyasının təsdiq olunmasından 5 il ötür. Təhsil islahatları üçün 5 il elə böyük müddət olmasa da, baş verən dəyişikliklərin ilkin təzahürlərini müşahidə etmək, hansısa tendensiyaları təhlil etmək baxımından kifayət qədər uğurlu bir müddətdir. Təhsil naziri bildirib ki, hesabatda əksini tapan rəqəmlərə görə, 5 ildə təhsilin keyfiyyəti, əlçatanlığı və bərabər imkanların mövcudluğu baxımından bir çox istiqamətdə əhəmiyyətli dəyişiklik müşahidə olunur. Üstəlik, təqdim olunan hesabat təhsil sisteminə daxil olmayan, kənar qurumların apardığı qiymətləndirmələrə əsaslanıb. Dövlət İmtahan Mərkəzinin, o cümlədən beynəlxalq qiymətləndirmə təşkilatlarının nəticələrinə istinad edilib.

C.Bayramov təhsil işçilərinin qarşısında duran həlli vacib məsələlərə toxunub. Yeni hədəflərdən danışarkən hər insanın inkişafında erkən yaş dövrünün əhəmiyyətini qabardıb. Bunu nəzərə alaraq, Təhsil Nazirliyinin 2020-ci ilədək məktəbəhazırlıq siniflərinin əhatəliliyini 90 faizə çatdırmağı planlaşdırdığını vurğulayıb. Bununla paralel keyfiyyət göstəricilərinə də diqqət ediləcək. Onun sözlərinə görə, Təhsil İnstitutunun UNİCEF-lə birgə layihəsi çərçivəsində məktəbəqədər təhsilin keyfiyyət standartları hazırlanıb.

Təhsil naziri hesab edir ki, çox vacib göstəricilərdən biri beynəlxalq qiymətləndirmədə iştirakdır: “Bəzi beynəlxalq qiymətləndirmələrdə mövqeyimiz o qədər də uğurlu görünməyə bilər. Ancaq məhdud sayda dövlətlərin iştirak etdiyi həmin qiymətləndirmələrdə iştirak cəsarət tələb edir. Hesab edirik ki, göstəricilərimizin arzularımızı əks etdirməməsi bizim orada iştirakdan imtina etməyimizə əsas ola bilməz. Çünki burada göstəricilər yox, nəticələrin təhlili önəmlidir. Hədəfimiz odur ki, beynəlxalq qiymətləndirmədə iştirak edək və hər dəfə öz nəticələrimizi yaxşılaşdıraq”.

Yeni imtahan modeli

“Təhsil sistemi üçün fundamental dəyişikliklərdən biri də buraxılış və qəbul imtahanı modeli olacaq”, - deyən nazir bu modelin üstünlüklərindən danışıb: “Birinci əsas üstünlük məktəbin buraxılış imtahanının nəticələrinin ali təhsil müəssisələrinə qəbulda nəzərə alınacağıdır. Hesab edirik ki, məktəb qiymətləndirməsi baxımından bu, çox əhəmiyyətlidir. İkinci dəyişiklik ondan ibarətdir ki, mütləq biliklərin ölçülməsi ilə kifayətlənməyəcək, eyni zamanda, oxuyub anlama, məntiqi və riyazi təfəkkür, xarici dildə dinləyib anlamaq, həyati bacarıqlar da ölçüləcək. Yeni imtahan modelində yüksək qiymətləndirdiyimiz bir məqam isə ondan ibarətdir ki, şərti “ikinci hissə” olaraq fərqləndirdiyimiz, indiyədək “qəbul imtahanları”adlandırdığımız imtahanlarda fənlərin sayı 5-dən 3-ə enəcək. Bu, ölçülən fənləri daha dərindən öyrənmək, şagirdlərin ixtisas spesifikasına uyğun hazırlaşmaları üçün əlavə imkandır”.

Dəyişən təhsil qanunu və yeni hədəflər

Nazir “Təhsil haqqında” qanuna edilən dəyişikliklərdən də danışıb. Bildirib ki, dəyişikliklər şərti olaraq iki qrupa bölünür. Texniki xarakterli dəyişikliklər uyğunluğun əldə edilməsi baxımından önəmlidir. Bir sıra normativ hüquqi aktlarda qəbul edilən dəyişikliklərlə təhsil haqqında qanun arasında uyğunluğun təmin edilməsi məqsədi daşıyır. İkinci qrupa aid edilən dəyişikliklər isə fundamental məzmun dəyişikliyini özündə ehtiva edir.

C.Bayramov bu fikirdədir ki, təhsil sisteminin məqsədi sadəcə rəqəmlərlə ölçülə bilməz: “Təhsil Nazirliyi olaraq hesab edirik ki, fəaliyyətimizdə prioritet şagirdlərdə vətənpərvərlik, milli-mənəvi dəyərlər, fəal vətəndaş mövqeyi, şagirdlərin yaradıcılıq və idman sahəsində istedadının aşkara çıxarılması və inkişaf etdirilməsi, onların sağlamlığıdır. Qiymətləndirmə və dərs yükü məsələləri də bizim üçün önəmli məsələlərdir. Bunları nəzərə alıb özümüz üçün konkret və spesifik hədəflər müəyyən etmişik. Həm məktəblərin, həm də təhsili yerli idarəetmə orqanlarının fəaliyyətində bu prioritetlər öz əksini tapacaq”.

Məktəbdaxili qiymətləndirmə istiqamətində də təhlillər başlayıb. Görünən odur ki, yaxın aylar ərzində məktəbdaxili qiymətləndirmə yüngülləşdiriləcək. Nazirin sözlərinə görə, yeni qaydalar 2018-2019-cu tədris ilindən elan ediləcək.

Peşə təhsili sahəsində də qarşıya qoyulan hədəflərdən danışan nazir deyib ki, tədris olunan ixtisaslarla bağlı yeni kurikulumların, zamanın tələbinə uyğun məzmunun formalaşması yaxın illər ərzində başa çatmalıdır: “Peşə təhsili sahəsində də müəllimlərin diaqnostik qiymətləndirməsinə və yeni əməkhaqqı sisteminin tətbiqinə artıq başlanılıb. Yeni nəsil peşə təhsil müəssisələri şəbəkəsinin əhəmiyyətli şəkildə genişlənməsinin şahidi olacağıq”.

Nazir ali təhsildə, o cümlədən pedaqoji təhsildə inkişafa nail olmaq üçün ciddi tədbirlər olacağını da vurğulayıb.

Elm təhsilin inkişafına arxalanmalıdır

Tədbirdə çıxış edən AMEA prezidenti Akif Əlizadə Təhsil Nazirliyinin hesabatını yüksək qiymətləndirərək, son 5 il ərzində təhsil sahəsində həyata keçirilən islahatların artıq  bəhrə verdiyini vurğulayıb.

“Elm təhsilin inkişafına arxalanmalıdır” , - deyən AMEA prezidenti peşə təhsili sahəsində həyata keçirilən islahatlara toxunaraq bildirib ki, bu sahənin inkişafı, “Peşə təhsili haqqında” qanunun qəbulu alimlər üçün çox önəmlidir.

Təhsil Nazirliyinin alimlərlə birgə işinin iftixar hissi yaratdığını vurğulayan A.Əlizadə təhsil nazirinə bu dəstəyinə görə minnətdarlığını bildirib.

Cəmiyyətin təhsilə olan münasibəti dəyişməlidir

Sonda çıxış edən Baş nazirin müavini Əli Əhmədov Azərbaycanda özəl məktəblər şəbəkəsinin artırılmasının vacibliyini qeyd edib. Onun fikrincə, məhz bununla yuxarı təhsil pillələrində əlçatanlılığın artırılması mümkün olar: “Təhsil universal sahədir. Təhsil sahəsinin inkişafını yalnız təhsil qurumlarından gözləmək olmaz. Cəmiyyətin təhsilə olan münasibəti dəyişməlidir”.

Dövlətin təhsilə olan diqqət və qayğısını artırmasına ehtiyac olduğunu deyən Ə.Əhmədov bildirib ki, Azərbaycanda orta təhsil əlçatanlılıq baxımından təmin edilib. Yuxarı təhsil səviyyələrinin də əlçatanlılığının artırılmasına ehtiyac var. O qeyd edib ki, ölkədə universitetlərə sərbəstliyin verilməsi sahəsində cəsarətli addımlar atılmalıdır.

Ə.Əhmədovun sözlərinə görə, son illər Azərbaycanda təhsil islahatları dərinləşməkdə davam edir və bu istiqamətdə görülən işlər öz bəhrəsini verir: "Azərbaycanda dərin islahatlar həyata keçirilir - iqtisadiyyatdan tutmuş digər sahələrə kimi. Biz həyatımızı islahatlardan kənarda təsəvvür etmirik. Təhsil sferası da islahatlar məfhumundan kənarda qala bilməz. İqtisadiyyatla, təhsillə bağlı hədəflərimiz tamamilə aydındır".

Baş nazirin müavini əlavə edib ki, təhsilin inkişafı Azərbaycan cəmiyyətinin mədəni səviyyəsinin, iqtisadiyyatının daha yuxarı pilləyə qalxmasına, dövlətin qüdrətinin artmasına gətirib çıxarmalıdır.

Ruhiyyə DAŞSALAHLI

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR