“Prezident təqaüdçülərini tanıyaq” layihəsinin növbəti müsahibi Beynəlxalq İqtisadiyyat Məktəbinin (lSE) “Maliyyə” ixtisası üzrə tələbəsi, Prezident təqaüdçüsü Əsmər Həsənlidir.
Əsmər Həsənli təəssüratlarını UNEC News-la bölüşüb.
“Prezident təqaüdçüsü olmağım barədə xəbəri eşidəndə çox sevindim və xəbəri ilk olaraq, anamla bölüşdüm. Təhsilimdəki uğurlarıma görə ona borcluyam. Həm özümün, həm də mənə inanan ailəmin və yaxınlarımın ümidlərini doğrultduğum üçün qürurluyam. Uğurumda payı və əziyyəti olan müəllimlərimə, hər zaman məni dəstəkləyən ailəmə, dostlarıma öz təşəkkürümü bildirirəm.
UNEC-i seçməyimdə ətrafımdakıların, xüsusilə riyaziyyat müəllimimin müsbət rəyləri mühüm rol oynadı və deyim ki, UNEC-lə bağlı bütün gözləntilərim özünü doğrultdu. Dərslərə başladığım ilk gündən etibarən, müəllimlərin və mentorların bizə göstərdiyi dəstək universitet həyatına daha tez adaptasiya olmağımıza kömək oldu.
Dərslərin ingilis dilində keçirilməsi, müəllimlərin hər bir tələbəni dərsi mənimsəməyə cəlb etmək üçün göstərdikləri səylər bizi daha çox motivasiya edir.
Bundan əlavə, universitetin kitabxanası mənim üçün həqiqətən bir xəzinədir. Materialların bolluğu, tələbələr üçün ayrılmış müasir texnoloji avadanlıqlar və kompüterlər, kitabxandakı nizam çox xoşuma gəlir. Kitabxana dərslərə hazırlaşmaq, araşdırma aparmaq və yeni biliklər qazanmaq üçün ideal mühitdir. Bizi universitetin imtahan sistemi ilə də tanış etdilər. Şəffaf və obyektiv imtahan prosesi tələbələr üçün yaradılan ən yaxşı şəraitlərdən biridir.
UNEC-də tələbələr üçün yaradılmış bütün imkanlardan tam istifadə etməyə çalışıram. Əminəm ki, qazandığım bilik, təcrübə və dostluqlar həyatımın hər sahəsində mənə dəstək olacaq”.