“UNEC istedadları” layihəsi yeni tədris ilindən universitetin xüsusi istedadı və bacarığı ilə seçilən tələbələrinin “aynası” olmağa davam edir. Yeni tədris ilində layihənin ilk qəhrəmanı UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin magistri Kənan Rzazadədir.
Kənan Rzazadə 1992-ci ildə Lənkəranda anadan olub. Orta məktəbdə təhsil aldığı dövrdə şahmatla intensiv məşğul olan Kənan daha sonra intellektual yarışlara qatılıb. Onun üzv olduğu “Tusi” komandası seçmə mərhələlərində şəhər məktəblərinə qalib gəlib. Daha sonra isə cənub regionu üzrə çempionatda 1-ci yeri əldə edərək “Xəmsə” intellektual yarışının ilk respublika birinciliyinə vəsiqə qazanıb və respublika ikinciliyinə layiq görülüb.
K.Rzadə 2010-cu ildə qəbul imtahanlarında 631 bal toplayaraq Qafqaz universitetində (indiki Bakı Mühəndislik Universiteti) beynəlxalq iqtisadi əlaqələr (ingilis dilində) ixtisası üzrə bakalavr təhsili alıb. 2015-2016-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2016-cı ildə UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinə daxil olan Kənan hazırda burada maliyyə ixtisası üzrə magistr təhsili alır, eyni zamanda yerli holdinqdə maliyyəçi-analitik kimi fəaliyyət göstərir.
İncəsənətin bir çox növlərinə maraq göstərən Kənan bir zamanlar poeziya həvəskarı olub və onun şeirləri müxtəlif dərgilərdə çap edilib. O, tələbəlik illərində skripkada da gözəl musiqilər ifa edərək, bu sahədə də uğurlu olub. Lakin zamanla Kənanın həyatında rənglər daha əhəmiyyətli yer tutmağa başlayıb. Onun fikrincə, hərflərlə ifadə oluna bilməyənlar kətan və not dəftəri vasitəsi ilə də çatdırıla bilər. Son 5 ildir ki, Kənan rəsmlə məşğul olur. Bu gün onun 100-dən artıq tematik qrafika, multidetal konseptual skeçlər və akvaqrafika xətləri üslubunda əsəri var. Kənan gələcəkdə maliyyə ixtisası ilə yanaşı, rəsm sahəsində də bilik və bacarıqlarını inkişaf etdirməyi düşünür.
Kənan Rzazadənin əl işlərini onun facebook və instagram hesabından izləyə bilərsiniz.