×

Warning

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder Failed deleting index.html


A

AZƏRBAYCAN  MÜƏLLİMİ 

Oktyabrın 3-4 tarixlərində Bakıda Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Rusiyanın Sankt-Peterburq Dövlət İqtisad Universiteti arasında əməkdaşlıq çərçivəsində "Yaşıl iqtisadiyyat: elm, təhsil və innovasiya" mövzusunda I Beynəlxalq elmi konfrans keçiriləcək.  
 
“Azərbaycan müəllimi” xəbər verir ki, Azərbaycan və Rusiya ilə yanaşı Çin, Almaniya, Türkiyə, Belarus, Qazaxıstan, Özbəkistan və digər ölkələrdən olan mütəxəssislər iştirak edəcəklər.  
 
Beynəlxalq konfrans barədə fikirlərini qəzetimizə bölüşən Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, iqtisad elmləri doktoru Zahid Məmmədov qeyd edir ki, tədbirin məqsədi yaşıl iqtisadiyyatda təhsil və elmi innovasiyaların  rolunu təşviq etməkdir. “Azərbaycan Dövlət İqtisad Universiteti və Sankt-Peterburq Dövlət İqtisad Universiteti (UNECON)  arasında mövcud olan əməkdaşlıq müqaviləsinin icrasını təmin etmək məqsədi ilə bir neçə dəfə elmi tədbirlər təşkil olunub və nəticələr yüksək qiymətləndirilib. 2024-2026-cı illər üçün Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqamətlərinin inkişafı haqqında  Fəaliyyət planı (Yol Xəritəsi) 6.10. “Gələcək əməkdaşlıq imkanlarının genişləndirilməsi, o cümlədən təhsil və elm sahəsində universitetlərarası əməkdaşlıq layihələrinin həyata keçirilməsi” tədbirlərini əhatə edir. 
 
Zahid Məmmədov əlavə edib ki, ölkə başçısının müvafiq sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, dayanıqlı enerji mənbələrindən səmərəli istifadə təmin etməyi və enerji səmərəliliyinə nail olmağı hədəfləyir. Bundan əlavə, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib və bu sərəncəmın icrası ilə bağlı Azərbaycan Dövlət İqtisad Universitetində də “Yaşıl UNEC” ili elan olunub. Həmçinin “Yaşıl UNEC loqosu” da “Yaşıl UNEC İli”nin rəmzi kimi qəbul edilib.   
 
Azərbaycan Respublikası elm və təhsil nazirinin 17 aprel 2024-cü il tarixli Əmri ilə təsdiq edilmiş Tədbirlər Planının icrasını təmin etmək məqsədilə UNEC-də COP29-un müxtəlif aspektlərini və onun qlobal iqlim gündəliyinə uyğunluğunu araşdırmaq üçün elmi-tədqiqatçıların, professor-müəllim heyətinin, tələbələrin və qonaq məruzəçilərin iştirakı ilə elmi tədbir və panel müzakirələrin təşkili və ekspertlər tərəfindən mühazirələrin keçirilməsi nəzərdə tutulur. Bununla yanaşı, bu gün ali təhsil sistemi qarşısında ekoloji mədəniyyətin formalaşması, ekoloji təhsilin yenilənməsi kimi ekoloji dəyərlərə sadiq müasir vətəndaşın formalaşdırılması  ciddi bir vəzifə kimi durur. 
 
Bu baxımdan “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində UNEC-də keçiriləcək “Yaşıl iqtisadiyyat: elm, təhsil, texnologiya və innovasiya”  beynəlxalq konfrans da professor-müəllim heyətinin, təhsilalanların elmi-tədqiqatların aparılmasına, eyni zamanda cəmiyyətin ekoloji maarifləndirmə səviyyəsinin yüksəldilməsinə və ekoloji mədəniyyətin inkişafına xidmət edir.   
 
Z.Məmmədov qeyd edir ki, tədbirin hədəfi professor-müəllim heyətinin, tədqiqatçıların və ekspertlərin yaşıl  iqtisadiyyat mövzusunda bilik potensialının və məlumatlılığının artırılması, konfrans iştirakçıları tərəfindən bu sahədə ən son yeniliklərin, tendensiyaların və problemlərin müzakirəsi, yaşıl iqtisadiyyat sahəsində təcrübə və tədqiqat nəticələrinin mübadiləsidir.  
 
Konfransın elmi istiqamətləri və müzakirə olunacaq mövzular geniş əhatəlidir:  
 
1. Davamlı iqtisadi inkişafın aktual problemləri və Azərbaycanın yaşıl iqtisadiyyata keçidi; 2.Yaşıl iqtisadiyyat: dünyada inkişaf perspektivləri; 3. Yaşıl maliyyə, marketinq və təchizat zənciri; 4. Yaşıl inkişaf və yaşıl kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi; 5.Azərbaycanda iqlim dəyişikliyi və onun ölkənin ərzaq təhlükəsizliyinə təsiri; 6.Yaşıl enerji və yaşıl sənaye; 7. Dairəvi iqtisadiyyatın inkişafı; 8. Yaşıl iqtisadi dəyişiklik üçün eko-innovasiya; 9. Yaşıl əmək bazarı və məşğulluq; 10. Yaşıl dizayn və arxitektura. 
 
Z.Məmmədov ümid etdiyini bildirib ki, beynəlxalq tədbir yaşıl iqtisadiyyat sektorunda ixtisaslaşan elmi və praktiki mütəxəssislər üçün akademik mühit, fikir mübadiləsi və müzakirə platforması kimi qəbul ediləcək və 2024-cü ilin əsas akademik hadisələrindən biri olacaqdır. Qeyd edək ki, tədbirin informasiya tərəfdaşı "Azərbaycan müəllimi" qəzetidir. 
 
ORUC  MUSTAFAYEV 

TOP XƏBƏRLƏR