A

"Azərbaycan" qəzeti

Azərbaycan Dövlət İqtisad Universiteti - UNEC bu gün 95 illik tarixi ilə ölkənin təhsil, elmi-intellektual həyatında dəyərli bir səhifə olaraq dayanır. Bu şərəfli yol zəngin və maraqlı keçmiş, milli dəyərlər və daim yenilənən strateji baxışla formalaşmışdır. UNEC-in keçdiyi yol təkcə bir təhsil müəssisəsinin deyil, bütövlükdə Azərbaycanın ali təhsil sisteminin inkişaf tarixinin mühüm tərkib hissəsidir.

Ümummilli Lider Heydər Əliyevin UNEC-ə olan xüsusi münasibəti bu universitetin inkişafında əsas dönüş nöqtələrindən olmuşdur. Onun 13 iyun 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin 70 illik yubileyinə həsr olunmuş təntənəli tarixi çıxışı və söylədiyi fikirlər bu gün də UNEC-in idarəetməsində əsas istiqamətverici prinsip kimi yaşamaqdadır: "Mən bu salona baxıram. Mən o illərdə də belə salonlar görmüşəm. Amma burada kimi görürəm, hamısı azərbaycanlı, hamısı bizim millət. Mən bununla fəxr edirəm. Fəxr edirəm ki, bizim milli ali təhsilimiz var. İndi bizim yetişən gənc milli kadrlarımız var. Azərbaycan elminə böyük töhfələr vermiş və xidmətlər göstərmiş qocaman professorlarımız var. Mən bununla fəxr edirəm. Bu, böyük nemətdir. Gəlin, bundan sonra bu neməti əlimizdə möhkəm saxlayaq".

Ulu Öndərin həmin çıxışında UNEC-in gələcəyi ilə bağlı verdiyi tövsiyələr universitetimizin uzunmüddətli inkişaf strategiyasıdır: "İqtisadiyyat haqqında danışdıq. Sizin vəzifələriniz haqqında danışdıq.  İndi yeni-yeni əsərlər yazın və ən əsası, bizim gəncləri, gənc nəsli müasir bazar iqtisadiyyatı tələblərinə uyğun olaraq, müasir dünya maliyyə sisteminin tələblərinə uyğun olaraq təhsilləndirin.

İndi ən hörmətli ixtisas iqtisadçıdır. Çünki bünövrə iqtisadiyyatdır. İqtisadiyyatı irəliyə aparmaq üçün, dünyanın mürəkkəb maliyyə sisteminə, iqtisadi sisteminə qoşulmaq üçün bizə müasir, hazırlıqlı, xarici dilləri bilən, dünya təcrübəsini mənimsəmiş gənclər lazımdır. Bu isə sizin qarşınızda duran əsas vəzifədir. Ümidvar olduğumu bildirmək istəyirəm ki, siz bu vəzifəni şərəflə yerinə yetirəcəksiniz".

Prezident İlham Əliyevin ali təhsilə göstərdiyi diqqət və qayğısı, Birinci vitse-prezident Mehriban Əliyevanın təhsilə verdiyi önəm UNEC-in sürətlı transformasiyasına zəmin yaratmışdır. 

"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda Prezident İlham Əliyev əsas istiqamətləri müəyyən edərək qeyd etmişdir ki, sürətlə modernləşən Azərbaycan Respublikasında təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi istiqamətində yeni addımların atılmasına ehtiyac vardır və təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün onun idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması zəruridir.

Həmin strategiyada Prezident İlham Əliyev Azərbaycan Respublikasında keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında aparıcı mövqe tutan, səriştəli müəllim və təhsil menecerlərinə, qabaqcıl texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması üçün səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılması, təhsil sahəsində insan resurslarının müasirləşdirilməsi, təhsildə nəticələrə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılması, müasir tələblərə uyğun və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılması, iqtisadi cəhətdən dayanıqlı və dünyanın aparıcı təhsil sistemlərinin standartları ilə eyni səviyyəyə uyğun təhsil sisteminin maliyyələşdirilməsi modelinin qurulması, təhsil müəssisələrində nəticəyönlü və şəffaf idarəetmə modelinin, təhsilin keyfiyyətinin təminatı və idarə olunması üzrə yeni məlumat və hesabat sistemlərinin yaradılmasını, təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyaları əsaslı təlim metodologiyasına uyğun infrastrukturun yaradılması, inklüziv təhsil və inkişafa xüsusi diqqət ayırmışdır. 

UNEC-in yeni tədris korpusunun rəsmi açılışında Birinci vitse-prezident  Mehriban xanım Əliyevanın  iştirak etməsi, ümumi tədris şəraiti ilə tanış olması və yeni kampusun məzmununu yüksək qiymətləndirməsi, UNEC haqqında söylədiyi əsas fikir - universitetdə yaradılan müasir, innovativ və cəlbedici təhsil mühiti sayəsində "lap yenidən tələbə olmaq istəyir" - UNEC-in brend dəyərini vurğulayır.

Yuxarıda qeyd edilmiş tapşırıq və tövsiyələr əsasında qəbul edilmiş "UNEC-100" strategiyası universitetin yüzilliyə doğru strateji hədəflərini müəyyən edən yol xəritəsi olmaqla, UNEC bu sənədlə təkcə daxili idarəetməsini deyil, beynəlxalq təhsil xidmətləri bazarında yüksəlmək üçün əsas inkişaf istiqamətlərini də müəyyən etdi.

UNEC - yeni brend, brendləşmiş universitet

UNEC brendi, təkcə bir ali təhsil müəssisəsinin adı deyil, eyni zamanda ölkədə iqtisadi təfəkkürün formalaşmasına xidmət edən, beynəlxalq akademik məkanla inteqrasiyanı hədəfləyən və milli təhsil dəyərlərini daşıyan bir simvoldur. 

UNEC-in əsası 1930-cu ildə Azərbaycan Sənaye İnstitutu kimi qoyulmuş, 1934-cü ildə isə Müstəqil Azərbaycan Xalq Komissarları Sovetinin qərarı ilə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutu adını almışdır. Müxtəlif mərhələlərdən keçərək 2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universiteti adını alan bu ali məktəb, 2016-cı ildən etibarən beynəlxalq tanınma məqsədilə "UNEC" brendi ilə təqdim olunmağa başlamışdır.

UNEC, həm milli kökləri qoruyaraq, həm də qlobal təhsil bazarında tanınaraq, iki sferada eyni anda mövcudluğunu təmin edir, onun beynəlxalq layihələrə, əməkdaşlıqlara və akademik mübadilələrə açıq olduğunu göstərir. UNEC brendi Azərbaycanda iqtisad sahəsində peşəkar kadr hazırlığının sinoniminə çevrilmişdir. Bu marka altında məzun olan tələbələr ölkədə və xaricdə nüfuzlu mövqelər tutur, bu isə brendin reputasiyasını gücləndirir. UNEC-in son illərdə apardığı rəqəmsal transformasiya, onlayn təhsil platformalarının tətbiqi, süni intellektlə bağlı təşəbbüsləri və "Smart University" konsepti onun brendini gələcəyin universiteti kimi təqdim edir.

UNEC-də təhsil Azərbaycan, rus, türk və ingilis dillərində aparılır. Bu, həm ölkədaxili, həm də xaricdən olan tələbələr üçün əlverişli şərait yaradır və brendin çoxmədəniyyətli obrazını möhkəmləndirir. UNEC-in sosial layihələrdə, dəyərlərin təbliğində və vətənpərvərlik istiqamətli təşəbbüslərdə fəallığı onun brendini yalnız təhsil sahəsi ilə deyil, ümumilikdə milli inkişaf və ictimai dəyərlərlə əlaqələndirir.

UNEC brendi artıq sadəcə bir ali təhsil ocağının adı deyil. Bu ad altında Azərbaycan gənclərinin iqtisadi düşüncəsi formalaşır, elm və innovasiya inteqrasiyası baş verir, milli-mənəvi dəyərlərlə müasir yanaşmalar sintez olunur. UNEC brendi həm ölkə daxilində, həm də beynəlxalq təhsil məkanında etibarlı, güclü və gələcəyə yönəlmiş bir simvoldur. Bu brend, Azərbaycanın təhsil potensialının yeni mərhələyə qədəm qoyduğunu təcəssüm etdirir.

UNEC bu gün sadəcə bir universitet adı deyil, beynəlxalq mühitə açıq, rəqəmsal cəmiyyətin çağırışlarına cavab verən dinamik, çevik və strateji düşünən bir ali təhsil qurumudur. Onun gücü - təhsildə keyfiyyət, elmdə innovasiya, ictimaiyyətdə etimad və gələcəyə yönəlik strateji baxış ilə ölçülür.

Rəqəmsal universitet modeli

Universitetin yeni təşəbbüslərindən biri olan UNECExtern platforması distant təhsilin keyfiyyətini və əlçatanlığını yeni mərhələyə daşıyaraq zaman və məkan məhdudiyyətlərini aradan qaldırmışdır. 

UNEC "EduMan - Tədrisin vahid elektron idarəetmə sistemi"ni qurmuşdur. EduMan sistemində bütün müəllim, əməkdaş və tələbələrin elektron bazası və tələbələrin fənn üzrə qrupları yaradılmış, dərs cədvəlləri, tədris planları, tədris materialları, cari və aralıq qiymətləndirmə nəticələri, apellyasiya müraciətləri, sənəd qəbulu və təqaüdlərin hesablanması kimi proseslər elektronlaşdırılmışdır.

EduMan sistemində "Test imtahanlarının təşkili modulu, qəbul prosesinin şəffaflığını və sənədlərin elektron qaydada qəbulunun avtomatlaşdırılmasını təmin edən "Əlavə təhsil elektron idarəetmə modulu", "İkinci ali təhsil elektron idarəetmə modulu", "Əcnəbilərin qəbulunun elektron idarəetmə modulu", universitetin professor-müəllim heyətinin fəaliyyətinin nəticələrinə əsaslanan differensial əməkhaqqı sisteminin tətbiqi ilə əlaqədar müəllimlərin reytinqi müəyyən edilir, habelə tələbə və tədrisin bütün parametrləri üzrə məlumat bazasını əhatə edən modullar tətbiq edilir.

Tələbə heyətinin hərəkətləri, elektron apellyasiya, ÜOMG-nin hesablanması və təqaüd, yay məktəbi, eləcə də imtahanlarla bağlı əlavə hesabatların yaradılması, sistemdən transkriptlərin əldə edilməsi, elektron imtahan sistemindən sualların tələbə şəxsi kabinetlərinə göndərilməsi, dərs vəsaitlərinin müəllimin şəxsi kabinetindən tələbələr tərəfindən oxuna bilməsi imkanı, sərbəst işlərin kabinetlər vasitəsilə təqdim edilməsi və elektron jurnalda qiymətləndirilməsi, ixtisas fənləri yazılı imtahanların keçirilməsi prosesinin elektronlaşdırılması modulu, fərdi tədris planlarının (FTP) elektronlaşdırılması kimi sistemə yeni funksional modullar əlavə edilmişdir.

EduMan sistemi içərisində təklif olunan xidmətlərdən biri də "Bir pəncərə" moduludur. Bu modul vasitəsilə tələbələr vahid mərkəzə müraciət edərək təhsil haqqında arayışları, transkriptləri, eləcə də digər sənədləri qısa müddətdə əldə edə bilirlər. "Bir pəncərə" vasitəsilə tələbələr şəxsi elektron kabinetlərindən günün 24 saatı sistemə müraciət edə bilərlər.

Distant (məsafədən) təhsilalma forması üçün vacib elementlərdən biri olan müəllim-müəllim, tələbə-müəllim, tələbə-tələbə və tələbə-inzibati heyət arasında virtual kommunikasiyanın təmin edilməsi məqsədilə EduMan sistemində "Kommunikasiya modulu" istifadəyə verilmişdir. 

Beyond Labz, Parxi Las (İngiltərə), VRLab Academy (Almaniya), Phet, The OpenScience Laboratory, Ilab, NOVA Labs, Labster, Labbuddy, Labxchange kimi şirkətlərlə əməkdaşlıq əsasından UNEC-də texniki və texnoloji ixtisaslar üzrə yeni tədris standartları əsasında virtual laboratoriya bazası yaradılmışdır. Bununla yanaşı, fizikanın bütün bölmələri üzrə virtual laboratoriyalar alınmışdır.

Zoom platforması EduMan platforması ilə inteqrasiya edilmiş, dərslər üçün onlayn qoşulmanın təmin edilməsi zamanı auditoriya və zoom hesabının əlaqələndirilməsi, onlayn və hibrid dərslər zamanı tələbələrin dərslərdə iştirak qeydiyyatının avtomatik olaraq elektron jurnallarda əks olunması təmin edilmişdir. Video dərslərin avtomatik olaraq tələbə kabinetlərinə göndərilməsi imkanı da inteqrasiya edilmişdir. UNEC-də ilk rəqəmsal dərslik hazırlanmışdır. 

İxtisas fənləri üzrə imtahanlar "elektron yazılı imtahan modulundan" istifadə etməklə birbaşa elektron sistem üzərindən aparılır. Tələbələr imtahan səhifəsinə daxil olaraq yüklənmiş suallar əsasında sistem tərəfindən şərtlərə uyğun avtomatik formalaşmış imtahan bileti ilə tanış olaraq, hər bir imtahan sualına birbaşa kompüter vasitəsilə sistemdə cavab yaza, zərurət yarandığı halda isə sualın cavabını kağıza qeyd edərək masada quraşdırılmış xüsusi scan aparatı vasitəsilə scan edərək sistemə əlavə edə bilir. İstifadəyə verilmiş modul kağız əsaslı xidmətin elektronlaşdırılmasını və cavabların qiymətləndirilməsi zamanı obyektivliyin artırılmasını təmin edir.

Tələbələrin fərdi tədris planlarının tərtib edilməsinin avtomatlaşdırılması məqsədilə Fərdi Tədris Planı (FTP), Tədris Yükü və Yay Semestri modulları istifadəyə verilmişdir.

Modulun hazırlanmasında əsas məqsəd tələbənin təhsil aldığı ixtisasın tədris planına uyğun olaraq fənn seçimi etməsi, Fərdi Tədris Planını (FTP) tərtib etməsi və bu plan əsasında tədris yükünün sistem tərəfindən avtomatik formalaşdırılmasının təmin olunmasıdır:

* Tələbələrin tədris ili ərzində təhsil almaq istədikləri fənlərin elektron qaydada seçilməsi;

* Yay semestrində təhsil almaq istədikləri fənlərin qeydiyyatı;

* Tədris yükünün avtomatik formalaşdırılması;

* Təkrar imtahan sessiyasında iştirak üçün fənlərin seçimi;

* Seçilmiş fənlər əsasında maliyyə öhdəliklərinin və müqavilələrin avtomatlaşdırılmış şəkildə hazırlanması.

Tələbə mərkəzli təhsilə keçid

Tədrisin daha müasir və keyfiyyətli təşkil edilməsi üzrə beynəlxalq təcrübədə daha çox istifadə edilən üsullardan olan "Çevrilmiş tədris" (Flipped learning) metodu UNEC-də tətbiq edilir. Ənənəvi tədris modelindən fərqli olaraq, müəllimin dərs vaxtı təqdim etdiyi nəzəri biliklərin tələbələrə öncədən video və digər rəqəmsal materiallar vasitəsilə təqdim olunması, dərs zamanı isə əsasən praktik müzakirə, qrup işi və tətbiqi tapşırıqlara fokuslanma prinsipi əsasında qurulmuş innovativ tədris metodudur. UNEC-də bu metodun tətbiqi tədrisin keyfiyyətinin yüksəldilməsi və tələbələrin fərdi öyrənmə tempinə uyğun inkişafı üçün mühüm addımdır.

Bu yanaşmanın UNEC-də mərhələli tətbiqi, həm tələbələrin, həm də müəllimlərin təhsil prosesinə daha fəal cəlb olunmasına şərait yaradır, tədris zamanı kommunikasiya və əməkdaşlığı gücləndirir, həmçinin tələbələrin kritik düşünmə və problem həll etmə bacarıqlarını inkişaf etdirir.

Layihə Əsaslı Təhsil (Project-Based Learning - PBL) metodu da UNEC-də reallaşdırılan yeni yanaşmalardandır. PBL - tələbələrin real həyatdan götürülmüş problemlər üzərində qrup şəklində işləyərək, müstəqil tədqiqat aparması və praktiki biliklər əldə etməsi prinsipi üzərində qurulan tədris metodudur. Bu metod ənənəvi mühazirə yanaşmasından fərqli olaraq, tələbələrə fənn üzrə nəzəriyyəni praktik vəziyyətlərdə tətbiq etmə imkanı verir, eyni zamanda komanda işini, kritik düşünmə bacarıqlarını və məsuliyyət hissini inkişaf etdirir.

UNEC-də PBL metodunun tətbiqi təhsilin keyfiyyətinin artırılması və tələbələrin praktiki bacarıqlarının gücləndirilməsi istiqamətində atılmış mühüm addımdır. PBL eləcə də, tələbələrin tədqiqatçılıq bacarıqlarının inkişafına, tədris prosesində aktiv iştiraklarına və əmək bazarının tələblərinə uyğun peşəkar biliklərin formalaşmasına xidmət edir.

Elmi fəaliyyətin təşkilinə yeni baxış

UNEC-də AVESİS elmi informasiya idarəetmə sistemi tətbiq edilir. AVESİS (Academic Activity Management System)- akademik fəaliyyətlərin elektron idarə olunması üçün nəzərdə tutulmuş vahid sistemdir. Sistem əsasən, akademik heyətin fərdi profillərinin formalaşdırılması, elmi nəşrlərin inteqrasiyası, süni intellekt alətlərindən istifadənin təşviqi, elmi fəaliyyətin rəqəmsal əsasda stimullaşdırılması və maliyyələşdirilməsi, struktur bölmələr üzrə elmi potensialın təhlili, nüfuzlu platformalarla avtomatik məlumat inteqrasiyası və tədqiqatçılararası əməkdaşlığın genişləndirilməsi məqsədlərinə xidmət edir. Həmçinin burada hesabatlılıq baxımından elmi nəşrlər, layihələr, istinadlar, patentlər, mükafatlar, elmi fəaliyyətlər, tezislər və işçilər müxtəlif kateqoriyalar baxımından təhlil olunur. Bu platforma vasitəsilə universitet əməkdaşlarının elmi, tədris, layihə və inzibati fəaliyyətləri sistemli şəkildə qeyd olunur və mərkəzləşdirilmiş şəkildə arxivləşdirilir.

AVESİS sisteminin əsas məqsədi universitet müəllim və tədqiqatçılarının elmi-pedaqoji fəaliyyətlərini şəffaf və strukturlaşdırılmış formada sənədləşdirmək, illik qiymətləndirmə və hesabatların avtomatlaşdırılmasını təmin etməkdir.

Sistemin tətbiqi aşağıdakı üstünlükləri təqdim edir:

* Elmi məqalələr, layihələr, konfrans çıxışları və tədris fəaliyyəti barədə məlumatların vahid bazada saxlanılması;

* Fəaliyyətə dair statistik hesabatların və akademik portfolionun avtomatik hazırlanması;

* Keyfiyyət təminatı, akkreditasiya və beynəlxalq əməkdaşlıq proseslərində şəffaflıq və izləniləbilənlik;

* Hər bir əməkdaş üçün açıq və yenilənəbilən akademik profilin yaradılması.

Belə bir sistemin universitetimizdə tətbiqi akademik idarəetmənin təkmilləşdirilməsi, şəffaflığın artırılması və beynəlxalq standartlara uyğun fəaliyyətin təmin olunması baxımından məqsədəuyğundur.

Süni intellektin imkanlarından istifadə etməklə elmi fəaliyyətin məhsuldarlığını, sürətini və keyfiyyətini artırmaq, UNEC-də innovativ, rəqəmsal və proqnoz əsaslı elmi mühit formalaşdırmaq istiqamətində işlər davam etdirilir.

Elmi tədqiqatların effektivliyini və keyfiyyətini süni intellekt texnologiyaları vasitəsilə artırmaq, UNEC-də rəqəmsal elmi ekosistem qurmaq, UNEC-i 2030-cu ilədək regionda süni intellekt əsaslı elmi idarəetmənin və innovativ tədqiqat mühitinin lider mərkəzinə çevirmək əsas hədəflərimizdəndir.

Hazırda UNEC-də aşağıdakı elmi jurnallar fəaliyyət göstərir: "The Æournal of Economic Sciences: Theory and Practice", "UNEC Æournal of Engineering and Applied Sciences", "UNEC Tələbə Tədqiqatları jurnalı", "Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Xəbərləri", "UNEC EKSPERT".

UNEC-in ingilis dilində nəşr olunan yeni "UNEC Æournal of Engineering and Applied Sciences" (UNEC ÆEAS) elmi jurnalı Scopus elmi bazasında indeksləşdirilmişdir. 

Bundan əlavə, UNEC-in elmi nəşr sahəsində fəaliyyətini genişləndirmək məqsədilə bu gün 3 yeni jurnalın ilk nömrələri tədqiqatçılara təqdim edilmişdir: UNEC Æournal of Economics and Management Advances, UNEC Journal of Computer Science and Digital Technologies, Dizaynın Aktual Problemləri.

Hazırda universitetdə 48 Tədqiqat Mərkəzi fəaliyyət göstərməkdədir. Həmin mərkəzlərdə 267 nəfər çalışır ki, onlar sırasında 35 ölkədən - Türkiyə, İtaliya, İsrail, Niderland, Qırğızıstan, Almaniya, Banqladeş, Syerra-Leone, Çin, Rusiya, Böyük Britaniya, Avstriya, Polşa, Macarıstan, Fransa, ABŞ, Tayvan, Mərakeş, İrlandiya, İspaniya, Hindistan və digər ölkələrdən olan 131 xarici tədqiqatçı yer almaqdadır.

Bu gün UNEC-in uğurlu işlərindən biri də Kitabxana İnformasiya Mərkəzinin fəaliyyətidir. EBSCO, Emerald; Scopus, Sciencedirect, Web of Science Core Collection bazalarına abunə olunmuşdur. Bu ildən etibarən InCites platforması, Web of Science Research Assistant süni intellekt aləti, ProQuest Dissertations & Theses Global (PQDT) bazalarına abunə olmuşdur. UNEC-də, ümumiyyətlə, 5 milyona yaxın elektron resursa giriş imkanı mövcuddur.

Rəqabətin stimullaşdırılması və bacarıqların formalaşması

Universitet daxilində rəqabətin stimullaşdırılması məqsədilə daxili reytinq sistemləri tətbiq olunur ki, bu da müəllim və kafedralar arasında akademik nailiyyətləri təşviq edir. 

Məzunların peşəkar bacarıqlarının daha geniş və sistemli şəkildə qiymətləndirilməsi məqsədilə Non Akademik Transkript layihəsi icra edilir.

Bu layihə çərçivəsində tələbələr yalnız akademik biliklərə deyil, həmçinin liderlik, komandada işləmək, kommunikasiya və digər sosial bacarıqlara dair ölçmə prosesindən keçirlər. Layihənin əsas məqsədi məzunların iş həyatına daha asan adaptasiyasını təmin etmək və onların şəxsi və peşəkar inkişafını dəstəkləyəcək uyğun non akademik bacarıqlarını sistemli şəkildə sənədləşdirməkdir.

İnnovativ Biznes İnkubatoru UNEC-in sahibkarlıq yönümlü təhsil strategiyasının mühüm elementinə çevrilmişdir. 

UNEC tələbələri ingilis dilini mənimsəyir. İngilis dilinin tədrisində aparılan yeniliklər, UNEC tələbələrinin minimum orta səviyyədə ingilis dilini mənimsəməsinə yönəlmişdir.

Təhsilin inklüzivliyi

UNEC-də inklüziv təhsilin təşviqi və əlilliyi olan tələbələrin təhsil hüquqlarının təmin olunması məqsədilə İnklüziv Təhsil Mərkəzi fəaliyyət göstərir. 

2016-cı ildə UNEC-də 26 nəfər əlilliyi olan tələbə təhsil alırdısa, 2024-cü ildə artaraq 76 nəfər əlilliyi olan və ümumi 240-dan çox həssas kateqoriyadan olanlar təhsil alırlar.

UNEC inklüziv təhsilin inkişafı istiqamətində rəqəmsal mühitin əlçatanlığını artırmaq üçün mühüm addımlar atmışdır. Görmə və eşitmə məhdudiyyətli tələbələrin tədris prosesinə daha fəal inteqrasiyası üçün bir sıra xüsusi texnologiyalar tətbiq olunmuşdur. Bunlara Braille printerləri, ekran oxuyucu proqram təminatları və digər köməkçi vasitələr daxildir. Eyni zamanda UNEC kitabxana resursları görmə məhdudiyyətli tələbələrin ehtiyaclarına uyğunlaşdırılmış və "Audio-kitab" layihəsi çərçivəsində bir neçə fənnin mühazirələri audio formatda hazırlanaraq təqdim edilmişdir. 

Son 10 il ərzində UNEC-də 300-dən artıq müəllim və inzibati heyət üzvü inklüziv tədris və fərdi yanaşma üzrə təşkil olunmuş təlimlərdə iştirak etmişdir. 

UNEC İnklüziv Təhsil Mərkəzinin dəstəyi ilə son 10 il ərzində 200-dən artıq əlilliyi olan tələbə ali təhsilini uğurla başa vurmuşdur.

UNEC-in beynəlmiləlləşməsi

UNEC-in beynəlmiləlləşmə siyasətinin tərkib hissəsi olan ikili diplom proqramları bu gün artıq bir çox xarici universitetlərlə uğurla həyata keçirilir. Bu proqramlar vasitəsilə UNEC tələbəsi paralel olaraq həm UNEC, həm də xarici universitetin diplomunu əldə edir. Əcnəbi tələbələrin sayının artması və tələbə-müəllim mübadilə proqramlarının genişlənməsi universitetin beynəlxalq arenada tanınmasına əhəmiyyətli töhfə verir.

95 illik tarixi ərzində UNEC yalnız iqtisadçı yetişdirməklə kifayətlənməmiş, həm də milli dəyərləri, elmi təfəkkürü və sosial məsuliyyət hissini bir araya gətirən bir universitet modelini formalaşdırmışdır. Bugünkü uğurlarımız keçmişin irsindən, bu günün səylərindən və sabaha olan inamdan doğur.

UNEC artıq 95 ildir ki, Azərbaycanın iqtisadi, intellektual və elmi həyatına töhfə verir. Qarşımızda daha böyük hədəflər var. Yüzilliyə doğru inamla irəliləyirik. Bu inamımızın əsasında dayanan əsas amil isə dəyişməz UNEC dəyərləridir.

UNEC bundan sonra da dəyərlərinə sadiqliyini qoruyub saxlayacaq və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Dövlət İqtisad Universiteti dünya səviyyəli universitetə çevrilməlidir" tapşırığının icrasını təmin etmək üçün bütün gücünü səfərbər edəcək.

Ədalət MURADOV,
UNEC-in rektoru

TOP XƏBƏRLƏR