Məlum olduğu kimi, oktyabrın 3-4 tarixlərində Azərbaycan Dövlət İqtisad Universiteti, Rusiyanın Sankt-Peterburq Dövlət İqtisadiyyat Universiteti, UNEC Avrasiya İqtisadiyyatı Beynəlxalq Elmi-Tədqiqat Mərkəzinin və “Müasir İqtisadiyyatın Problemləri” elmi nəşr redaksiyasının birgə təşkilatçılığı, “Azərbaycan müəllimi” qəzetinin media tərəfdaşlığı ilə “Yaşıl iqtisadiyyat: elm, təhsil və innovasiya” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.
Ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili”nə və COP29-a həsr olunan beynəlxalq konfrans çərçivəsində iqtisad elmləri doktoru, professor Z.F.Məmmədov, iqtisad elmləri doktoru, professor A.G.Bezdudnaya, iqtisad elmləri doktoru, professor G.L.Bağıyevanın elmi rəhbərliyi ilə “Yaşıl iqtisadiyyat: elm, təhsil və innovasiya” adlı monoqrafiya artıq Sankt-Peterburq Dövlət İqtisad Universitetinin nəşriyyatında çap olunub.
Monoqrafiya “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində UNEC-də keçiriləcək beynəlxalq konfransa professor-müəllim heyəti və təhsilalanları “Yaşıl iqtisadiyyat” mövzusunda elmi-tədqiqatların aparılmasına təşviq edəcək, eyni zamanda cəmiyyətin ekoloji maarifləndirmə səviyyəsinin yüksəldilməsinə və ekoloji mədəniyyətin inkişafına dəstək olacaq.
Monoqrafiyanın nəşri 2024-2026-cı illər üçün Azərbaycan—Rusiya əməkdaşlığının əsas istiqamətlərinin inkişafı haqqında Fəaliyyət planı (Yol Xəritəsi) 6.10. “Gələcək əməkdaşlıq imkanlarının genişləndirilməsi, o cümlədən təhsil və elm sahəsində universitetlərarası əməkdaşlıq layihələrinin həyata keçirilməsi tədbirlərinin icrası çərçivəsində təmin olunub. Elmi nəşrdə yaşıl iqtisadiyyat paradiqmasının formalaşması və inkişafı istiqamətləri, tullantısız, tsiklik iqtisadiyyat, yaşıl inkişafa əsaslanan iqtisadiyyat, bioiqtisadiyyat, aşağı karbonlu iqtisadiyyat, ekosistem və dayanıqlı iqtisadiyyat kimi bir-biri ilə sıx əlaqəli anlayışlar təhlil edilir. Bu anlayışların formalaşma tarixi, mahiyyəti və məzmunu tədqiq edilmiş, həmçinin Azərbaycan və xarici ölkələrin prioritet sektorlarında yaşıl iqtisadiyyat prinsiplərinin tətbiqi təcrübəsinin təhlili aparılıb.
Tədqiqatın nəticələri davamlı inkişafın qlobal və milli problemləri kontekstində yaşıl iqtisadiyyat prinsiplərinin tətbiqi perspektivlərini əsaslandırmaq üçün istifadə edilə bilər.
"Yaşıl iqtisadiyyat: elm, təhsil və innovasiya" beynəlxalq elmi-praktik konfransına həsr olunmuş monoqrafiyada Azərbaycan və Rusiya alimlərinin çoxqütblü dünya nizamına keçid şəraitində bazar iqtisadiyyatının maraqlı tərəflərinin qarşılıqlı əlaqəsinə diqqət yetirilir.
Elmi nəşr “İqtisadiyyat” , “Maliyyə və kredit” ixtisasları üzrə təhsil alan tələbələr, qanunvericilik sahəsində çalışanlar, eləcə də tədqiqatçılar, müəllimlər, sahibkarlar, maliyyəçilər, eləcə də bu sahə ilə maraqlanan hər kəsin istifadəsi üçün nəzərdə tutulub.