Ölkənin aparıcı ali təhsil ocaqlarından olan Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) regionda iqtisad elmini dərindən öyrədən fundamental tədris mərkəzi sayılır. Cənubi Qafqaz ölkələrinin ən iri ali təhsil ocaqlarından biri olan UNEC ölkənin yeganə ali iqtisadi təhsil müəssisəsi olaraq yüksək ixtisaslı iqtisadçı kadrların hazırlanmasında müstəsna xidmətlər göstərən və beynəlxalq təhsil bazarında mövqeyini gücləndirən bir ali təhsil müəssisəsidir. Xaricdə filialı olan, 4 dildə təhsil verən UNEC maddi-texniki bazası, təlim-metodik vəsaitlər və bir sıra digər istiqamətlər üzrə bir çox regional universitetlərə örnək ola biləcək ali təhsil mərkəzidir. Yarandığı gündən ölkə iqtisadiyyatının tələblərinə uyğun olaraq ən mühüm ixtisaslar üzrə iqtisadçı kadrların hazırlanması, onların ixtisaslarının artırılması missiyasını öz üzərinə götürən, həm də bu işi şərəflə yerinə yetirən UNEC böyük inkişaf yolu keçib. Bu gün 95 illiyini qeyd edən universitetdə son illərdə çox zəruri, mühüm islahat aparılıb və müsbət nəticələr əldə olunub. Əmək bazarının tələbləri nəzərə alınmaqla qəbul planında dəyişikliklər edilib, ixtisaslar üzrə təhsilin keyfiyyəti artırılıb.
Universitetin maddi-texniki bazası müasir tələblərə uyğunlaşdırılıb, keyfiyyətli təhsil mühiti yaradılıb, elmi-tədqiqatların istiqamətləri genişləndirilib. Ölkədə ilk dəfə rəqəmsal universitet modelinə keçid, tədris prosesinin tamamilə rəqəmsallaşdırılması, müəllimlərin reytinqinin müəyyənləşdirilməsi məhz UNEC-də həyata keçirilib. UNEC-də qiymətləndirmə ilə əlaqədar yeni mərhələyə qədəm qoyulub. Bu mərhələdə əsas məqsəd obyektivliyi, şəffaflığı tam təmin etməkdir. İnformasiya və kommunikasiya texnologiyalarının UNEC-də tətbiqi isə təkcə modern təhsilə keçidi deyil, eyni zamanda, idarəetmə sisteminin şəffaflığını təmin edib. Ölkədə ilk dəfə olaraq məhz UNEC-də 7 gün 24 saat fəaliyyət göstərən, eyni zamanda, zəngin fonda malik, müasir resurslarla təchiz edilən elektron kitabxana yaradılıb.
Azərbaycan Dövlət İqtisad Universiteti artıq dünyanın nüfuzlu universitetləri ilə ayaqlaşmaq mərhələsindədir. UNEC Azərbaycan təhsil sistemində və universitet modelinin tanıtımında ciddi yeniliklərə imza atmaqla kifayətlənməyən, öz missiyasını daha irəli götürmək istəyən bir təhsil brendidir.
Daim beynəlxalq reytinqdə ölkə birincisi olan UNEC bu günlərdə növbəti dəfə beynəlxalq miqyasda mühüm uğura imza atıb. "Round University Rankings 2025" reytinqinə əsasən, UNEC 2022-ci illə müqayisədə dünyada 960-cı yerdən 855-ci yerə yüksəlib. Bu nəticə ilə İqtisad Universiteti ölkə üzrə ikinci yerdədir. UNEC-in topladığı ümumi bal 42631 olmaqla son 3 ildə 12326 bal və yaxud 40 faizə yaxın artıb. Universitetin fəaliyyəti təkcə yüksək ixtisaslı iqtisadçı kadrlar hazırlamaqla məhdudlaşmır. Bu təhsil müəssisəsi həm də peşəkar elmi kadrlar hazırlayan, fundamental elmi tədqiqatlar aparan bir mərkəzə çevrilib. UNEC-də fəaliyyət göstərən 43 Tədqiqat Mərkəzi və onların əldə etdiyi elmi nailiyyətlər bu təhsil müəssisəsinin tədqiqat yönümlü universitetə çevrilməsinə böyük zəmin yaradıb.
UNEC alimlərinin "Web of Science"də çap olunan məqalələrinin sayı son 10 ildə 301 dəfə artıb. Həmin bazada bütün istinadların (özünə istinadlar istisna olmaqla) 92 faizi də məhz son 10 ilin payına düşür. 2015-ci illə müqayisədə 2024-cü ildə UNEC alimlərinin "Scopus"da çap olunan məqalələrinin sayı 277 dəfə, "Scopus"da məqalələrə istinad sayı isə 227 dəfə artıb. Həmin məqalələrin 98 faizi, istinadların 98,5 faizi son 10 ilin payına düşür.
"Web of Science" və "Scopus"da çap olunmuş məqalələrin və istinadların sayının artımına görə UNEC dünyada liderdir. UNEC-də elmi fəaliyyətin təşviq sistemi təkmilləşdirildikdən sonra 2023-cü illə müqayisədə 2024-cü ildə "Scopus"dakı məqalələrin sayı 2 dəfə, "Web of science"dəki sayı 2,5 dəfə artıb.
2024-cü ildə UNEC alimlərinin "Scopus"da çap olunmuş məqalələrinin 81,2 faizi 123 ölkənin, "Web of Science"dəki məqalələrin 91 faizi 108 ölkənin alimləri ilə birgə çap olunub.
UNEC sürətli islahatlar aparılan və inkişaf edən Azərbaycan iqtisadiyyatını lazımi kadrlarla təmin edən əsas mənbədir. Son zamanlar müəllim və tələbələrdə öyrətmək və oxumaq həvəslərinin yeni metodlarla müşayiət olunması, universitetin reytinqinin hər il artması ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir.
UNEC-in nüfuzunun günü-gündən daha da artması bu universiteti seçənlərin sayını ildən-ilə artırır. UNEC də təhsil almaq, bu universitetin tələbəsi olmağı hədəfləyənlərin sayı çoxdur. İldən ilə də bu say artır.
Ədalət Muradovun dediyinə görə, son illərdə UNEC-də bakalavr və magistratura üzrə təhsil alanların sayı xeyli artıb. MBA üzrə təhsil alanların sayında xeyli artım var. MBA proqramı üzrə təhsil almaq istəyən tələbələrin çox faizi UNEC-i seçir: "Bu da çox qürurvericidir".
Bu günlərdə UNEC MBA proqramı Sertifikatlaşdırılmış Maliyyə Analitikləri İnstitutunun (Chartered Financial Analyst - CFA) akkreditasiyasını qazanıb və institut tərəfindən tərəfdaş universitet kimi qəbul edilib. UNEC Biznes Məktəbinin maliyyə, qiymətli kağizlar, risk menecmenti və maliyyə analitikası ixtisaslaşmaları CFA proqramının tələb etdiyi Biliklər Məcmusunu (CBOK) əks etdirdiyi, CFA İnstitutunun Etik Qaydalar və Peşəkar Davranış Standartlarının tələblərinə cavab verdiyi, eləcə də tədris proqramları üzrə magistrantlarını maliyyə və investisiya sahəsində dünyanın ən nüfuzlu sertifikatı olan Sertifikatlaşdırılmış Maliyyə Analitiki kvalifikasiyasına tam hazırlaması CFA İnstitutu tərəfindən təsdiqlənib. CFA İnstitutunun tərəfdaşı olaraq, hər il UNEC-in 4 magistri və 4 müəllimi hər 3 səviyyədə CFA proqramının təqaüdlərini əldə edəcək.
Qeyd edək ki, UNEC-in MBA Proqramı CFA akkreditasiyasından keçən yeganə Azərbaycan universitetidir. CFA Proqramı maliyyə analitikləri, portfel menecerləri, investisiya məsləhətçiləri və dünyada mövcud olan digər investisiya mütəxəssisləri üçün bacarıq və səriştə standartlarını və tələbləri təyin edir. CFA kvalifikasiyası investisiya peşəsinə verilən ən nüfuzlu və etibarlı sertifikat kimi qəbul edilir. İngilis dilində həyata keçirilən CFA tədris proqramı və imtahanlar bütün dünyada eynidir. Proqrama qəbul edilən 5 namizəddən ən çoxu 1 nəfəri proqramı tamamlayaraq, investisiya üzrə peşəkarların "qızıl standart" kimi qəbul edilən CFA tam üzvlüyünü qazanmağa müvəffəq olur. UNEC-də 2023/2024-cü tədris ilindən başlayaraq, ACCA və CFA üzrə I, II və III sertifikatı olan magistrlər müvafiq fənləri dinləməkdən və yekun imtahanlardan azad edilirlər.
UNEC-də təhsilin idarəetməsi sistemi tamamilə rəqəmsallaşdırılıb. Tədrisin təşkilində EDUMAN sistemi tətbiq olunur. Eləcə də 2015-ci ildən sənəd dövriyyəsi kağız daşıyıcılar üzərindən deyil, Elektron Sənəd Dövriyyəsi Sistemi vasitəsilə aparılır. Tədrisin demokratikləşdirilməsi və himanistləşdirilməsi məqsədilə 100 hibrid auditoriya yaradılıb. Tələbələr 53 ixtisas fənni üzrə mühazirə dərslərini istər distant, istərsə ənənəvi formada dinləyə bilərlər. 13 qeyri-ixtisas fənni üzrə isə mühazirələr yalnız distant formada aparılır. Tələbələrin təhsil sənədlərini daha rahat və operativ şəkildə əldə etmələri üçün 2019-cu ildən "Bir Pəncərə Xidməti" fəaliyyətə başlayıb. Bu xidmətin yaradılmasında əsas məqsəd tələbələrə vahid mərkəzə müraciət edərək təhsil haqqında arayışları, transkriptləri, eləcə də digər sənədləri qısa müddətdə əldə etməkdir. Eyni zamanda tələbələrin məmnunluğunu təmin etmək, onların əlavə vaxt itkisinin qarşısını almaq, müraciətlərin idarə olunmasına nəzarəti daha da gücləndirməkdən ibarətdir. "Bir pəncərə" vasitəsilə tələbələr onlara lazım olan təhsil arayışının hazırlanması üçün şəxsi elektron kabinetlərindən günün 24 saatı sistemə müraciət edə bilərlər.
Bir müddət əvvəl UNEC ölkədə ilk dəfə olaraq, ProQuest Dissertations & Theses Global (PQDT) platformasına qoşulub. Platforma vasitəsilə UNEC tədqiqatçıları 3100-dən çox institutda istifadə olunan və 4 milyondan çox tədqiqatçı tərəfindən təhlil edilən 3,6 milyon tammətnli dissertasiyaya çıxış imkanı əldə edərək, yüksək keyfiyyətli akademik resurslarla tanış ola biləcəklər. Bu, tədqiqatçıların öz sahələrindəki ən son inkişafları izləməsini və ən yüksək istinad almış dissertasiyalara asanlıqla çatmasını təmin edəcək.
PQDT-də yerləşdirilən dissertasiyalar, "Web of Science"ın yeni "ProQuest™ Dissertations & Theses Citation Index" indeksinə daxil edilir və müəlliflərin "Web of Science" profilinə əlavə olunur. UNEC-in PQDT platformasına qoşulması, universitetin beynəlxalq akademik əlaqələrini gücləndirmək və tədqiqat sahəsindəki uğurlarını daha da artırmaq məqsədini daşıyır.
Sessiya müddətində, hər həftənin şənbə günü İctimai Nəzarət Şurasının üzvlərinin iştirakı ilə rektorun "Açıq qapı" günləri keçirilir. "Açıq qapı" günlərində imtahan sessiyası ilə bağlı tələbələrin, eləcə də onların valideynlərinin müraciətləri dinlənilir və müvafiq qaydalar çərçivəsində onların həlli ilə bağlı tapşırıqlar verilir. Bəzi məsələlər isə yerindəcə həll olunur. Tələbələrin sərbəst şəkildə problemlərini rektora çatdırmaları, haqlarını müdafiə etmələri universitetdə onlar üçün yaradılan səmimi mühitdən irəli gəlir.
Sessiya dövründə UNEC-in 1846 Qaynar xətti və rəsmi sosial şəbəkələr tərəfindən müraciətlər operativ şəkildə cavablandırılır. Sessiyanın sonuna kimi UNEC-dəki kitabxana və oxu zalları axşam saat 22:00-dək işləyir. Eyni zamanda tələbələr 24/7 kitabxanada fasiləsiz olaraq imtahana hazırlaşa bilirlər. Bundan əlavə, imtahana hazırlaşarkən yaranan sıxlığın aradan qaldırılması üçün bütün tədris binalarında fasiləsiz internetlə təmin edilən xüsusi auditoriyalar ayrılır.
UNEC rektoru, professor Ədalət Muradov deyir ki, bu gün Prezident İlham Əliyevin onun və universitetin qarşısında qoyduğu "Azərbaycan Dövlət İqtisad Universiteti dünya səviyyəli universitetə çevrilməlidir" vəzifəsini şərəflə yerinə yetirməkdədir: "Bu vəzifənin icrası naminə əzmlə çalışan UNEC ailəsinin böyük zəhməti göz önündədir. Qazandığımız uğurlar gənclərə yeni bilik və bacarıqlar qazandıraraq, onların həyatında yeni səhifələr açmaqda davam edir. Atılan hər addım, göstərilən səy, çəkilən zəhmət bizə inanan hər bir gəncin gələcək həyatında uğura aparan yolun təməlini qoyur".
Azərbaycan Dövlət İqtisad Universiteti son illərdə sürətli inkişaf yolu keçərək, yalnız bir iqtisad təmayüllü ali məktəb deyil, həm də müasir universitet modeli kimi formalaşıb. Bu inkişafın əsas memarı isə UNEC rektoru, professor Ədalət Muradovdur. Rektorun rəhbərliyi dövründə UNEC çox böyük inkişaf yolu keçib, mühüm yeniliklərə, uğurlara imza atıb. Demək olar ki, universitet tamamilə yenilənib. Şəffaf idarəetmə sistemi bərpa olunub, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflıq və obyektivlik ön plana çəkilib. UNEC-də rəqəmsal təhsil modelinə keçid, beynəlxalq reytinqlərə daxilolma, ikili diplom proqramları, startap və innovasiya ekosisteminin qurulması və müəllim-tələbə münasibətlərində şəffaflığın artırılması kimi bir sıra mühüm islahatlar həyata keçirilib. UNEC bu gün artıq təkcə təhsil məkanı deyil, araşdırma, innovasiya və əmək bazarına inteqrasiya üçün platforma rolunu oynayır.