A

AZƏRTAC

Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri xarici investisiyaların cəlbi və əlverişli biznes mühitinin yaradılması üçün zəmindir.

Bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Distant, qiyabi və əlavə təhsil mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev AZƏRTAC-a eksklüziv müsahibəsində bildirib.

Ayrı-ayrı sektorlar üzrə strateji yol xəritələrində nəzərdə tutulmuş layihələrin reallaşdırılması nəticəsində Azərbaycanda, ilk növbədə, məhz qeyd olunan xarici investisiyaların ölkəyə cəlbini təşviq edəcək biznes mühitinin əlverişliliyi artacaq. Belə bir biznes mühitinin formalaşdırılması nəinki əlverişli biznes şəraitinə malik ölkələrdə fəaliyyət göstərən xarici investorların ölkəyə gəlməsinə, eyni zamanda, yerli şirkətlərin inkişafına da səbəb olacaq.

Milli iqtisadiyyat perspektivi üzrə və digər 6 əsas, 3 köməkçi sektorlar üzrə yol xəritələri iqtisadi islahatların və inkişafın qısa, orta və uzunmüddətli perspektivdə əsas istiqamətlərini müəyyənləşdirir. Bu sənədlər 2020-ci ilədək strateji baxışdan, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışdan və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışdan ibarətdir. Strateji yol xəritələrində müvafiq dövrlər üçün təkcə strateji məqsəd və hədəflər deyil, eyni zamanda, həmin illər ərzində qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün müəyyənləşdirilmiş prioritetlər və həmin prioritetlər çərçivəsində həyata keçirilməli olan tədbirlər də qeyd edilib.

Ümumilikdə bu sənədlərdə nəzərdə tutulmuş vəzifələrin icrası və tədbirlərin reallaşdırılması qlobal iqtisadiyyatda baş verən hadisələrin Azərbaycan iqtisadiyyatına göstərdiyi mənfi təsirlərin azaldılmasına və iqtisadiyyatın sabitləşdirlməsinə, sonrakı dövrdə iqtisadiyyatın şaxələndirlməsinə və iqtisadiyyatda ixtisaslaşmanın artırılmasına, Azərbaycan iqtisadiyyatına hər ötən dövrdə daha artıq dəyər yarada bilmək imkanlarını bəxş etməklə rəqabət qabiliyyətinin gücləndirilməsinə, ən sonda isə insan inkişafının və həyat səviyyəsinin yüksək həddinə nail olunmasına səbəb olacaq.Bu deyilənlərə nail olmaq üçün milli iqtisadiyyat və iqtisadiyyatın 11 sektoru üzrə strateji yol xəritələrində əks olunmuş strateji müddəaların və prioritetlərin uğurlu reallaşdırılması zəruridir.

TOP XƏBƏRLƏR