UNEC-in Mühəndislik fakültəsinin “Mühəndislik və tətbiqi elmlər” kafedrasının “Qida mühəndisliyi” və “Maşın mühəndisliyi” ixtisaslarının müəllimləri – dos. Mehriban Məhərrəmova, dos. Könül Rəhimova, dos. Nurlana Kərimova və fakültə tələbələrinin iştirakı ilə Akademik Zərifə Əliyeva adına liseydə şagirdlərlə görüş keçirilib.
Görüş zamanı şagirdlərə UNEC-in tarixi, universitetdə mövcud ixtisaslar, tədris prosesinin tam elektronlaşdırılması, tələbələrin qiymətləndirilməsi və davamiyyətin elektron jurnal vasitəsilə aparılması, eləcə də imtahanların elektron platforma üzərindən təşkili barədə ətraflı məlumat verilib. Bununla yanaşı, UNEC-in QS, THE və Webometrics kimi beynəlxalq reytinq sistemlərində ölkə universitetləri arasında ön sıralarda qərarlaşması və mövqeyini ildən-ilə yaxşılaşdırması diqqətə çatdırılıb.
Şagirdlərə həmçinin SABAH qrupları, Universitet Daxili İkili Diplom (UDİD) proqramı, beynəlxalq mübadilə imkanları, TOP-15 layihəsi, yüksək bal toplayan abituriyentlər üçün əlavə təqaüd imkanları, tələbə təşkilatları, Elektron kitabxana, Yaradıcılıq mərkəzi, İdman klubu, Biznes mərkəzi, startap və innovasiya imkanları barədə geniş məlumat təqdim olunub.
Daha sonra Mühəndislik fakültəsində tədris olunan “Sənaye mühəndisliyi”, “Materiallar mühəndisliyi”, “Maşın mühəndisliyi”, “Ekologiya mühəndisliyi”, “Elektrik və elektronika mühəndisliyi” və “Qida mühəndisliyi” (o cümlədən Türkiyənin Ege Universiteti ilə ikili diplom proqramı) ixtisasları, onların üstünlükləri və karyera perspektivləri haqqında ətraflı məlumat verilib.
Çıxışlarda qeyd olunub ki, tədris prosesi yalnız nəzəri biliklərlə məhdudlaşmır; müasir laboratoriyalarda keçirilən praktiki dərslər, layihə əsaslı tədris (PBL) yanaşması və real layihələr üzərində komanda işi tələbələrin peşəkar bacarıqlarının inkişafına xidmət edir. Eyni zamanda proqram çərçivəsində texniki fənlərlə yanaşı, proqramlaşdırma, dizayn, dil bilikləri və işgüzar ünsiyyət bacarıqlarını inkişaf etdirən fənlər də tədris olunur ki, bu da tələbələrə problemlərə fənlərarası yanaşma formalaşdırmağa imkan yaradır.
Təcrübə dövrlərində tələbələrin praktik bilik və bacarıqlarını inkişaf etdirmələri, məzun olduqdan sonra isə sənaye və kənd təsərrüfatının müxtəlif sahələrində uğurlu karyera qurmaq imkanları xüsusi vurğulanıb. Həmçinin mühəndislik ixtisaslarının müasir dünyada strateji əhəmiyyəti qeyd edilərək, bu sahənin texnoloji tərəqqi, rəqəmsallaşma və dayanıqlı inkişafdakı rolu diqqətə çatdırılıb.
Sonda şagirdlərə məlumatlandırıcı bukletlər paylanıb və onların sualları cavablandırılıb.