A

AZƏRTAC

Rusiya Federasiyasının Kabardin-Balkar Respublikasında Rusiya Fundamental Tədqiqatlar Fondunun maliyyə dəstəyi ilə “Rəqəmsal iqtisadiyyatın formalaşması kontekstində milli iqtisadi sistemlər” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Tədbirdə ölkəmizi Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi fəaliyyətin təşkili və idarəedilməsi departamentinin direktoru, iqtisad elmləri doktoru, professor Zahid Məmmədov təmsil edib.

Zahid Məmmədov konfrans haqqında təəssüratlarını AZƏRTAC-la bölüşüb. O bildirib ki, 30 ölkədən 80 universitetin təmsilçilərinin, tanınmış elm xadimlərinin iştirak etdiyi konfransa 140-dan çox məqalə təqdim olunub.

Konfrans “Rəqəmsal iqtisadiyyat – yeni həyat keyfiyyəti, biznes və ictimai xidmətlər” müzakirə platformasını və “İqtisadiyyatın rəqəmsallaşdırılması formatında dövlət və bələdiyyə inkişafının yeni texnologiyaları”, “Rəqəmsallaşma və texnoloji platformaların yaradılması əsasında iqtisadiyyatın əsas sektorlarının innovativ inkişafı”, “Turizm məkanlarının inkişafı, turizm məkanının rəqəmsallaşdırılması xüsusiyyətləri və perspektivləri”, “Tikinti və mənzil-kommunal təsərrüfatında rəqəmsal texnologiyaların inkişafı” elmi bölmələrini əhatə edib.

Professor Zahid Məmmədov qeyd edib ki, Azərbaycan nümayəndələri konfransda yüksək səviyyədə qəbul olunublar. Tədbiri açan Kabardin-Balkar Dövlət Aqrar Universitetinin rektoru Aslan Apajev konfransın Rəyasət Heyətini təqdim edib. Azərbaycan nümayəndəsi olaraq mən də konfransın rəyasət heyətinə daxil edilmişdim. Bu da Azərbaycana göstərilən etimad idi.

İqtisadçı alim məlumat verib ki, konfransda Rusiya Federasiyası Kabardin-Balkar Respublikasının İqtisadi İnkişaf naziri Boris Rahayev rəqəmsal iqtisadiyyatın dünya təcrübəsindən danışarkən Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı sahəsində həyata keçirilən islahatlardan da geniş bəhs edib.

Tədbirdə rəqəmsal iqtisadiyyatda universitetlərin rolu da geniş müzakirə olunub. “Rəqəmsal iqtisadiyyatın sürətlə inkişaf etdiyi bir dövrdə universitetlər bu iqtisadiyyatı işçi qüvvəsi ilə təmin edə biləcək kadrlar yetişdirmək iqtidarındadırmı?” sualı ətrafında fikir mübadiləsi aparılıb.

Zahid Məmmədov qeyd edib ki, inkişaf etmiş dövlətlərin təcrübəsinə əsasən rəqəmsal iqtisadiyyatın inkişafında universitetlər hərəkətverici qüvvə rolunu oynayır. Yəni rəqəmsal iqtisadiyyatın əsasında duran kadrlar universitetlərdə yetişdirilir və onlar rəqəmsal iqtisadiyyatın formalaşmasında əsas rol oynayırlar. Bu gün Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı sahəsində uğurlu iqtisadi islahatlar həyata keçirilir. Universitetlərimizdə kadr hazırlığı işi elə qurulmalıdır ki, ölkəmizin iqtisadi tələblərinə tam cavab verə bilsin. Bu, təkcə Azərbaycan universitetləri üçün keçərli deyil, bütün dünya universitetləri fəaliyyətlərini bu istiqamətə yönəldiblər. Mənim çıxışım da məhz bu mövzuya həsr olunmuşdu.

“Konfransda əsas məruzəçi qismində “İnnovativ universitetlər və rəqəmsal elm: yeni çağırışlar və imkanlar” mövzusunda çıxış etdim. Məruzəm dinləyicilər tərəfindən böyük maraqla qarşılandı. Fasilələrdə müxtəlif ölkələrin nümayəndələri mənə yaxınlaşıb Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, ölkəmizdə iqtisadi inkişaf haqqında suallar verirdilər. Konfrans ərəfəsində “Rusiya 24″ Kabardin-Balkar telekanalına dəvət olundum, təəssüratlarımı bölüşdüm, distant təhsil haqqında danışdım. Təbii ki, bütün bunlar qururvericidir”, - deyə professor Zahid Məmmədov qeyd edib.

Professor Zahid Məmmədov vurğulayıb ki, Azərbaycanda rəqəmsal iqtisadiyyat sahəsində distant təhsilə xüsusi önəm verilməlidir. Çünki iş adamları Azərbaycana böyük maraq göstərirlər. Bu marağı distant təhsil vasitəsilə təmin etmək mümkündür. Bunun üçün distant kurslar açmaq, ustad dərsləri, videokonfranslar təşkil etmək olar. Azərbaycan Dövlət İqtisad Universitetində bu sahədə ciddi addımlar atılıb və işlər davam etdirilir.

Konfransda rəqəmsal iqtisadiyyat sahəsində yeni çağırışlarla tanış olduq, iştirakçı ölkələrin bu sahədə təcrübələrini bölüşdük. Sevindirici haldır ki, rəqəmsal iqtisadiyyatla bağlı Azərbaycan təcrübəsi böyük maraqla qarşılandı.

“Beynəlxalq konfranslarda iştirak həmişə müsbət nəticələr verir. Azərbaycanlı alimlərin beynəlxalq konfranslarda iştirakı ölkədə aparılan elmi tədqiqatlar, onların uğurlu nəticələri haqqında dünya ictimaiyyətinə məlumat vermək baxımından çox önəmlidir”, - deyə Zahid Məmmədov vurğulayıb.

İqtisadçı alim diqqətə çatdırıb ki, “Rəqəmsal iqtisadiyyat: yeni çağırışlar və imkanlar” mövzusunda növbəti konfrans 2020-ci ilin fevral ayında Azərbaycan Dövlət İqtisad Universitetində keçiriləcək.

TOP XƏBƏRLƏR